“Əhmədin Nağılı” kukla teatrı tamaşası Təbrizdə səhnəyə çıxarılır
Film, konsert və tamaşa biletləri satışında fəaliyyət göstərən “Tiwal” saytının məlumatına görə, “Əhmədin Nağılı” tamaşası iyun ayının 8-dən etibarən hər axşam saat 7-də Təbrizin Naci Teatrının açıq hava zalında nümayiş etdiriləcək.
Tamaşa rejissor Hüccət Zeynalinin rəhbərliyi ilə səhnə üçün hazırlanıb. “Negahe Azarbayjan” saytının yazdığına görə, tamaşanın eyni zamanda kuklaçısı və müəllifi olan Zeynali onun İran Azərbaycanında söylənən türkcə nağıllar əsasında hazırladığını bildirib.
Tehran Universitetinin kukla teatrı bölümündən məzun olan Hüccət Zeynali deyib ki, “mən bu nağıl və bir çox digər türkcə nağılları uşaqlıq illərimdə nənəmin dilindən dinləmişəm”.
“İndi bu nağılları yeni nəsil uşaqlara da çatdırmaq istəyirəm,” Hüccət Zeynali əlavə edib.
İranda “ritual və ənənəvi tamaşa” sahəsində fəaliyyət göstərən sənətkar illərdir ki, “doğma şəhərində və öz dilində” bir əsəri səhnəyə çıxarmaq istədiyini ifadə edib.
“Bu dəfə öz şəhərimdə və öz dilimdə bir kukla tamaşasını nümayiş etdirməyə qərar verdim,” Zeynali söyləyib.
“Əhmədin Nağılı” kukla teatrı tamaşasının hazırlanmasında Səccad Dəşti rəvayətçi, Fəhimə Əhmədli, Səba Qədimi və Məryəm Dadaşpur kukla düzəldən, Rza Məhəmmədi musiqi sənətçisi və Vüqar Ağayi rəssam olaraq iştirak ediblər.