Həyatı sürgünlərdə keçən, piano ifacısı Cahan Talışinskaya
Cahan xanım 1909-cu ildə Lənkəranda Mir Rzaxan Talışinski ilə general Səməd bəy Mehmandarovun bacısı Məryəm Mehmandarovanın ailəsində anadan olub. Balaca olanda bacısının evindəki pianoda ifalar edən Cahan xanım Bakıya gəldikdən sonra musiqi təhsili alır, xalq mahnılarının, Azərbaycan muğamlarının gözəl ifaçısına çevrilir. Cahan xanımın ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz”, həmçinin “Qarabağ şikəstəsi” muğamları özünəməxsusluğu ilə seçilir. Xüsusilə “Qatar” muğamı onun repertuarının şah əsəri olur. Çox vaxt onu Qatar Cahan da çağırırlar.
30-cu illərdə Əfqanıstan şahı Bakıya səfər edərkən onun şərəfinə qonaqlıq verilir. Qonaqlıqda Cahan xanımın ifası şahın xoşuna gəlir və minnətdarlıq əlaməti olaraq şah qızıl saatını ona hədiyyə edir. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günlüyə ondan alırlar. Növbəti gün saatı ona qaytaranda arxasında “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmış olur.
Daha sonra NKVD ona gizli əməkdaşlıq təklif edir ancaq müğənni qəti şəkildə bundan imtina edir. Buna görə onun 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənət ongünlüyündə iştirak etməsinə icazə verilmir. 1940-cı ildə Cahan xanım əməkdar artist adını alsa da, onu 14 yaşlı oğlu ilə birlikdə yalançı donos nəticəsində Qazaxıstana sürgün edirlər. Burada aclıq çəkdikləri üçün Əfqanıstan şahının ona hədiyyə etdiyi saatı satır. 1942-ci ilə dək xalq düşməni kimi burada qalır. Bir yarışmanın laureatı olduqdan sonra Özbəkistana, sonra isə Tiflisə gedə bilir.
Bakıda NKVD təşkilatı Tiflisə məktub göndərir və bu məktubda Cahan xanımın yenidən Orta Asiyaya sürgün edilməsi məsələsini qaldırır. Lakin çoxlu xahişlərdən sonra o vətənə qaytarılır.
1949-cu ildə Cahan Talışinskaya yenidən oğlu ilə Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə – Stalinin ölümündən və M. C. Bağırovun həbsindən sonra Cahan xanımın və onun oğlunun azad olunması barədə qərar qəbul olunur. Bakıya qayıtdıqdan 1 il sonra 1967-ci ildə 58 yaşında pianoda çalıb oxuduğu zaman qəfildən dünyasını dəyişir.