Azərbaycan qadini 100 il əvvəl
1920-ci illərdə Azərbaycan qadınının ictimai-siyasi həyatda rolu
Azərbaycanda Çar Rusiyası dövründə şəriət qaydaları tətbiq edildiyi üçün qadınların həyatı ağır qalırdı. Çar Rusiyasının son dönəmlərində Azərbaycanda ümumi 942 məktəb mövcud olmuşdu. Bu məktəblərdə təhsil alan 62 161 uşaqdan 22 161 nəfər azərbaycanlı idi. Bu uşaqlardan sadəcə 1862 nəfərini qızlar təşkil edirdi. ADR dönəmində müharibə və digər çətinliklər səbəbi ilə məktəblərin sayı Çar dövrü ilə müqayisədə azalaraq 643-ə enir. Dolayısıyla məktəbdə oxuyan uşaqların sayı 16 621-ə, qızların sayı isə 1420-ə qədər azalır (Şərq qadını jurnalı, 1930-cu il, N-5 ).
Eyni ilə Çar Rusiyası dövründəki kimi ADR dönəmində şəriət sisteminin qalması qadın azadlıqlarının qarşısında əsas böyük əngəl idi. Qadınlar səsvermə hüququnu de-yure alsa da de-fakto bundan istifadə edə bilmirdi. Qadın azadlığı mövzusunu partiya proqramının əsas müddəaları sırasına daxil edən bolşeviklər kommunizmin qurulması üçün qadın savadsızlığının ləğvini əsas faktor kimi görürdülər. Bu formada cəmiyyət 1920-ci ildə Azərbaycan SSR-in qurulması ilə mümkün ola bildi.
1920-ci illərdə yeni bir cəmiyyət qurmağın ən vacib vəzifəsi Azərbaycan qadının azad edilməsi, onu iqtisadi, sosial və mədəni həyat arenasına çıxarmaq idi. Qadınlar respublika əhalisinin yarısını təşkil edirdi, onların yeni cəmiyyətin qurulmasında kişilərlə bərabər iştirakı vacib idi. Çoxsaylı partiya qərarlarında qadın məsələsinin, qadınların vəziyyətinin, qadın əməyinin, mədəni səviyyəsinin və təhsilinin hərtərəfli öyrənilməsinə dair plan tərtib edildi.
Qadın haqlarına dair Qanunvericilik və Qadınların Şəbəkələnməsi
1920-1922-ci illərdə qadın probleminə dair 20-dən çox fərman və qətnamə qəbul edildi: “Azərbaycanda ana və körpənin qorunması haqqında fərman”, “Hamilə və uşaq əmizdirən qadınların yaşayış yerinin dəyişdirilməsinin qadağan edilməsi haqqında fərman”, “İşləyən qadınların həyatının yaxşılaşdırılması komitəsi haqqında əsasnamə”, “8 Martda bütün qadın işçilərin azad edilməsi haqqında sərəncam” və s. Bu fərmanların icrası nəticəsində qadınlar siyasi və iqtisadi hüquqlar, dövlət orqanlarında iştirak etmək, işləmək və təhsil almaq üçün bərabər maaş almaq haqqı qazandı.
Azərbaycanda ilk qadın klubu 1920-ci ilin iyun ayında qadın hərəkatının fəal iştirakçılarından biri Ceyran Bayramovanın mənzilində təşkil edildi. Nisə Qafarova, Zeynəb Rizvanova, Ayyıldız Qasımova və başqaları ilə birlikdə Ceyran Bayramova müsəlman qadınları klubun işinə cəlb etmək üçün təbliğat işlərinə başladı. 1920-ci ilin iyununda “Kommunist” qəzetində bir elan verilmişdi: “Yoldaşlar, müsəlmanlar! Spasskaya küçəsi 73 ünvanında yerləşən müsəlman qadınların klubuna baş çəkin (Kommunist qəzeti, 6 iyun, 1920). “10 nəfərlik tikiş arteli olan Ceyran Bayramovanın mənzilində bir oxu zalı təşkil edilmişdi. Əvvəlcə qadınlar kluba baş çəkməyə ehtiyat edirdilər. Ceyran Bayramova və onun ən yaxın köməkçiləri, klub rəhbərliyindən bir neçə fəal – Məsmə Məmmədova, Hökümə Məmmədova, Məliknisə Məlikova və başqaları qərara gəldilər ki, qadınları kluba cəlb etmək üçün söhbətlərdən və görüşlərdən əlavə, tikiş arteli təşkil edilməlidir. Tikiş artelinə cəlb edilən qadınlara yazma və oxuma öyrədilirdi. Kursun sonunda qadınlar imtahan verir, müvəffəqiyyət qazanan qadınlar isə işlə təmin olunurdu (Sultanova, 1964:31).
1921-ci ilin mayında qəbul edilən Azərbaycan SSR-in ilk Konstitusiyası qadınlara geniş hüquqlar verdi. Konstitusiyanın 79-cu maddəsində iqtisadi, dövlət, mədəni və ictimai və siyasi həyatın bütün sahələrində qadınların kişilərlə bərabərliyi vurğulanmışdır (Bakinskiy Raboçiy, 25 may, 1921). Bir qadına bir kişi ilə bərabər işləmək və istirahət etmək, bərabər maaş, sosial sığorta və təhsil almaq hüquqlarına zəmanət verildi. 18 yaşına çatmış bütün qadınlara səsvermə hüququ verildi. Konstitusiyaya uyğun olaraq qadınlar və kişilərə bərabər əməkhaqqının tətbiqi, analıq və uşaqlıq hüquqlarının qorunması, evlilik və boşanma ilə bağlı qərarlar və qadınların kişilərlə bərabərliyini təsdiq edən bir sıra digər fərmanlar verildi. 21 iyul 1920-ci ildə qadın bərabərliyi qanunlarının pozulmasına qarşı “Mülki nikah, uşaqlar haqqında və dövlət aktları kitablarının tətbiqi haqqında” fərman hazırlandı. Çoxarvadlılıq, müvəqqəti nigah (siğə), qızların evlənməyə məcbur edilməsi qadağan edildi, şəriət qanununa görə əvvəllər tətbiq edilən qızlar üçün evlilik yaşı 9-dan 16-ya qaldırıldı (Heyat, 2002:88).
İlk illərdə qadınlar, onlara verilən hüquqların mahiyyətini hələ tam dərk edə bilmirdi, Azərbaycanda qadın probleminin həllinə feodal-patriarxal qalıqların əhali arasında güclü təsiri mane olurdu. Buna görə fərmanların, qanunların və qaydaların qəbul edilməsi qadınların həqiqi bərabərliyinin həyata keçirilməsi demək deyildi. Bu qanunverici aktları əhali arasında çoxlu sayda təşkilati, izahat və maarifləndirmə işləri apararaq tanıtmaq lazım idi. 1921-ci ilin aprelində Moskvada keçirilən Şərq qadınları arasında I Ümumrusiya İş Təşkilatçı Yığıncağında qərara alındı ki, “Şərqin milli bölgələrində qadınlar arasında təbliğat işləri iqtisadi inkişaf formalarının müxtəlifliyinə və Şərq xalqlarının mədəni səviyyəsinə uyğunlaşdırılmalıdır”. İclasda qadın istehsal kooperativlərinin təşkilinə ehtiyac olduğu qeyd edildi.
Qadın Şöbələri və Öhdəlikləri
Azərbaycanda qadın probleminin həllində müstəsna rol oynayan qadın şöbələri 1920-ci ilin noyabr ayından respublikanın hər yerində yaradılmağa başladı. Bu qadınlar arasında yeni, görünməmiş bir iş forması idi. Qadın şöbələri yeni bir həyatın qurulmasında yaxından iştirak etdi. Yerli şəraiti, gündəlik həyatın xüsusiyyətlərini və müsəlmanların adət-ənənələrini nəzərə alaraq qadın şöbələri öz işlərini çox diqqətlə aparırdı. Bu şöbələrin fəaliyyəti nəticəsində qadınlar tədricən ictimai işlərə cəlb olunmağa başladı. Qadın şöbələri tez bir zamanda populyarlıq və qadın kütlələrinin etimadını qazanaraq inkişaf etmiş müsəlman qadınların əsl döyüş qərargahına çevrildi.
1921-ci ilin yanvarında Bakıda qadın şöbə müdirlərinin ilk iclası çağırıldı. Qadın şöbələrinin qadınlarla ünsiyyət formalarından biri kimi 1919-cu ildən 1933-cü ilə qədər mövcud olan nümayəndə heyətləri yaradıldı. Nümayəndələr bir il müddətinə işçi və kəndli qadınlar arasından seçilirdi. Daha sonra bu qadınlar Nümayəndə məclisləri adlanan qruplarla birləşirdi. 1921-ci ildə əyalət qadın şöbələri rəhbərlərinin Mərkəzi Komitəsindəki iclası nümayəndə heyətlərinin vəzifələrini müəyyənləşdirdi: Qadınlar arasında peşə quruculuğu sahəsində əməli iş aparılması və qadın işçi və kəndlilərin bütün ictimai, dövlət qurumlarında fəal üzvlərə və işçilərə çevrilməsi. Bunlar qadınların dövlət quruculuğuna təşəbbüs və cəlb olunması istiqamətində ilk əməli addımlar idi.
Nümayəndələr, uşaq müəssisələrinə, məktəblərə, kooperativlərə, qeyd şöbələrinə bağlı olan siyasi işlərdə iştirak edirdilər. Aktiv qadın nümayəndə üzvləri həmkarlar ittifaqı orqanlarında işləmək üçün seçilirdi. 1927-ci ilin sonuna qədər Azərbaycanda 14 min 846 qadın həmkarlar ittifaqının, 2504 nəfər qadın isə kənd yerli idarəetmə orqanlarının üzvü olmuşdu. Təkcə 1927-ci ildə 9 qadın kənd yerli idarəetməsi sədri seçimişdi. Həmin il 11 qadın Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə, 11 nəfər isə Dairə İcraiyyə Komitələrinə daxil oldu. 1928-ci ildə 119 qadın kənd yerli idarəetmə orqanı sədri, 160 qadın Dairə İcraiyyə Komitəsinin üzvü, qadın nəfər Mahal İcraiyyə Komitəsinin üzvü, 17 qadın isə Azərbaycan SSR MİK üzvü seçildi. Azərbaycanda qadın şöbələrinin tarixi rolunu qeyd edən qadın hərəkatının fəalı, Viktoriya Tsaytlin belə demişdi: “Bizim qadınlar arasında işləmə üsullarımız bütün Zaqafqaziya üçün nümunə idi.” (Kommunist qəzeti, 25 may 1921).
Azərbaycan Qadınlarının İlk Qurultayı
1921-ci ilin fevralında Bakıda keçirilmiş Azərbaycan qadınlarının qurultayı, Azərbaycan qadınları arasında bir ilk idi. Tarixdə ilk dəfə qadınlar 1188 nümayəndənin qatıldığı qurultaya toplaşdılar. Bunların 815-i Bakıdan, 369-u respublikanın 12 əyalətindən, 4-ü Dağıstandan gəlmişdi. Nümayəndələrin milli tərkibi belə idi: azərbaycanlılar – 41,8%, ruslar – 36,7%, ermənilər – 13,8%, digər millətlərin nümayəndələri – 7,7% (Sultanova, 1970:53).
Qurultayın çağırılmasında əsas məqsəd Azərbaycanın işləyən qadınlarının fəallığını artırmaq və mahallarda qadın şöbələrinin işini təşkil etmək idi. Qurultayda aşağıdakı məsələlər müzakirə edildi: “Mövcud vəziyyət haqqında”, “Maarifçilik haqqında”, “Şərq qadınlarının konqresi haqqında”. Qurultayda respublikanın partiya və hökumət rəhbərləri N.Nərimanov, S.Kirov, D. Bünyadzadə, S.Ağamalıoğlu iştirak edirdi.
1922-ci ilin iyununda Bakıda Zaqafqaziya qadınlarının qurultayı keçirildi. Bu qurultay Zaqafqaziya federasiyasının təşkili işinə ciddi kömək oldu. Qurultayın qərarına uyğun olaraq 1922-ci ildə Azərbaycan MİK (Mərkəzi İcraiyyə Komitəsi) nəzdində Qadınların Məişətini Yaxşılaşdırmaq Komitəsi quruldu. Bu komitə ailədə və məişətdə qadına olan köhnə münasibətlərə qarşı mübarizəni xeyli genişləndirdi. Ana və uşaqların hüquqi mühafizəsi işlərini canlandırmaq, qadınları ictimai faydalı işlərə cəlb etmək üçün Komitə bir sıra tədbirlər həyata keçirdi. Komitənin işinə Göylü qızı Gülarə rəhbərlik edirdi.
Azərbaycan Qadını və Media: “Şərq Qadını” Jurnalı
1923-cü ilin noyabrında “Şərq qadını” jurnalı çapdan çıxmağa başladı. Jurnalın birinci nömrəsinin hazırlanmasında Əliheydər Qarayev, Ruhulla Axundov, S. Əfəndiyev və S. Ağamalıoğlu iştirak etdi. Jurnalın birinci nömrəsində Səməd bəy Ağamalıoğlu “Tarixdə qadınların qiyməti” adında məqalə ilə çıxış etdi. O, həmin məqaləsində qadınlarda köhnə adət və ənənələrə qarşı mübarizə hissinin oyanmasına, onların öz hüquqları uğrunda cəsarətlə mübarizə aparmasına nail olmaqdan bəhs edərək yazırdı: “İndiki dövr – qadın bərabərliyi dövrüdür. Bu bərabərliyə çatmaq qadınların hərəkatından asılıdır. Bərabərlik üçün qadınlar köhnə adət və fikirlərdən azad olaraq cürətlə yeni yola qədəm qoymalıdırlar.” (Nəcəfov, 1966:40)
“Şərq Qadını” jurnalı qadınların hüquqları uğrunda mübarizənin, qadın klublarının, təhsil proqramlarının və məktəblərin təşkili, ana və körpənin qorunması, uşaq bağçalarının yaradılması, qadın məsləhətxanaları, sənətkarlıq kooperativlərinin aktual mövzularını sistemli şəkildə işıqlandırdı. Jurnalın ilk nömrəsində belə bir açıqlama verilmişdi: “ Bu gündən etibarən Şərq aləminin qapısı hesab olunan Azərbaycanın mərkəzində “Şərq qadını” namində bir məcmuənin nəşrinə başlayırız. Biz Şərq qadınlarının tarixində birinci dəfədir ki, qadın başda olmaqla bərabər özü məcmuə çıxara bilər və kəndisi öz gözləri ilə də öz dərdinə ağlayıb həqq və hüququnu müdafiəyə çıxar. Qadınların üzünə sənələrlə bağlanan məktəblərin, qiraətxana, klubların qapılarındakı paslanmış qıfıllar açıldı. İndi qadın da ərlər kimi zəhmətkeşlər aləminin tikilməsində əlləşib vuruşa bilir, qadın da ərlər kimi fikirlərini açıqcasına söyləyib düşmənləri ilə mübarizə edə bilir.” (Şərq qadını jurnalı, 1923-cü il, N-1)
Jurnalın işıqlandırdığı problemlərin çeşidi çox geniş və müxtəlif idi. Jurnal, qadın şöbələrinin işinin təşkilində böyük kömək göstərdi, qadınlar mövzusunda partiyanın qərarları haqqında oxuculara məlumat verdi, beynəlxalq qadın hərəkatındakı vəziyyəti vurğuladı. Jurnalda tez-tez N. Krupskaya, K. Setkin, V. Artyuxina, Y. Stasova, N. Kolesnikova, A. Sultanova, Ş.Əfəndiyeva və digər tanınmış qadın hərəkatı fəallarının məqalələri dərc olunurdu. “Şərq Qadını” jurnalı təkcə Azərbaycanda deyil, həm də Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Tatarıstan, Dağıstan, İran, Türkiyə, Əfqanıstan, Hindistan və s. ölkələrdə oxunurdu.
Çadraya qarşı mübarizə
Qadın azadlığı mövzusu Azərbaycan ədəbiyyatına da siraət etmişdi. Abdulla Şaiqin “İldırım”, Seyid Hüseyn Sadiqin “Yeni həyat yollarında”, “Çarxların hücumu”, Süleyman Sani Axundovun “Namus” hekayəsi, Cəfər Cabbarlının “Sevil” dramı qadın azadlığı problemlərinə həsr olunmuşdu. Savadsızlığın ləğv edilməsi ilə çadra və parancaya qarşı da mübarizə genişlənirdi.
1929-cu ilin aprelində VI Ümumazərbaycan Sovetlər qurultayı oldu. S. Ağamalıoğlu qurultayda çıxış edərək, çadra əleyhinə mübarizənin genişləndirilməsi zərurətindən, bu mübarizənin aparılması yollarından ətraflı danışdı. O dedi: “Qadınları əsarətdə saxlayan çadradan xilas olmaq lazımdır. Bunun üçün dekretə ehtiyac yoxdur. Azərbaycan hökuməti dinə və köhnəliyə qarşı mübarizə aparmaq üçün pul ayırmalıdır. Bütün idarələrdə onun əsasını dağıtmaq üçün vahid cəbhədə mübarizə aparmalı, əsarətdən azad olmuş türk qadınlarının hüquqlarını möhkəmləndirmək və onları daha çox məişət işlərinə cəlb etmək lazımdır. (Nəcəfov, 1966:41) Qurultayın qərarına uyğun olaraq 1929-cu ildə Azərbaycan MİK çadra əleyhinə mübarizə tədbirləri haqqında xüsusi təlimat vərəqələri nəşr etdi. Burada çadranın mənşəyi, onun sinfi mahiyyəti, çadra əleyhinə mübarizənin böyük siyasi, ictimai, mədəni əhəmiyyəti qeyd edilir və ona mane olanlarla kəskin mübarizə aparmaq tələb olunurdu.
Kütləvi-siyasi və izahat işlərinin gücləndirilməsi sayəsində on minlərlə qadın şüurlu şəkildə çadranı atmağa başladı. 1929-cu ildə Gəncə rayonunda 1130, Şamxorda (indiki Şəmkir) 150, Gədəbəydə – 40, Goranboyda- 298, Şamaxıda – 238, Lənkəranda – 300 qadın çadranı atdı. Kampaniyanın ikinci ayında Quba rayonunda 1317, Nuxada isə 920 qadın çadradan imtina edir. Ümumilikdə 1929-cu il ərzində respublika ərazisində 269870 qadın çadranı atır. Bu faktlar həmin dövrdə qadınların köhnə həyat adətlərinin ortadan qaldırılması mübarizəsində fəal iştirak etdiklərini göstərir. Çadranın atılması 1920-ci ildən başlayan qadınla kişini bərabərləşdirmə siyasətinin son mərhələsi idi. Bu addım İkinci Dünya müharibəsi ərəfəsində qadınla kişi arasında savadsızlıq fərqini aradan qaldırdı. Bu balans hazırki cəmiyyətimizdə də qorunmaqdadır.
İstifadə edilən ədəbiyyat
Farideh Heyat, (2002), Azeri Women in Transition: Women in Soviet and Post-Soviet Azerbaijan
Sultanova Hökümə, (1964), Schastliviye zhenshini Sovetskogo Azerbaydzhana
Sultanova Hökümə, (1970), Schastye azerbaydzhanki
Nəcəfov, Xəlil (1966), Səmədağa Ağamalıoğlu : bioqrafik oçerk
Qəzetlər və jurnallar
“Kommunist” qəzeti
“Bakinskiy Raboçiy” qəzeti
“Şərq qadını” jurnalı.