Azərbaycanda Qadınlara seçki hüququnun verilməsi
1918-ci il qurultayında Məhəmməd Əmin Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. Məhəmməd Əmin Rəsulzadə deyirdi: “Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır”. Bu fikirlər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara seçkilərdə iştirak etmək – seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ Azərbaycanda verilmiş oldu. Bu Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.
Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlamentinə seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Lakin, təəssüflər olsun ki, parlamentdə qadınlar təmsil olunmamışdı, çünki onlar rəhbər vəzifələrə öz namizədlərini irəli sürməkdən imtina etmişdilər.
Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamədə təsbiti oldu. AXC-nin Müəssislər Məclisinə seçkilər çox vaxt və ciddi hazırlıq tələb edirdi, mürəkkəb siyasi vəziyyət isə hər gün yeni məsələlərin həllini irəli sürürdü. Buna baxmayaraq, parlament bir sıra hüquqi aktlar, o cümlədən “Müəssislər Məclisinə seçkilər haqqında” Qanun qəbul etdi. 1919-cu il iyulun 21-də qəbul edilən qanunda dövlətin hakimiyyət orqanlarına qadınların seçmək və seçilmək hüquqları bir daha öz təsdiqini tapdı. Əsasnamənin 1-ci fəslində deyilirdi: “Müəssislər Məclisi əhali tərəfindən cinsindən asılı olmayaraq və bərabər seçki hüququ əsasında, birbaşa və gizli səsvermə vasitəsilə, mütənasib nümayəndəlik əsasları təmin edilərək seçilən üzvlərdən ibarətdir”. 2-ci fəsildə qeyd olunurdu ki, Müəssislər Məclisinə seçkilərdə “səsvermə gününədək 20 yaşı tamam olmuş hər iki cinsdən olan respublika vətəndaşları iştirak hüququna malikdirlər”. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qadınlara aktiv seçki hüququ vermək niyyətini bir daha təsdiqlədi.