Jalə Təbrizli: İranda Qarabağa dəstək aksiyalarında tutulanlar ağır işgəncələrə məruz qalıb
Amerikanın Səsinə danışan hüquq müdafiəçisi Jalə Təbrizli deyir ki, keçən sentyabrın 29-dan sonra iki həftə ərzində yüzlərlə vətəndaş İran Azərbaycanında keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar saxlanılıb.
Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) müdirinin sözlərinə görə, saxlanılanların bir çoxu yüksək məbləğdə mülki zəmanət qarşılığında sərbəst buraxılmadan əvvəl ağır işgəncələrə məruz qalıb.
Cıral Parkında milli fəallar hələ mitinqə başlamamışdan əvvəl tutuldular. Bunlara çox kötək vurmuşdular. Çox işgəncə etmişdilər. Çox pis rəftar etmişdilər.
Qarabağa dəstək mitinqlər ilə əlaqədar ilk həbslər sentyabrın 29-da Ərdəbilin Cıral Parkında baş verdi.
Jalə Tərizlinin sözlərinə görə, “Cıral Parkında milli fəallar hələ mitinqə başlamamışdan əvvəl tutulub. Bunlara çox kötək vurmuşdular. Çox işgəncə etmişdilər. Çox pis rəftar etmişdilər. Şəkillərdə də göründüyü kimi Səccad bəy Colaninin üzündən qan axırdı. Ondan sonra bunları həbsxananın içinə yığmışdılar. Bunları sakit etmək üçün o qədər bibər qazı vurmuşdular ki, mən əminəm birinin ağciyərində problem olsaydı, oradan sağlam çıxmazdı. Qazın təsirində bəzilərinin üzünün dərisi soyulmuşdu.”
Ərk Cəmiyyəti, Təbrizlinin bildirdiyinə görə, tutulanlardan 189 nəfərin adlarını dəqiqləşdirib. Amma tutulanların bir çoxunun adı hələ də bəlli deyil:
Bunları sakit etmək üçün o qədər bibər qazı vurmuşdular ki, mən əminəm birinin ağciyərində problem olsaydı, oradan sağlam çıxmazdı. Qazın təsirində bəzilərinin üzünün dərisi soyulmuşdu.
“Əlimizdəki siyahı 189 nəfərdir. Amma tamamən etimad etdiyimiz mənbələr deyirlər ki, məsələn hansı məntəqədə neçə xanım tutuldu. O xanımların adını tapa bilmədik. Təbriz Bazarı bağlandıqdan sonra, Təbrizin özündə biz bilirik ki, yüzlər nəfər tutuldu. Halbuki, bizə 29 nəfərin adı gəldi. Bu adlar yoxdur, amma bilirik ki, sonradan çıxacaq. Bundan əlavə sentyabr ayında Ərdəbildə çıxdılar, oktyabrın 1-i, 6-sı, 13-ü, bu şəkildə davam etdi. Bunların hamısında tutuanlar çoxdur. Bu etirazlarda 22 xanım tutuldu ki, biri 13 yaşında qız uşağı idi. Bunlar bizə gələn adlardır. Amma bilirik ki, bundan da çoxdur. Məsələn, Urmiyədə o xanım ki, etirazı başlatdı, ondan heç xəbər yoxdur. Nə adı var, nə də bilirik ki, haradadır. Çox da döymuşdülər onu.”
Hüquq müdafiəçisi həmçinin müharibə bitdikdən sonra şənlik edən bəzi vətəndaşların saxlanılmasına diqqət çəkir.
SEE ALSO:
“Güneydə tutulan fəalların məmurlar tərəfindən döyülməsi normal hala gəlib”
“Sonra da bir qrup ki, istəmişdilər Qarabağ azad olandan sonra şadlıq etsinlər, onları da tutmuşdular. Tikantəpə və Xoyda tutulanların adı bəllidir. Bunları sadəcə şadlıq etdikləri üçün tutub zindana aparmışdılar,” o, söyləyir.
Tutulanların çoxu yüksək məbləğdə mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılsalar da, onların haqqında mühakimə prosesi davam edəcək.
Jalə Təbrizlinin söylədiklərinə görə, “Ərdəbildə tutulan fəallara 500 milyon tümənlik zəmanət çıxarıblar. Sonra bunu 450 milyona endiriblər. Hamı belə zəmanətlər ilə azad olub. Bunların hamısını çağırıb mühakimə edəcəklər. Məgər bunlar nə edib ki? Deyirlər bunlar milli təhlükəsizliyə qarşıdır, Xameneyini təhqir edib, nizama qarşı təbliğat aparıb. Ailələr elə olur ki, neçə evin mülkiyyət sənədini qoyurlar ki, uşaqları azad olsun. Gəncləri azad olsun. O gənclər ki heç bir iş görməyib. Bu ailələrə çətindir. İranda yaşamaq çətindir, işsizlik var. Hətta bizim milli fəallarımız fəaliyyətləri üzündən işlərindən olur.”