Zəncanda Səidə Muradi 50 gün həbsdən sonra müvəqqəti azadlığa buraxılıb
Sentyabr ayının 16-da gənc qadın Məhsa Əmininin Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra baş qaldıran ümummilli etirazların ilk günlərində Zəncan vilayətində həbs edilən Səidə Muradi müvəqqəti olaraq sərbəst buraxılıb.
Səidə Muradi Zəncan vilayətinin Əbhər şəhərində keçirilən nümayişlər ilə əlaqədar sentyabr ayının 20-də saxlanılıb və daha sonra Zəncanın Səfərabad həbsxanasına göndərilmişdi. Əbhər şəhəri İranda davam etməkdə olan kütləvi nümayişlərin təşkil olunduğu ilk şəhərlərdən biri olub.
Muradi mülki zəmanət qarşılığında sərbəst buraxılıb. Onun məhkəmə prosesi davam edəcək.
Oktyabrın 1-dən 8-ə qədər Zəncanın Səfərabad həbsxanasında saxlanılan feminist fəal Səfiyə Qarabaği həmin günlərdə Səidə Muradi ilə birlikdə 6 başqa qadının Səfərabad həbsxanasında saxlanıldığını bildirib.
“O yeddi qadından Səmanə Muradinin həbsi davam edir və digərləri sərbəst buraxılıb. Səmanənin də tezliklə sərbəst buraxılmasını və hər yeddi qadının irəli sürülən ittihamlardan bəraət qazanmalarını ümid edirəm,” Səfiyə Qarabaği öz Instagram hesabında yazıb.
Zəncan vilayətinin ədliyyə idarəsi oktyabr ayında vilayətdə aksiyalar ilə əlaqədar 325 nəfər haqqında məhkəmə dosyesi təşkil olunduğunu, təşkil olunan dosyelərin 47 faizinin nəticəyə bağlandığını və 119 nəfərə qarşı ittihamnamə hazırlandığını açıqlamışdı. Ədliyyənin açıqlamasında saxlanılanlar iğtişaşçı olaraq təqdim edilib.