Tanrı kişiyə ol, qadına isə var ol dedi – NİGAR RƏHİMLİ
Son vaxtlar həyatımda qəribə dəyişimlər baş verirdi. Keçmişə baxıb illər əvvəl çıxdığım yola nəzər saldım. Əlbəttə ki, bu məqalə mənim həyat yolum haqqında deyil. Mən sadəcə öz timsalımda qadın haqqında yazmaq istəyirəm. 17 yaşımda qarşıma qoyduğum məqsədə nail olmağıma bəlkə də az qalıb. Bu mənada mən özümü xoşbəxt xanım hesab edə bilərəm. Qazandığım bütün uğurları isə yalnız özümə borcluyam.
Mən 4 il ərzində bəlkə də hər kəsin bacara bilmədiyi uğurları əldə etdim. 17 avqust 2012 ci il … Uğurlarımın başlanğıcı həmin gün idi. Həmin gün mən Psixologiya ixtisasına qəbul olduğumu öyrənmişdim və o gün qarşıma məqsəd qoymuşdum.
Qadın gücü , qadın zəkası hər zaman üstün olub. Amma bunu ailəmə sübut etməli idim. Qız olsam da öz gücümə həyatımı gözəlləşdirə biləcəyimi göstərməli idim. Çünki mən də bir çox qızlar kimi “niyə?” sualına “çünki sən qızsan.” cümləsi ilə cavab almaqdan bezmişdim. Mən hər zaman daha çox görmək, daha çox öyrənmək istəyirdim. Bəzən valideynlərim mənə birbaşa olmasa da dolayısı yolla qadağalar qoyur, mənlə hədəflərim arasına sədd çəkirdilər. Buna görə çox üzülsəm də heç vaxt məqsədimi unutmur və davam edirdim. Onlar mənim istəklərimə qarşı çıxdıqca mən öz arzularıma daha çox bağlanırdım. Bəlkə də hər zaman uğur qazanmaq arzusu uşaqlıqdan bəri içimdə böyüyən qəzəbin biruzə şəkli idi.
Çox sevdiyim bir kitabda yazılmışdı: “…Bütün imkanlarını bir nöqtəyə qoymağa hazır deyilsənsə oyuna girmə. Bu hündür bir tramplindən suya tullanmaq kimidir. Əgər qorxub geri qayıdacaqsansa yaxşısı tramplinə qalxma.”
Artıq sentyabr ayı idi və mən fərqlənməyə başlamışdım. Mən dayanmadan öyrənirdim. Universitetdə keçirilən dərslərlə heç vaxt kifayətlənmirdim. Mən inadkar idim. Mən Bir çoxlarına qeyri mümkün kimi gələn işlərin öhdəsindən gəlirdim. Var gücümlə çalışırdım. Bu məni uğura aparacaqdı.
Mən 1-ci kursda ilk öncə qrup sədri, daha sonra universitetin nəznində yaradılmış sosial şəbəkəkər üzrə iş departamentinin sədri seçildim. 2-ci kursda isə artıq fakültə sədri idim. 19 yaşında universitetin bir işçisi olmaq böyük uğur idi. Təsəvvür edin ki, 19 yaşınız var və siz universitetə ayaq basanda bütün tələbələr, ən siravi işçidən tutmuş rektor müavininə qədər hər kəs sizə salam verir və sizdən yaşca böyük tələbələr belə sizi görəndə ayağa qalxırlar. Siz bəlkə də hər həftə diplom , sertifikat , fəxri fərman və ya təşəkkürnamə alırsız. Bunlar doğrudan da gözəl hisslər idi. Mən artıq 4-cü kurs tələbəsiyəm və ixtisasım üzrə magistraturaya hazırlaşıram. Eyni zamanda bir psixoloji mərkəzin könüllü işçisi, bir sıra təşkilatların fəal üzvüyəm. Əminəm ki, həyatımın sonrakı illərində də uğur qazanmağa davam edəcəm.
Mən bu illər ərzində heç bir işdə heç kimdən kömək istəmədim. Çünki bunu mən özüm bacarmalı idim. Məni zəif bilən tanışlarıma nələrə qadir olduğumu göstərməli idim. Mən uğura gedən bu yolda kimlərdənsə kömək istəyə bilərdim. Amma bu mənim uğurum olmazdı. Bunu mən özüm bacarmalı idim.
Qadın olmaq çox çətin və gözəldir. Bəlkə də elə çətin olduğu üçün gözəldir. Əslində hər bir insan öz həyatını hansısa bir qadına borcludur. Çünki bu həyatda hər kəs bir ananın övladıdır.
Qadın ana deməkdir, qadın qayğı deməkdir, qadın sevgi deməkdir… Təəssüf ki, dövrümüzdə bəzən qadınlara qarşı bəzi haqsızlıqların şahidi oluruq. Ailələrdə qadınların hüquqları pozulur, azadlıqları əllərindən alınır. Bunun kökü isə savadsızlığa gedir. Savadlı qadın hər yerdə öz hüquqlarını qorumağı bacarır.
Tanrı kişiyə ol, qadına isə var ol dedi… Bu deyimin gerçəkliyə nə dərəcə uyğun olduğunu bilməsəm də qadının dinimizdə nə qədər müqəddəs sayıldığını bilirəm. Peyğəmbərimiz dəfələrlə qız övladlarının dəyərindən söz açaraq söyləmişdir ki, “övladlarınız arasında fərq qoymayın əgər fərq qoymaq lazım gəlsəydi mən qızları üstün tutardım”.
Bəli, biz bu gün qız övladı evə gələrkən ayağa qalxan bir peyğəmbərin təbliğ etdiyi dinin nümayəndələriyik. Bəs görəsən qız övladlarına qoyulan qadağalar, ayrı seçkilik bunlar hamısı nəyin səbəbidir? Əsrlər boyu qoruyub saxlamağa çalışdığımız amma nə olduğunu tam dərk edə bilmədiyimiz mentalitet, yoxsa cahillik? Biz nə tez unutduq Osmanlı imperatorluğundakı qadınlar səltənəti (1540-1656) dövrünü? Bəli, vaxt gəldi əsrlərlə kişilərin rəhbərlik etdiyi qocaman bir imperatorluq qadınlar tərəfindən idarə olunmağa başladı. Məncə elə çəkdiyim bu misal bütün sualları cavablandırır. Bu Türk qadının gücüdür. Bu bizim gücümüzdür.
Atatürkün də dediyi kimi yer üzərində gördüyümüz hər şey qadının əsəridir.
Hətta biz özümüz də hansısa qadının əsəriyik.
Qadın olmaq ana olmaqdır. Qadının ana olması təbiətin ona bəxş etdiyi ən böyük xoşbəxtlikdir.
9 ay boyunca ana ilə körpə arasında bir bağ yaranır. Doğumda və doğum sonrasında isə hormonal dəyişikliklər səbəbiylə “sevgi hormonu” adlanan oksitosin hormonunun təsirilə yoğun həzz duyğusu yaranar. Bu hormon anaya doğumda güc verir və ona ağrı hiss etməsinə baxmayaraq körpəsini gördüyü an qeyri-adi bir bağlılıq, sevgi hiss etməsinə səbəb olur.
Analarımızdan “Ana olduqdan sonra anlayarsan” sözünü hamımız eşitmişik və doğrudan da hər qadın ana olduqdan sonra həyatının dəyişdiyindən, bunun dünyadakı ən gözəl duyğulardan biri olduğundan bəhs edir. Nə olursa olsun “analıq” duyğusu insan həyatında çox özəl, fədakarlıq və məsuliyyət tələb edən güclü bir duyğudur
Qadının həyata keçirdiyi gözəllikləri görüb təəccüblənməmək mümkün deyil. Məhz buna görə də biz qadına hörmət etməliyik. Böyük təəssüflə qeyd etməliyəm ki, hələ də bəzi ərazilərdə keçmiş adət-ənənələrin qorunması məqsədi ilə qızların təhsil almasına qarşı çıxılır, onların imkanları məhdudlaşdırılır. Bu cahilliyə “dur!” deməyin vaxtı çoxdan gəlib. Nə qədər ki, insanlar bu düşüncə tərzini dəyişməyəcək biz heç nəyə nail ola bilməyəcəyik. Qadınların xoşbəxt olmadığı bir bölgədə inkişafdan söz gedə bilməz.
Gəlin, bir olaq qadınlarımızın xoşbəxtliyi üçün calışaq!
Rəhimli Nigar
http://dushunce.az/