Psixoloq: “Əslində qadına şiddət ana bətnindən başlayır” – RƏYLƏR
“Təəsüflər olsun ki, bu gün qadının zorakılığa məruz qalması ilə bağlı yayılan xəbərin mahiyyətində namus və əxlaq məsələləri qabardılır. Bu da hadisənin cinayət faktı kimi qiymətləndirilməsinə əngəllər yaradır. Sosial şəbəkələrdə əksər hallarda birmənalı şəkildə zorakılığa məruz qalan qadının günahını daha çox qabardırlar. Bununla da cinayət dərəcəsini azaldırlar. Yəni cəmiyyət bu cür cinayətlərə bəraət qazandırmaqda sanki maraqlıdır və bunu dəstəkləyir”.
Bunu “Report”a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova son günlər Azərbaycanda qadınlarla bağlı zorakılıq hallarının artmasını şərh edərkən deyib.
“Qadın zorakılıqları ümumi halda etibarsızlıqdan qaynaqlanır”.
Mehriban Zeynalova“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova
Onun sözlərinə görə, cəmiyyətdə qadına münasibət getdikcə pisləşir və qadın haqqında mənfi rəylər formalaşır: “Qadını şər qüvvə kimi təqdim edirlər. Qadın etibarsız və güvənsiz varlıq kimi cəmiyyətə təqdim olunur. Bu ideologiya da insanların beyninə yeridilir və sonda cinayətlərə gətirib çıxarır. Təsəvvür edin ki, bəzi hallarda zorakılığa məruz qalaraq öldürülən qadının sosial şəbəkələrdə qadınlar tərəfindən ittiham olunması da problemi daha da ağırlaşdırır. Mən hesab edirəm ki, qadın zorakılıqları ümumi halda etibarsızlıqdan qaynaqlanır. Əvvəllər ailə quran şəxlsər arasında bir-birinə qarşı etimad və etibar olardı. Bu gün cütlüklər arasında bu dayanıqlılıq müşahidə olunmur. Boşanmaların da əksər səbəblərindən biri də bu cür psixoloji amildir. İnsanlar bir-birinə etibar etmədən birləşirlərsə, kiçik bir təsir onların ayrılmasına səbəb olacaq. Ona görə də psixoloji amil güclənməyincə bu cür ailələrin möhkəmlənməsi çətin olacaq və ailə dağılmaları baş verəcək. Bəzi hallarda sovet dövründə boşanmaların sayının az olması ilə bağlı misal gətirirlər. Çünki o zaman ailə münasibətlərində cütlüklərin bir-birinə etibarı, inamı var idi. Bu gün cinslər arasında şübhələr müşahidə olunur”.
Psixoloq Nuriyyə Quliyeva isə “Report”a açıqlamasında deyib ki, hər bir insanın içində şiddətə meyillilik var: “Sadəcə, zamanla və yaşadığı mühitlə əlaqədar olaraq, şiddətə meyillilik arta, yaxud da azala bilər. Şiddətə meyilli insanları tənqid edəndə onlarda bu təməlin uşaqlıqdan qoyulduğunu görürük. Bu da ondan irəli gəlir ki, ya onların ailələrində problemlərin olduğu, ya mühitlərinin düzgün olmadığı, ya da özlərinin şiddətə məruz qaldığı məlum olur. Belə ailələri təhlil etdikdə görürük ki, ata hər zaman anaya qarşı psixoloji və fiziki təsirlər göstərib. Övlad da bunu normal olaraq qəbul edir. Çünki uşağın beyni ağ bir lövhədir. Gördükləri ora həkk olunur”.
Psixoloq Nuriyyə Quliyeva
“Əslində qadına şiddət ana bətnindən başlayır”.
Nuriyyə Quliyeva mainPsixoloq Nuriyyə Quliyeva
Psixoloq bildirib ki, qadına şiddət hələ o, dünyaya gəlməzdən öncə yaranır: “Təbii ki, hər şeyi ailənin üstünə də yıxmaq olmaz. Amma təəsüflə qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə bir çox ailələr qadını hər zaman ikinci planda görür və qız uşaqlarını da əzik bir psixologiya ilə böyüdür. Əslində qadına şiddət ana bətnindən başlayır. Ana bətnində uşağın cinsinin qız olduğunu biləndən sonra abort edirlər. Təbii ki, cinayətlə nəticələnən qadın zorakılıqları birdən-birə yaranmayıb. Ailədə daha öncə bunun qığılcımları olub. Əvvəlcə təhqir etmə, mübahisələr, təhqiredici davranışlar və s. olur. Sonra isə bu ya xəsarətlə, ya da qətllə bitir. Bu kimi cinayət hadisələrinin qarşısının alınması üçün mütləq maarifləndirmə işləri aparılmalıdır və qadınlar öz hüuqqlarını bilməlidirlər. Biz qadınların təhsil almasının və işləməsinin tərəfdarıyıq. Ona görə də valideynlər öz qızlarının təhsil almasında mütləq dəstək olmalıdır. Çünki iş problemlinin olması qadının əzilməsi deməkdir”.