Türkan Turan: Ya keçmişə qaçırıq, ya da gələcəyə
Məsnəvidə keçən “Korların fil təsviri” deyə bir hekayə var. Deməli, korlarla dolu bir otağa fil gətirirlər. Onlara bunun hansı canlı olduğu deyilmir, sadəcə bir yerinə toxunaraq nə olduğunu təxmin etmələrini söyləyirlər.
Verilən cavablar müxtəlif olur. Yəni içərisində doğru da olur, yanlış da, məntiqli də olur, məntiqsiz də. Məsələn, onların filin ayağına toxunaraq söylədikləri doğrudur, amma əskikdir. Qulağı, xortumu, quyruğu ilə bağlı təxminlər də eynidir – doğru, amma əskik və ya yanlış. Çünki həmin an insanlar öz fikirlərini təxəyyüllərinin və təcrübələrinin yetdiyi qədərini söyləyə bilmişdilər. Əslində, bu hekayədə hamımızdan bir parça var. Hər şeyi bildiyimizi sanırıq, amma yalnız beynimizin əl verdiyi qədərini anladığımızı qəbul etmək istəmirik. Hər şeyi başa düşməyimiz çətindir. Eqomuz etiraf etməyə imkan verməsə də, bu, bir həqiqətdir. Hətta nə qədər özümüzü inkişaf etdirsək belə, tamamilə anlamağımız sual altındadır. İnsana yaradılışdan “hər şeyi anlayır, dərk edir, başa düşür, qavrayır” kimi dünyadan da ağır məsuliyyət yükləyiblər. Fərqi yoxdur, kimsən, nəçisən, yaşın neçədir, bütün hallarda bunların hamısına eyni anda sahib olmaq çətin məsələdir.
Bu üstünlüklərə az da olsa, çatmağın başlıca şərti səbrli olmaqdır. Amma bu, məsələnin ən kritik nöqtəsidir. Çünki səbr etmək sinifdə qaldığımız, çox vaxt iki aldığımız ən çətin dərsimizdir. Bəzən bir saniyənin, bir dəqiqənin, bir saatın içində ilişib qalırıq. Birdə baxırıq ki, heç bir günü tamamlamağa belə hövsələmiz çatmayıb, özümüzdən çıxmışıq. Səbirsiz davranışlarımız xəta üstünə xəta işlətməyimizə səbəb olur. Hər xəta isə bizi əvvələ – dırmanmağa başladığımız yerə vurub salır, yəni sıfır nöqtəsinə. Kim bilir, neçənci dəfə dişimizi dişimizə sıxıb, dırnaqlarımızı qayalara sürtüb yenidən dırmanmağa başlayırıq. Yanlış insanları seçirik, yanlış insanları sevirik. İli ilin qoltuğuna verib göndəririk. Amma özümüzü dəyişməyi, canımızı o köhnə illərdən dartıb gətirməyi unuduruq. Eyni ilə öncəki ildəki kimi təkrarlayırıq səhvlərimizi, günahlarımızı, yanlışlarımızı. Dünya qədər gücümüz olduğuna inanırıq, di gəl, bir üfürməklə yıxılacaq qədər zəif oluruq bəzən. Dəmir kimi möhkəm olduğumuzu düşünürük, amma şüşə kimi çilik-çilik olmağımız bir gözqırpımına bağlıdır. Çünki səbrlə sonu gözləmək bacarığından kasadıq. Guya bir mərhələdən sonra səbr etməyi öyrəndiyimizi düşünürük, amma elə bir məqam gəlir ki, bütün öyrəndiklərimizin yerlə bir olduğunu görürük. Elə hey tələsirik, vaxtı qovalayırıq – ya keçmişə qaçırıq, ya da gələcəyə. “Bu gün” anlayışımız məişət səviyyəsindədir. Ya iş-güc düşünürük, ya da yemək-içmək, ev-eşik… Bütün arzularımızı, xəyallarımızı, zövqlərimizi ya keçmişə bağlamışıq, ya gələcəyə yükləyirik. Xoşbəxtkən də beləyik, bədbəxtkən də eyniyik. Bir münasibətə başlayanda da, bir münasibəti bitirəndə də qaçaraq davranırıq. Qərarımız dilimizin ucunda olduğu üçün aramsız peşmanlıqlar yaşayırıq.
Adi bir söz eşidəndə dərininə enmədən özümüzdən çıxmaq əlimizdədir. Dərhal ağlımıza gələn nəticəni çıxarırıq. Məntiqinə, çəkisinə fikir vermədən, nəyin nə olduğunu başa düşmədən partlayırıq. Hər dəfə bir də səhv etməyəcəyimizi özümüzə söz versək də, bunu dönə-dönə, dayanmadan təkrarlayırıq. Bir də baxırıq ki, ömrün yarısına gəlib çıxmışıq. İdrak, bilgi, dərk bizləri bir nöqtəyə qədər gətirmək iqtidarındadır. Səbr, dözüm dəstək vermirsə, hər dəfə eyni yerdən qırılırıq. Sözə gələndə “N” qədər xırdalayıb tökürük, dil qəfəsə qoymuruq, kəlmələr dilimizin ucundan vedrə-vedrə aşır çölə. Əməldə isə xamıq, naşıyıq! Praktikamız zəifdir. Elə keçməyi bacarmadığımız yer bir az da buralardır.
Həyatda hər şey üçün səbr şərtdir. Bir roman yazarkən, film çəkərkən, hətta kartof soyarkən… gördüyümüz iş nə olur-olsun, səbr tələb edir. Qabiliyyətin, bacarığın olsa, istədiyin nöqtəyə çatacaqsan, deyirlər. Hətta böyük imzaların adları bizə fövqəladə qabiliyyət və bacarıqlı olmaqları ilə sırınır. Halbuki qabiliyyət hamımızda var. Özü də kifayət qədər. Doğuşdan bu cür üstünlüklərlə gəlirik dünyaya. Sadəcə bunları ortaya çıxarmaq mərhələsində əlimiz ayağımıza dolaşır. Halbuki qərarlı, inanaraq, səbr edərək irəliləyə bilərik. Hər şeyi anlamaq, qavramaq, başa düşmək, sırınanları qəbul etmək kimi bir məcburiyyətimiz yoxdur, əsas budur toxunduğumuz bir parçanın mahiyyətini tam dərk edək.
Türkan Turan
qadinkimi.com