Təranə Məmmədin “Etiraf”ı
Yaşımı gizlətməyi sevmirəm. “Qadının yaşı olmur, qadından yaşını soruşmazlar” kimi ifadələri heç anlamıram. Bütün bunlar qadını, xüsusən yaşlı qadını, sakitləşdirmək üçündür məncə. Görəsən, yaşlı qadınların belə yanaşmaya ehtiyacı varmı?
Təbiiki yaşa dolduqca itirdiklərimiz çox olur: qadın təravətini, dərisinin gözəlliyini, saçının parlaqlığını itirir. Bu bizdən asılı deyil.
Ancaq, inanın səmimiyyətimə ki, yaşlı qadının illərcə əldə etdikləri itirdiklərindən qat – qat çoxdur.
Etiraf edək ki, ağıllı, savadlı qadın yaşlandıqca özünü tapır və kəşf edir. Bu isə həyatda çox vacibdir. Yaşlı qadın artıq keçmiş məhəbbət fədaisi deyil, o, heç kimə özünü seçməyə ixtiyar vermir. Çünki seçimi artıq özü edir və kiminlə ünsiyyət yaradacağını yaxşı bilir. O, özünü alçaltmağa, təhqir etməyə imkan vermir.Yaşlı qadın kökü dərinlərə getmiş bir uca ağac kimidir. Onu kökündən çıxartmaq hər kəsin işi deyil.
Deyə bilərsiniz ki, qadın hər yaşda sevib – sevilə bilər və onun həmişə buna ehtiyacı var. Bəli, qadın ruhən heç vaxt qocalmır. Bu da Allahın bir möcüzəsidir. Qadına yaşından asılı olmayaraq həmişə diqqət mərkəzində olmaq həvəsi bəxş edilib. Kimi gözəlliyilə, kimi ağlıyla, kimi sadəcə varlığılya diqqət çəkə bilir. Hesab edirəm ki, uzun müddət hörmətlı olmaq, sevilmək üçün qadın erkən yaşlarından bu haqda düşünməlidir. Necə deyərlər, donunu təzə ikən, şərəfini gənc ikən qoru.
Əminliklə deyə bilərəm ki, nə plastik əməliyyatlar, nə botokslar, nə silikonlar tərbiyəni, mülayimliyi, xeyirxahlığı, çəmiyyətdə özünü aparmaq bacarığını, dürüst olmağı, yəni mənəvi gözəlliyi əvəz edə bilməz və etmir də!
Qadın ailənin, ocağın qoruyucusudur. Hər bir qadının daxilində təbiətən analıq hissi kimi gözəl bir hiss yaşayır.
Ailə həyatının xoşbəxtliyini və çətinliyini özüm yaşadığım üçün çox xoşbəxtəm. Ana olmaq böyük və şərəfli bir hissdir. Qadın olaraq həyat yoldaşının hörmətini qazanmaq da çöx mühümdür. Amma bu “ailə qurmayan qadınlar bədbəxtdir” anlamına gəlmir. Xeyr! Elə deyil.
Müasir qadın göründüyündən daha güclüdür.
Müasir qadın bütün problemlərini təkbaşına həll etməyə qadirdir. Zaman keşdikcə qadın dərk edir ki, bu həyatı onu incidən, onun qədrini bilməyən insanla yaşamaqdansa tək yaşamaq daha rahatdır.
“Qadınlar ailə qurmamalı və tək yaşamağa üstünlük verməlidir” – demirəm. Əsla! Sadəcə özünü bütöv hiss etmədiyin adamla olmamalısan.
Təbiiki qadın ailənin bəzəyidir. Normal ailədə qadın xanımdır və övladlarına anadır. Görünür bu da bir pozulmaz qanundur.
Yaş ötdükcə qadın daha dərindən dərk edir ki, bir zaman etdikləri səhvlərə görə çəkdiyi əziyyyətə, tökdüyü göz yaşına heç ehtiyac yox imiş. Çünki göz yaşlarıyla, əsəblə olacaqların qarşısını almaq mümkün deyil! Bəlkə məhz ona görə qadın dərk edir ki, dünyada heç nəyə və heç kimə gözə özünü qurban verməyə dəyməz (övladdan başqa).
Çox vaxt görkəmli şəxslərin, populyar insanların qadınlar haqda dediklərini, qadınlara verdikləri məsləhətləri maraqla oxuyur və müəyyən nəticə çıxarırıq. Hərdən düşünürəm ki, bütün bu sözlər həyat təcrübəsindən yaranır. Nəsihətləri, məsləhətləri, mənalı fikirləri qadın yaşının müəyyən vaxtında söyləyə bilər. Yetər ki, bir qədər həyata, ətrafda baş verənlərə və ilk növbədə öz həyatında baş verənlərə diqqətlə yanaşsın və düzgün nəticə çıxara bilsin. Axı bu həyatı biz qadınlar yaşayırıq, biz yaşa doluruq və bu gün mən cürət edib qadınlarımıza demək istərdim:
Əziz qadınlar! Çalışın səmimi olun! Həmişə, hər yerdə məhz özünüz olun. Heç vaxt heç kimin xoşuna qəlməyə çalışmayın. Əmin olun ki, özünüz olduqca daha çox bəyəniləcəksiniz.
Heç vaxt ailədə hakimiyyətiələ almağa cəhd etməyin. Bilin ki, ağılla. təmkinlə hərəkət etsəniz ustunluk həmişə sizin olacaq.
Xoşa gələmək üçün xarici gözəllikdən başqa gözəl ürəyə və gözəl düşüncəyə malik olun. Siz ürəyinizi açıq saxlayın ki, sizə də ürək açsınlar.
Heç vaxt heç kimə, xüsusilə kişilərə, öz fikrinizi yükləməyin. Arzularınızı və istəklərinizi mədəni şəkildə təqdim edin. Əminəm ki, qəbul ediləcək.
Çox danışmayın. Səsinizi heç vaxt ucaltmayın. Bunlar gərginlik yarada bilir.
Mütaliə edin, dünya görünüşünüzü artırın, savadlı olun. Bu meyarlara zaman toxuna bilmir.
Butün yaş dövründə incə, zərif, zəif və bir qədər sirli olmağa çalışın. Ancaq bir qadının ifadəsiylə desək “incə və zərif olmaq üçün gərək qadında kişi dəyanəti olsun”. Çox doğru ifadədir məncə. Qadın olaraq, heç vaxt qürurunuzu əzməyə imkan verməyin.
Bu dünyada hər şey fanidir. Hamımız cavan olub sonra qocalırıq Bundan qaçacaq bir kəs yoxdur və olmayacaq. Cavan qızlara, qadınlara paxıllıq etməyin. Onları sevin və onların gözəlliyinə valeh olun! Çünki siz də bir zaman cavan və gözəl olmusunuz. Gözəlliyinizi, təravətinizi itirməkdən qorxmayın. Əgər siz anasızsa, demək övladınız gözəlliyinizdir. Bundan gözəl nə ola bilər!?
Ərinizin cavan katibəsiylə rəfiqə olun. Qoyun sizə qibtə etsin. Həttaqibtə etməyə heç nə olmadığına əmin olsanız belə.
Əziz qadınlar, çalışın gözəl qocalın! Bu mümkündür!
Deyərsiz ki, məgər mən özümün yaşlı vaxtımda gözəlliyimə bu qədərmi əminəm? Bilmirəm. Ancaq bir şeyi əminliklə deyə bilərəm ki, qadının daxili təmizdirsə, orda kin-küdurət yoxdursa, ürəyi sevgiylə doludursa, o həmişə gözəl olur, hörmətlə qarşılanır və sevilir.
Mənim bu yaxınlarda 65 yaşım tamam olur. Heç vaxt həyatda yüksəklərdə yer tutmağa çalışmadım. Adi bir qadın hyatı yaşadım. Sadəcə mən həmişə bir qədər fərqli oldum…
Etirafımı sona qədər oxuyanlara təşəkkür edirəm.
Təranə Məmməd
qadinkimi.az