Pərisa Rəfii apellyasiya məhkəməsi tərəfindən 15 ay həbs cəzasına məhkum edilib
İran Azərbaycanın Zəncan şəhərindən olan Tehran Universitetinin tələbəsi Pərisa Rəfii apellyasiya məhkəməsi tərəfindən 15 ay həbs cəzasına məhkum edilib.
İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, hal-hazırda Tehranın Evin Həbsxanasında saxlanılan siyasi fəal Pərisa Rəfii Tehran vilayətinin apellyasiya məhkəməsinin 36-cı şöbəsi tərəfindən 15 ay həbs cəzasına məhkum edilib.
Apellyasiya məhkəməsinin prokuroru tərəfindən siyasi məhbusa qarşı qaldırılan yeni iddia nəticəsində bir il həbs müddətinə 15 ay daha həbs cəzası artırılıb. Həmin həbs hökmü tələbə fəal Pərisa Rəfiinin 2019-cu ilin mayında həbsxanada saxlanıldığı “kameranın şəraiti” və həbsxana məmurları tərəfindən qadın hüquqları fəallarına qarşı irəli sürülən “bakirəlik testi” kimi təzyiqlərə etiraz məktubu yazdığına görə “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamı ilə əlaqədar olub.
İran qanunlarına görə, sistemə qarşı təbliğat aparmaq ittihamı əsasında ən çox 12 ay həbs cəzası təyin edilib. Ancaq həmin qanunlara görə, həmin şəxs sistemə qarşı təbliğat aparmaqda təkrar günhkar tanınarsa, hakimə ən yüksək cəzadan artıq cəza verməyə icazə verilir.
Rəfiinin apellyasiya məhkəməsinin iclası yanvarın 11-də prokurorun birinci məhkəmə tərəfindən fəala verilən bəraət hökmünə iddia qaldırmasının ardından keçirilmişdi.
Rəfiinin ona qarşı qaldırılan son iddia ilə əlaqədar son dindirmə iclası sentyabrın 5-də hakim Hacı Muradinin sədrliyi ilə Evin Prokurorluğunun 2-ci şöbəsində vəkilinin iştirakı olmadan keçirilmişdi. Bu məhkəmə iclasında Rəfii məhkəmənin dindirmə prosesində özünü son dəfə müdafiə etmişdi.
Oktyabrın 11-də Pərisa Rəfiinin ittihamı ilə əlaqədar qurulan məhkəmə iclası Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilmişdi.
Pərisa Rəfii 2018-ci il fevralın 25-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, 23 gün naməlum yerdə nəzarət altında sorğu-sual edildikdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı. İlkin məhkəmədə xanım Rəfiiyə qarşı “ictimai asayişi pozmaq”, “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “qeyri-qanuni toplaşma” ittihamları irəli sürülərək, 7 il həbs və 74 qamçı cəzasına məhkum edilmişdi.
Tehran İnqilab Məhkəməsi tərəfindən verilən hökm Tehran Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmış və İran Ali Məhkəməsi həmin hökmü təsdiqləmişdi, ancaq keçən il noyabrın 24-də ümumi əfv hökmü ilə Rəfiinin 7 illik həbs cəzası 12 aya endirilmişdi.
Tehran Universitetində incəsənət ixtisası üzrə təhsil alan siyasi fəal Pərisa Rəfii İranda 2018-ci ildə kütləvi etirazlardan sonra həbs edilmişdi.
VOA