Aysel Aydın Əlizadə ; Novruz ciddi bayramdır
Ciddi bayramdı Novruz. Adətləri gözəldi, fəlsəfəsi var.
Papaq atmaq, məsələn: “Uşaqları sevindirin”, – mesajı verir.
Çox sevinərdik papağımıza pay qoyulanda.
Qapı pusmaq: “Bir-birinizə gözəl sözlər deyin, evinizdə xoş, ümidli söhbətlər edin”, – mesajı verir.
İnsanların qapına söz eşitmək üçün gələcəklərini biləndə, istər-istəməz danışığına fikir verirsən. Bunu tez-tez düşünsən, dilindəki kobud sözlər itər.
Küsülülərin barışması, xonçanın bəzədilməsi, tonqal çatılması, səməni cücərtmək…hansını deyim?
Hamısı yaşamla doludu, enerjilidi, sevgiləşmədi.
Novruzu yad kültürlər çox sıxışdırıb sıradan çıxarmaq istəyib. Biz onu var-gücümüzlə yaşatmışıq.
Yaşatmağa davam edək, qədim kodlarımız, kimliyimiz var onda.
Uşaqların torbasını boş qaytarmayaq, onları həvəsdən salmayaq. Bu bayramı yaşadan həm də uşaqlardı. Onlar papaq atmaqla bu adəti nəsildən-nəslə ötürüblər.
Böyük anlamdı: bir toplumu var edən, diri saxlayan onun övladlarıdı.
Bayramımız ocaqlı olsun!