Sarı Ətək – kənd qızlarının acı hekayəsi: Zarema yazır
Bir neçə gün idi kənddə hay-küy, dedi-qodu səngimək bilmirdi. Məsmənin qızı Leyla evdən qaçmışdı. Leyla 17 yaşlı qarabuğdayı, qara saçlı, qara gözlü bir qız idi. Yeniyetməliyin izləri onun üzündə xırda sızanaq ləkələri və kiçik çopurlar qoymuşdu. Çox ağıllı gözləri var idi. Mütaliə etməyi çox sevirdi. Beş yaşından yazıb-oxumağa başlamışdı. Bu yaşına kimi dünya klassiklərinin az qala yarıdan çox əsərini oxumuşdu. Leylanın xüsusi mütaliə etmək qabiliyyəti var idi. Mütalıə edərkən həmişə yanında qeyd dəftərçəsi və qələm olardı. Oxuduğu əsərlərdə rast gəldiyi maraqlı fikirləri, terminləri dəftərçəsinə qeyd edirdi. Məktəbdə sonuncu imtahanını da vermişdi. Leylanın evdən qaçmaq məsələsində kənd camaatı 2 qrupa bölünürdü. Birinci qrup ağıllı, intellektual bir qızın evdən qaçmasına inanmayanlar, digər qrup isə Leylanın çox dikbaş olduğunu, kənd mühitinə uyğun davranmadığını və buna görə də müstəqil yaşamaq üçün şəhərə qaçdığını deyənlər idi. Qızının qaçdığı gündən Məsmənin günü qaralmışdı. Hamı onu danlayırdı: “Sən anasan, vaxtında qızına tərbiyə verməli idin”.
“Mən onu 8-ci sinifdən çıxarıb evdə oturtmaq istəyirdim”, – atası acıqlı səslə danışırdı. “Dedim otursun evdə, ev işlərini, təsərrüfatı öyrənsin. Sabah kiminsə qapısına düşəndə üzümüz ağ olsun. Sən, Məsmə, mənə mane oldun. Min bir şirin sözlə sakitləşdirdin. Bilirdim, bilirdim ki, belə olacaq”. “Düz deyirsən, düz deyirsən, ay Rasim, kaş o vaxt sən deyənə qulaq asardım. Atalar düz deyib: “Qızını döyməyən dizini döyər”. Bax, indi gör dizlərimi döyməkdən necə göyərib”, – deyib dizlərini yanında oturan bacısına və baldızına göstərdi Məsmə. Neçə gün idi ki, Məsmənin
dilinə sudan başqa heç nə dəymirdi. Bütün gecəni yuxusuz qalır, gündüzlər də heç bir iş görməyə əli gəlmirdi. Hey ağlayaraq deyinir, dizlərinə çırpırdı.
Leyla ucqar bir dağ kəndində doğulmuşdu. Kənddə nə tibb məntəqəsi, nə poct, nə tam orta məktəb, nə də uşaq bağçası var idi. Məktəbə, uşaq bağçasına, tibb məntəqəsinə bir neçə kilometr uzaqlıqda olan qonşu kəndə gedirdilər. Leylanın balaca bacısı Gövhər 3 yaşında yüksək qızdırmadan dünyasını dəyişmişdi. Körpəni vaxtında qonşu kəndə çatdıra bilməmişdilər. Nə də kənddə ilkin tibbi yardım göstərə bilən, tibbi savadı olan insanlar vardı. O zamandan Leyla oxumaq, həkim olmaq istəmişdi. Amma yaşadığı kənddə qızlar 8-9-cu sinifə kimi təhsil alırdılar. Elə ki, 9-cu sinif bitdi, elçilərini gözləyirdilər. Onların çoxunun seçmək hüququ yox idi. Qıza ər seçmək ata-ananın peşəsi idi. Bu kənddə 19-20 yaşlı qız evdə qalmış, valideyn üçün yük sayılırdı. Bu yaş həddinə çatıb ailə qurmayan qızlara “sarı ətək” geyindirirdilər.
Sarı ətək qarımışlıq rəmzi idi. O ətəyin çox ağır mənəvi yükü var idi. Heç bir ailə qızını bu ətəkdə görmək istəmirdi. Sarı ətək cahillik bataqlığında yaşayan insanlar üçün əxlaqsızlıq, pozğunluq sözləri ilə sinonim idi. Bir neçə il əvvəl Leylagilin kəndində bu ətəyi geyinmək istəməyən, təhsil almaq istəyən bir qız intihar etmişdi. O, kəndin yaxınlığındakı meşəyə gedib iri bir palıd ağacının budağından özünü asmışdı. Axtarışlar bir-neçə gün davam etmiş, heç bir nəticə verməmişdir. Bir müddət sonra kəndin çobanı qoyunları otlağa aparanda palıd ağacında çoxlu qarğa-quzğun, leş yeyən quşlar görüb şübhələnmişdi. Şübhələndiyi yerə yaxınlaşdıqda budaqdan asılmış, quşlar tərəfindən didilmiş cəsəd görmüşdü. Dərhal polisə xəbər vermişdi. Cəsəd müayinə olunmaq üçün göndəriləndən sonra o bəxtsiz qız olduğu məlum oldu. Zaman-zaman bu cür hadisələr baş vermiş, amma yenə də bataqlıq sakinlərinin düşüncələri, beyinləri dəyişməmişdi.
Sanki bu insanların beyinləri nəfəs almır, beyin qırışları illər keçsə də açılmırdı. Qızların məişət robotu kimi istifadə edildiyi cəmiyyətlər Leylaların yaşaması üçün deyildi. Çünki onun ruhu azad idi. Azad ruh, azad düşüncə bu cür bataqlıqda qala bilməzdi. O ruh səmalara uçub arzularının arxasınca getməli idi. O ruh özünü məişətin qulu edə bilməzdi. Leyla azad ruhunu qandallayıb doğulduğu kənddə saxlaya bilmədi. Kənddə istənilən qədər kölə ruhlu qadın vardı. Ən acınacaqlısı isə odur ki, onlar Leyla kimi qızları məzəmmət edir, əxlaqsız adlandırırdılar. Tabulara bağlı olan bir kənddə yaşayan qadın təbii ki, bundan artıq düşünə bilməzdi. Çünki mühit onun beynini oksigenlə yox, bataqlıq palçığı ilə qidalandırırdı.
Hər gün Məsməgilin evinə onlarla adam gəlirdi. Bu adamların içində özünü qəmlənirmiş kimi göstərən, lakin ürəkdən sevinən insanlar da var idi. Ürəyində “yaxşı olub qaçıb, burda qalsaydı bizim də qızlarımızı yoldan edərdi” deyənlər az deyildi. Məsmənin bacısı Gülsüm də çox qınanılırdı. O, Belarusiyanın Minsk şəhərində yaşayırdı. Leylanın təhsil almasına ən çox o kömək göstərirdi. Baldızın bu hərəkəti Leylanın atası Rasimin xoşuna gəlmirdi. Dəfələrlə arvadı Məsməyə: “Bacına de, mənim ailəmə, qızımı necə tərbiyə etməyimə müdaxilə etməsin, qız mənimdir özüm bilərəm, oxutmuram”, – deyərdi. Bir dəfə Rasim və Gülsüm bu məsələ haqqında danışarkən möhkəm dalaşmışdılar. Ondan sonra münasibətləri soyuqlaşdı.
“Bəlkə elə yenə də ona qulaq asıb evdən qaçıb” – başını qaşıya-qaşıya sualedici nəzərlə arvadına dedi. “Yox ay kişi, nə danışırsan? Gülsüm bilir xasiyyətini. Əgər Leyla Gülsümün yanına getmiş olsaydı, bacım məni xəbərdar edərdi ki, nigaran qalmayım”.
Leyla 2 ay əvvəl şəxsiyyət vəsiqəsi üçün şəkil çəkdirməyə gedərkən Sevil adlı ziyalı bir xanımla tanış olmuşdu. Şəkillər hazır olana qədər Leyla vaxtını boş keçirməmək üçün rayon mərkəzindəki qadınlar üçün olan kafeyə getmişdi. O, burada həm çay içir, həm də özü ilə götürdüyü Robendranat Toqorun “Fəlakət” əsərini oxuyurdu. Bu hərəkəti digər masada oturan Sevil xanımın diqqətini cəlb edir. Onlar yavaş-yavaş söhbətə başlayırlar. Məlum olur ki, Sevil xanım bir tədbirdə iştirak etmək üçün Bakıdan gəlib. Təcavüzə məruz qalmış, evdən qaçmış, təhsil almaq istəyən qadınlara dəstək cəmiyyətinin sədridi. Leyla ona kəndləri barədə məlumat verir. Təhsil almaq, işləmək arzusunun arxasınca getmək istədiyini deyir. Sevil xanım ucqar bir kənddə yaşayan qızın fikirlərini çox bəyənir.
Leyla qarşısındakı çaydan bir qurtum içib yenidən kəndləri və kənd camaatı haqqında danışmağa başlayır. Bilirsiz, Sevil xanım, mən 11-ci sinifi güc-bəla ilə başa vurmuşam. Valideynlərim oxumağımı istəmirlər. Onlar məni özümdən 10 yaş böyük bir oğlana ərə vermək istəyirlər. Mən isə bayaq dediyim kimi təhsil almaq istəyirəm. Bu vaxta kimi mübarizə aparmağımda Minskdə yaşayan xalam dəstək olub.
“Bəs indi niyə dəstək olmur”? Sevil xanım Leylanın sözünü kəsib təəccüblə soruşdu. Çünki atam ona ailəmizə müdaxilə etməməyi tapşırıb. İllərdir ki, xalamla küsülüdürlər. Bu 11 ili başa vura bildiyimə görə özüm özümə medal vermək istəyirəm. Çox zülmdən keçmişəm təhsil almaq üçün. Uşaqlıqdan hansı ailəyə gedirdimsə, hamı toydan, ərə getməkdən, qıza cehiz yığmaqdan danışırdı. Kənd toylarında qızların özlərinə oğlanların xoşuna gəlmək üçün necə işgəncələr verdiklərini görəndə özüm-özümdən soruşurdum. Görəsən, mən niyə bu qızlar kimi ola bilmirəm? Bir dəfə bibim qızı toya hazırlaşırdı. Saçını burmaq üçün çox bəsit bir üsuldan istifadə etdi. Həyətdən məftili götürüb onu sobada qızdıraraq saçlarını burdu. Birdən ehtiyatsızlıqdan qaynar məftili boynuna yapışdırdı. Sonra yanıq yeri yaraya çevrildi və bir müddət bundan əziyyət çəkdi. Toy mövsümündə özlərinə belə işgəncələr verən qızlar çox olurdu. Mən onları onlar da məni “qırmızı planetdən” gələn adam kimi görürdü. Düşüncələrimiz, dünyaya baxışlarımız çox fərqli idi. Nə yaşadığım mühit məni qəbul edir, nə də mən yaşadığım mühiti. Mən ruhən özümü Skandinaviya ölkələrinin vətəndaşı hesab edirdim. Oxuduğum kitablar o mühitdən ayırırdı. Ən dəhşətlisi isə odur ki, qadınlar mənə həmişə istehza və kinayə ilə yanaşırlar. Lakin mühitimin bütün neqativlərinə qarşı özümdə pozitiv, heç zaman təslim olmayan dayaq sistemi yaratdım. Həmişə məzəmmət olunmuşam, müqayisə olunmuşam digər qızlarla. Məni mən olduğuma görə valideynlərim qəbul etməyiblər.
Qızım, mən səni olduğun kimi qəbul edəcəm. Bizim cəmiyyətin Bakıda qadınlar üçün sığıncağı var. Orda həm yaşaya, həm də təhsil ala bilərsən. Xüsusi qabiliyyətli qadınlarımız üçün xalçaçılıq, rəssamlıq, toxuculuq kursları var. Qadınlar bu kursları bitirdikdən sonra onlara sənəd verilir. Onlar bu sənəd əsasında istənilən yerdə işə düzələ bilərlər. Bizim cəmiyyətin əsas məqsədi qadını iqtisadi asılılıqdan azad etməkdir. İqtisadi cəhətdən asılı olmayan qadın azad qadın deməkdir. Azad qadın isə özünə güvənən və güclü qadın deməkdir. Biz çalışırıq ki, ölkəmizdə güclü, azad qadınlar çox olsun.
Bir-neçə saniyəlik sükutdan sonra Sevil xanım əlavə etdi. Bizim toplum övladlarını ancaq özləri üçün yetişdirir, cəmiyyət üçün yox. Bax, əsas faciəmiz də budur. Cəmiyyət üçün böyüməyən uşaq, kiçik yaşlarından mütiliyə vərdiş edir. Özünün
sərbəst seçimi yox, öz fikrini söyləmək hüququ yox. Əgər söyləsə, nankor övlad olacaq. İnsanların düşüncə tərzi nə zaman dəyişəcək? Görəsən, hələ bizə neçə yüz il lazım olacaq? Mən sənin yanındayam, qızım. Elə istəyirsən bu saat gedək mənimlə Bakıya.
Beləcə, Sevil xanımın sayəsində Leyla təhsil alır. Bəzən Sevil xanım onu özü ilə xarici ölkələrə səyahətə də aparırdı. Sevil xanım Afrika ölkələrinə səyahət etməyi çox sevirdi. Afrika mədəniyyəti, adət-ənənələri onu çox maraqlandırırdı. Budəfəki səfəri Konqoya idi. O, Leylanı da özü ilə apardı. Leyla ingilis və fransız dillərini də mükəmməl öyrənmişdi. Çox asanlıqla yerli camaatla ünsiyyət qururdu. Bələdçi onları burada yalnız qadınlardan ibarət bir kəndə aparmışdı. Bu qadınlar özləri üçün Afrikan sayağı feminizm qurmuşdular. Onlar istər
yerli, istər əcnəbi olsun, heç bir kişini kəndə ayaq basmağa qoymurdular. Bu kəndin qadınları müxtəlif bəzək əşyaları düzəldib satmaqla dolanırdılar. Kişi peşələri öyrənən, bənnalıq edən, avtobus sürən qadınlar da az deyildi. Vaxtilə bu kəndə Bill Klintonun həyat yoldaşı Hillari Klinton da səfər etmişdi.
Konqo səfəri Leylanın beynində yeni bir ideya doğurdu. Onların kəndinin hər iki tərəfindən çay axırdı. Kəndin sol tərəfindəki sahildə yüz il əvvəl yaşayış mövcud olub. İllər keçdikcə kəndin camaatı artmış və onlar sağ tərəfdəki sahilə köçmüşdülər. Leyla öz kəndlərinə qayıdıb Sevil xanımın və dövlətin dəstəyi ilə köhnə kənd yerində qadın sığınacağı tikmək istəyirdi. Artıq 17 yaşlı Leyla kimi yox, bir qədər yaşa dolmuş, təhsil almış qız kimi. Kəndinin qızlarını “sarı ətək” yükündən xilas etmək onun ən böyük məqsədlərindən idi.
Özü ixtisasca həkim olduğundan qadın sığınacağı da, tibb məntəqəsi də inşa etdirdi. Sığınacaqda qadınlara peşə öyrədilirdi. Tibb bacısı olmaq istəyən qadınlara isə özü təlimlər keçirdi. Konqonun Umoca kəndində olduğu kimi burda da tərk edilmiş yerdə qadınlardan ibarət bir kənd qura bilmişdi.
Sonradan Leyla “Sarı ətəksiz qadınlar” adlı kitab da yazdı.
Zarema Əliyeva
qadinkimi.com