Çadrasını atan ilk türk qadını Tahirə və Amerikalı Marta Rut: Onları nə birləşdirirdi
Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı gənc 1844-cü ildə bəyan etdi ki, ilahi vəhyin daşıyıcısıdır və bəşəriyyətə yeni ilahi təlim gətirib. Ona ilk 18 şəxs iman gətirir: on yeddisi kişi və biri qadın – Tahirə Qürrətüleyn. Babın bəyanı İranda kütləviliyinə görə misli-bərabəri olmayan babilər hərəkatını alovlandırır. Hərəkat səkkiz il sonra yatırılır, Bab edam edilir və şagirdləri, o cümlədən Tahirə Qürrətüleyn qətlə yetirilir.
Həmin qadının əsl adı Fatimə idi. Qəzvin şəhərində 1817-ci ildə məşhur ailədə anadan olmuşdu. Atası və əmiləri dövrün ən görkəmli ilahiyyatçıları idi. “Qürrətüleyn” ( “gözümün təsəllisi”) adını ona dövrün mücdəhidi Seyid Kazım Rəşti, “Tahirə” ( “pak”) adını isə ona Bab vermişdi. Onun biliyi və bəlağətli danışığı öz dövrünün ən bilikli kişilərini mat qoyurdu. Tahirə İslamın 1200 illik tarixində Qurani-Kərimin ilk qadın təfsirçisi olmuşdu. Hərəkat başlayanda Tahirə həm İslamın görkəmli yeganə qadın alimi, həm də dövrünün məşhur şairəsi kimi tanınmış 27 yaşlı nüfuzlu bir şəxsiyyət idi. Ailələli idi, iki oğlu və bir qızı var idi. Babilər hərəkatına qoşulanda qohum-əqraba ondan imtina etdi, əri onu boşadı və uşaqlarını əlindən aldılar.
Onun fəaliyyətində ictimai təlatüm doğurmuş məqamlar olub. Tahirə tarixə qadın azadlıqlarının carçısı kimi daxil olub. O, çadrasını nümayişkanə atmış ilk müsəlman qadını idi. Bu hadisə 1848-ci ildə babilərin Bədəşt konfransında iştirak edən 80 nümayəndənin (Tahirə onların arasında 81-ci yeganə qadın nümayəndə idi) gözü qarşısında baş verdi. Onun bu hərəkəti konfrans nümayəndələrini o qədər heyrətə saldı ki, nümayəndələrdən biri hətta qəzəbindən öz boğazını kəsdi, qalanları nifrətlə ona hucum etdilər. Lakin Tahirə möhkəm iradəsi, soyuqqanlığı və bəlağətli nitqi ilə qəzəblənmiş kişiləri geri çəkilməyə və ona qulaq asmağa məcbur etdi. Üzünü onlara tutaraq dedi:
“Gəlin qadınları azad edək və cəmiyyəti islah edək. Gəlin mövhumat və xudbinlik qəbirlərindən qalxaq və Qiyamət gününün yaxın olduğunu bəyan edək. Onda bütün dünya vicdan azadlığına və yeni həyata cavab verəcək! Bu qiyamət Şeypurunun səsi mənəm……”
Bədəşt konfransında Tahirə başqa bir iddia ilə də çıxış etdi. O, babilərə Babın təliminin Yeni ilahi vəhy olduğunu söylədi. Bu özünü İslamdan kənarda görməyən babiləri daha da çaşqınlığa saldı və razı olmayanlar konfransı tərk etdilər. Yerdə qalan konfrans iştirakçıları uzun müzakirələrdən sonra Tahirənin iddialarını qəbul edib İslamdan çıxdıqlarını bildirdilər.
Tahirə fanatik ruhanilərin qəzəbinə tuş gəldi, həbs olundu, təhqirlərə məruz qaldı, fətvası oxundu. O,Tehranın Elxani bağında 1852-ci ildə boğulub öldürüldü. Bir ehtimala görə cəsədi suyu qurumuş quyuya atılmış və daşla doldurulmuş, başqa bir ehtimala görə isə cəsədi yandırılıb, külü göyə sovrulmuşdur. Ölümə məhkum edildiyini eşidəndə, şahidlərin dediyinə görə Tahirə edam icraçılarına aşağıdakıları söyləyib:
“Siz məni istədiyiniz kimi öldürə bilərsiniz, lakin qadınların azadlıq hərəkatını heç vaxt saxlaya bilməzsiniz”.
Qərb ölkələrində Tahirənin həyatı və mübarizəsi ətraflı tədqiq edilib. Tahirənin adını ehtiramla çəkənlər arasında onlarca məşhur şəxsiyyət vardır. Edvard Braun yazır: “Qürrətül-Eyn kimi bir qadının meydana çıxması, istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır – xeyr, demək olar, bir möcüzədir. Ecazkar gözəlliyinin xüsusiyyətləri kimi, nadir intellekti, istedadı, cəsarəti, şərəfli şəhidliyi ilə o, öz həmvətənləri arasında müqayisəyəgəlməz və ölümsüz bir mövqedə dayanır. Əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəmanı doğurması kifayət edərdi.”
Böyük Türk şairi Süleyman Nazif Tahirə haqqında demişdir:
“O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, Son qız övladına qədər hər kəs Qəzvindən olan bu gənc türk qadınını xatırlayarkən, gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül-Eyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə!”
Tahirəni sevən, onu tədqiq edən şəxslərdən biri Amerikalı jurnalist Marta Rut idi.
Marta Rut
Miss Marta Luiza Rut 10 avqust 1872-ci ildə Ohaya ştatının Riçvud məntəqəsində ilk Amerika mühacirlərinin nəslindən olan dindar baptist ailədə anadan olub. O, dünyaya gəldikdən bir müddət sonra ailəsi ilə birgə Pensilvaniya ştatının Kembric-Sprinqs şəhərinə köçür. Atasının orda ferması var idi. Marta tipik bir qız deyildi, onu adi ev işləri yox, kitablar maraqlandırırdı. Orta məktəbdə və kollecdə oxuyarkən yaşıdlarından çox fərqlənirdi. Daha sonra təhsilini Çikaqo Universitetində davam etdirdi və 1895-ci ildə ədəbiyyat üzrə doktor dərəcəsi alır.
Bir müddət müəllim işləyir, tezliklə ondan imtina edib müxtəlif qəzetlər üçün materiallar hazırlamaqla məşğul olur. 1900-cü ilin yayında, Chronicle Telegraph-da, payızda Pittsburgh Dispatch-da çalışır. 1908-ci ildə restoranların birində Roy Vilhelmin Akkada Əbdül-Bəha ilə görüşməsi və insanlığın qardaşlığını təbliğ edən Bəhai dini haqqında danışığını eşidir. Dini araşdırarkən, Çikaqoda Bəhai icmasının bir neçə üzvü ilə tanış olur. 1909-cu ildə Bəhai dinini qəbul edir və 1911-ci ildə Amerika bəhailərinin Çikaqoda hər il keçirilən qurultayında iştirak edir.
1911 və 1912-ci illərdə Əbdül-Bəha Amerikaya səfər edir. Marta onun görüşlərində iştirak edir və Əbdül-Bəhanın Pitsburqda çıxışını təşkil edir. Həmin dövrdə Martada xərçəng xəstəliyi aşkar olur. Balaca boyuna, pul çatışmazlığına və səhhətinin pis olmasına baxmayaraq, həyatının son 30 ilini dünya səyahətinə və Bəhailiyin təbliğinə həsr edir. 30 yanvar 1915-ci ildə ABŞ-dan ayrılıb, Fələstini və Bəhai müqəddəs yerlərini ziyarət etmək istəyir, lakin Birinci Dünya Müharibəsi buna imkan vermir. Əvəzinə Misirə gedir və altı ay orada qalır. Qəzet məqalələri yazmaqla dolanır. Daha sonra Bombey, Ranqun, Yaponiyaya səyahət edir və 1915-ci ildə ABŞ-a dönür.
Beş il ABŞ-da qaldıqdan sonra, 1920-ci ildə Kanadanı gəzərək təlim proqramları təşkil edir. Daha sonra Meksikaya, sonra prezidenti ilə görüşmək istədiyi Qvatemalaya gedir, ancaq siyasi inqilab səbəbindən görüş baş tutmur və evinə qayıdır.
1922-ci ildə atasının ölümündən sonra Marta 50 yaşında yenidən səyahətlərinə başlayır. Bəhai təlimlərini yaymaq üçün Kanada, Yaponiya, Çin, Avstraliya, Yeni Zelandiya, Tasmaniya və Honq Konqu gəzir. Daha sonra Cənubi Afrikaya gedir. Esperanto dilini öyrənir və esperantonun yaradıcısı Lüdviq Zamenhofun qızı Lidiya Zamenhofla tanış olur.
1923-cü ildə Buxarestə gəlir və Rumıniya Kraliçasına “Bəhaullah və Yeni Era” kitabının bir nüsxəsini göndərir. Lakin onların görüşü 1926-cı ilin yanvarında Buxarestdəki Controseni Sarayında baş tutur.
Marta 1925-ci ildə Fələstinə səyahət edib, Bəhiyyə Xanım və Şövqi Əfəndi ilə tanış olur. Daha sonra İngiltərə, Almaniya, Yunanıstan, Yuqoslaviya və Çexoslovakiyaya gedərək, həmin ölkələrdə Bəhai dinin təbliğ edir. Sonra Şah Rza Xan Pəhləvi ilə görüşəcəyi ümidi ilə İrana səfər edir. Lakin bu görüş baş tutmur.
1930-cu il də Yaponiya İmperatoru Hirohito ilə görüşmək istəyir, lakin ABŞ səlahiyyətləri onun görüşünə icazə vermir. Bunun əvəzinə imperatora bir neçə bəhai kitabı və digər hədiyyələr göndərir. 1937-ci ildə xəstəliyi şiddətlənir, 1938-ci iləd Havay adalarına qayıdır və 28 sentyabr 1939-cu ildə orda dünyasını dəyişir.
Talelərin kəsişmə nöqtəsi
Marta Rut Tahirə Qürrətüleyn haqqında Bəhai dinini qəbul etdiyi ilk vaxtlar eşidir. Tahirənin qəhrəmanlığı, rəşadəti onun qəlbində dərin iz buraxır, onun kumirinə çevrilir. Bu sevgi həyatıboyu onu tərk etmir. Marta Rut yazır: “… mən hansı ölkəyə gedirdimsə, insanların Tahirəni tanıdığının şahidi olurdum.”
Marta 1930-cu ildə sevimli şairəsi Qürrətül-Eyn Tahirənin həyatı, poeziyası və mübarizəsi haqqında yazısını tamamlayır. O, 1930-cu ildə Karaçiyə gəlir və dörd ay orda qalır. Bu dövrdə Karaçili İsfəndiyar Bəxtiyari Tahirəyə həsr etdiyi Tuhfah`i-Tahirah adlı mədhiyyəsini çap etdirib yayır.
Marta həmin şairlə tanış olur. Marta İsfəndiyar Bəxtiyari, şair Dial Sinqx və professor Pritam Sinqxlə (1881-1959) birlikdə Lahorda məşhur filosof-şair Məhəmməd İqballa görüşür və həmin görüşdə İ.Bəxtiyari Tuhfah`i-Tahirah-ın bir nüsxəsini Məhəmməd İqbala təqdim edir. Görüş bir qədər soyuq keçir.
Marta İqballa ikinci dəfə 1930-cu il iyunun 24-də görüşür. Bəxtiyar yazır ki, İqbal bu dəfə daha şad görünürdü. O, bu amerikalı xanıma dərin ehtiram göstərdi və onlar xeyli söhbət etdilər. Məhz bu söhbət zamanı Məhəmməd İqbal Tahirənin adını yazmaqda olduğu kitabında, “Cavidnamə”də qeyd etmək istədiyini bildirdi.
İqbal, “Cavidnamə”də öz xəyali səyahətindən bəhs edir. Səyahət Ay, Merkuri, Venera və Marsdan keçir; Yupiter planetinə çatır. Burada üç nurlu şəxsin ruhu ilə görüşür – Mənsur Həllac, Qalib və Qürrətül-Eyn Tahirə. İqbal bu səyahətin təfərrüatlarını çox gözəl təsvir edir: O, bu üç müqəddəs ruh qarşısında dayanır; onlar qırmızı libasda idilər, üzləri isə nur saçırdı. Bu şəxsiyyətlər yüksək ruh halətində idilər və öz nəğmələrinin şərabı ilə məst olmuşdular. Bu zaman İqbalın mürşüdü Mövlana Rumi onu çağırır və deyir:
Sən bu şairlərin ruhları vasitəsilə dirilməlisən. Mirzə Qalib, Həllac və Tahirə dünyanı həyəcanla doldurublar. Onların şeirləri ruhlara səbatlıq əta edir, çünki onların şeirləri öz istisini daxili atəşin kainatından alır.
İqbal əsərində Qalibə, Mənsur Həllaca və Tahirəyə öz rəğbətini bildirir. O, deyir ki, şövqlü bir insanın cəsarətindən yeni bir kainat yaranır; onun hüdudsuz ehtirası və məhəbbəti pərdələri yırtır, qədim solğunluq vəziyyətini aradan qaldırır; mövcudluğunu şəhərlərdə və kəndlərdə görmək olar:
Düşünmə ki, Tahirə bu dünyanı tərk etmişdir,
Bəlkə o öz dövrünün vicdanında qalmışdır.
Marta Rut 1930-cu ildə, İqbaldan başqa, Əbdül Qədir, Sarocini Naidu, Mirzə Qaliç, Bahadur Sapru, Rabindranat Taqor kimi digər məşhur şəxsiyyətlərlə görüşür. O yazır: “Hindistanın bir çox alimi Tahirənin şeirlərini əzbərdən bilir”
Marta Rut üçüncü dəfə 1937-1938-ci illərdə səfər zamanı özünün “Pak Tahirə” kitabını üç min tirajla çap etdirir və pulsuz paylayır. Bu kitabın xeyli sayda nüsxələrini o, şərqin və qərbin tədqiqatçılarına göndərir. Sonra Abbas Əli But kitabı urdu dilinə tərcümə edir. Onun tərcüməsi ilk dəfə Pakistanın müstəqiliiyindən öncə Dehlidə çap edilir. İkinci nəşr Karaçidə 1966-cı ildə, üçüncü nəşr isə Karaçidə 1974-cü ildə çap olunur.
Azər Cəfərov