Niyə hələ də ikinci dərəcəli sayılırıq
Qadın ədəbiyyatı üçün möhtəşəm dövrlər – Bəs niyə bizi hələ də “ikinci dərəcəli” qəbul edirlər?
Kişilər həqiqətən qadınlardan nələrsə öyrənirmi? Tez-tez… Bəs, bunu qəbul edib, ictimai ortamlarda açıq şəkildə bildirirlərmi? Çox nadir hallarda – Bu,günümüzdə də belədir. Gəlin ədəbiyyatdan nümunələrə baxaq. Özümü nə qədər məcbur etsəm də, bir qadın yazarın əsərindən, bu və ya digər şəkildə təsirləndiyini söyləyən hansısa kişi yazarların adını xatırlamaqda çətinlik çəkirəm. İtaliyada yalnız bir ad xatırlaya bilərəm, Leopardın müəllifi Giuseppe Tomasi di Lampedusa Virginia Woolf-u oxuyaraq çox şey öyrəndiyini söyləyib. Bu misalın əksi olan, qadın kolleqalarına xor baxan, onları aşağılayan və ya onların əhəmiyyətsiz, banal hekayələr – evlilik, uşaqlar və ya sevgi macəraları, qısası, ucuz, emosional romanlar yazdığını düşünən bir çox kişi yazıçı tanıyıram. İndi işlər dəyişib bir az – amma çox da yox.
Məsələn, kişi yazıçı özəl və ya ictimai hansısa söhbət zamanı qadın yazıçıların yaxşı olduğunu söyləyəndə soruşmaq istərdim: “Yaxşı” deyəndə sənin qədər “yaxşı”, səndən yaxşı, yoxsa yalnız qadınların yazdığı kitablar kontekstində? Nəyi nəzərdə tutursan? Yəni sıxışdırıldığımız ədəbiyyat sahəsində (hansı ki, bu sıxışdırılmanın tək günahkarı bu sahənin bazarı da deyil) üzə çıxmağı bacarmışıq? Yoxsa, ədəbiyyatı və onun dəyərlərini poza bilmişik?
Kişi yazıçının mənim yazdıqlarımı oxuyub bəyəndiyini söyləməsi dərsini yaxşı öyrənmiş tələbə qıza bəxş edilən səxavətli bir komplimentdi, yoxsa kişi yazarların da qadın yazarlardan öyrənəcək şeylər olduğunu etiraf etməsidi?
Düşünürəm ki, elə bu nöqtədə məsələ qəlizləşir. Mədəni kişilərin çoxu bizim duyğuları hərəkətə gətirmək ustalığımızı tərifləməyə hazırdı (qadınlar ənənəvi olaraq emosiyaları xoş bir şəkildə hərəkətə gətirməkdən daha yaxşı nə edə bilər?). Amma həmin kişilər inqilab edən, minalı ərazilərə girən, siyasi qarşıdurmaları və qəhrəmanca iqtidar mübarizələrini araşdıran ədəbiyyatı yalnız öz sahələri olaraq görür. Əksər insanlar – dünyanı küçə-küçə gəzib söz və işlə mübarizə aparmaq cəsarətini yalnız kişi intellektinə bağlayır. Qadınlarsa eyni düşüncədə yalnız eyvanda oturdulur, gözləri önündən axıb keçən həyatı izləyib, titrək sözlərlə onu təsvir edirlər.
Dünyanın hər guşəsində, hər sahədə aydın düşüncəylə, amansız bir qavrayışla, cəsarətlə, sentimentallığa təslim olmadan yazan bir çox qadın var. Yüksək ədəbi keyfiyyətdə əsərlər yarada bilən qadın zəkası göz qabağındadır. Ancaq klişeləri yox etmək çətindir: biz sentimentalıq, düzdü, başqalarını sevindirmək üçün varıq.
Amma kişilər sözləri və işləri ilə dünyadakı bütün pisliklərin yaxşılıqlara qalib gəlməsini təmin edən böyük yazıçılar və qorxmaz müəllimlərdir.
İllüstrasiya: Andrea Ucini
Müəllif:Elena Ferrante
Çevirdi: Günel Dəniz
Mənbə: Thequardian.com
qadinkimi.com