Əməkdar artist Aygün Bəylər vəfat edib – YENİLƏNİB
Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.
Bu barədə “Report”a Azərbaycanın Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət tədbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!
Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın Əməkdar artisti Aygün Hümmətovanın (Bəylər) vəfatı barədə xəbərlər yayılıb.
“Report” xəbər verir ki, xanəndənin sənət dostları bununla bağlı paylaşım edərək, Aygün Bəylərin vəfatından təsirləndiklərini ifadə ediblər.
Mədəniyyət Nazirliyindən “Report”a bildirilib ki, onun haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir:
“Hazırda süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək”.
Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.