O dünyadan salam filmi
O dünyadan salam filmi rejissor Tofiq Tağızadə tərəfindən 1991-ci ildə ekranlaşdırılmışdır. Film Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin motivləri əsasında çəkilmişdir. Film görkəmli ədibin, vətəndaşın anadan olmasının 125 illiyinə ithaf edilmişdir. Film ümumbəşəri problemlər qaldırır, insanları ayıq olmağa, yaxşını pisdən, xeyri şərdən, həqiqəti yalandan ayırmağa, həyata açıq gözlə baxmağa çağırır. Film “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məlik Dadaşov, Leyla Bədirbəyli, Səyavuş Aslan, Yılmaz Duru, Mərahim Fərzəlibəyov ifa edirlər.
Kino əsəri cəhalətpərəstliyi, avamlığı, kortəbii fanatizmi, fırıldaqçılığı ifşa edir. Burada söhbət çirkin adamlardan deyil, dövrün çirkin ab-havasından gedir. Filmdə adamların xeyirxahlığı və sadəlövhlüyü ön plana çıxarılmışdır. Sadəlövhlük isə qüsur deyil, təmizlikdir, möcüzəyə inamdır.