İranlı Məryəm boşandıqdan sonra özünü niyə xoşbəxt sayır?
Məryəm ərinin ona camaatın gözü qarşısında hücum edəndə baş verənlərdən danışarkən səsi titrəyir.
“Kişinin arvadını döyməsinə insanların reaksiyası sanki normal bir hadisəyə olan kimi idi. Qanun yoxdur, təhlükəsiz evlər yoxdur, hətta polis də çox şey edə bilmir. Bəzi ailələr də müasir olduqları kimi davranaraq bunun şəxsi bir məsələ olduğunu deyirlər”.
Onun hekayəsi vətəni İranda nadir hallarda eşidilən bir hadisədir, amma yeni bir podkastın yaradılmasından bəri onun kimi bir çox qadın məişət zorakılığı ilə bağlı təcrübələrini bölüşmək arzusundadır.
Məryəm (əsl adı deyil) onları ənənəvi cəmiyyət tabularını qıraraq, bu imkandan istifadə edərək sükutu pozmağa təşviq edib.
Məryəm onlara deyir: “Şəhrizad olun”.
Bununla o, “Min bir gecə” dastanının əsas qəhrəmanlarından biri olan, nağıllar danışmaqla özünü ölümdən qurtaran əfsanəvi fars kraliçasına eyham edir.
Bu hekayələr qədim folklor tələlərindən uzaq bir dünya olmaqla qadınları səs çıxarmamağa kökləyən bir cəmiyyətdən bəhs edir.
“Ailə vacibdir”
34 yaşlı Məryəm əri ilə uşaq psixologiyası üzrə təhsil aldığı universitetdə tanış olub.
İlk əvvəl liberal düşüncəli və işçi hüquqlarının müdafiəçisi hesab etdiyi sevgilisi ilə evlənmək üçün Tehrandakı valideynlərinin istəyinin əksinə gedib.
Lakin evliliyinin elə ilk günlərindən yanıldığını anlayıb. Podkastda o, “qüruruna görə və məğlubiyyəti etiraf etməməmək üçün” problemi anasına və atasına danışmadığını bildirib.
Evliliyi boyunca o, fiziki və mənəvi təhqirlərə məruz qalıb və bütün bunlara görə günahı özündə görüb.
Axı, İrandakı bir çox qadın kim Məryəm də tanış ənənə çərçivəsində böyüyüb: “Bir qadın ağ gəlin paltarında bir kişinin evinə girib yalnız ağ kəfəndə oranı tərk etməlidir”.
Məryəm deyir ki, cəmiyyətin qəbul etdiyi qayda-qanunlara görə, o, dərhal boşana bilməyib.
İranlılar ənənəvi olaraq ailə həyatı ilə bağlı məsələləri özəl sayıb bunu bağlı qapılar arxasından bayıra çıxarmırlar.
Buna görə də məişət zorakılığı endemik hal alır və qadınlara sədaqətli və səbirli olmaq təlqin edilir.
Məryəm davamlı olaraq döyüldükdən və xəstəxanaya düşdükdən sonra, nəhayət, ayrılmaq qərarına gəlib. Aldığı zədələr səbəbindən hərəkət edə bilməyəndə yarı huşsuz halda özünü sorğu-sual edib: “Niyə bura düşmüşəm, niyə bu başıma gəlib?”
Bir neçə həftədən sonra o, xəstəxanadan çıxır və boşanma ərizəsini yazır. Xoşbəxtlikdən valideynləri onun qərarını dəstəkləyiblər – lakin digər qurbanların bəxti bu dərəcədə gətirmir.
Hər podcastda Məryəmə ailənin kişi üzvləri tərəfindən incidilən qadınlar qoşularaq yaşadıqları təcrübələrini paylaşırlar.
Yeni qanun?
Şəxsi hekayələr ilə yanaşı podcast formatında zorakılığa, xüsusən də məişət zorakılığına məruz qalan qadınlar üçün sistematik müdafiənin olmaması məsələsi də araşdırılır.
Mövzuyla əlaqədar İranda bu günə qədər yeganə rəsmi statistik məlumat mövcuddur. 16 il bundan əvvəl toplanmış həmin statistikaya görə, İran qadınlarının üçdə ikisi ən azı bir dəfə məişət zorakılığına məruz qalıb.
Londonda yerləşən Amnesty İnternational təşkilatının İranla bağlı 2013-cü il tarixli hesabatına görə, İranda qadınlar “evlilik və boşanma, vərəsəlik, uşaq qəyyumluğu, milliyyəti və beynəlxalq səyahət kimi məsələlərlə əlaqədar qanun və praktikada diskriminasiya ilə üzləşirlər”.
Atasının “namus üstündə ödürdüyü” yeniyetmə qızın faciəli hadisəsindən sonra İran prezidenti Həsən Ruhani qadınların zorakılıqdan qorunması ilə bağlı qanun layihəsinin tez bir zamanda nəzərdən keçirilməsini tələb edib.
Mühafizəkarların çoxluq təşkil etdiyi parlamentin təsdiqindən hələ keçməmiş həmin qanun 1979-cu il inqilabından bəri qadın hüquqlarında ən böyük dəyişiklərin edilməsini nəzərdə tutur.
Qanun layihəsində qadınlara qarşı fiziki zorakılıq cinayət kimi qiymətləndirilir və ilk dəfə olaraq ictimai və sosial mediada təhqirlərə görə cəza təyin edilir.
Evliliyinə son verdikdən beş il sonra Məryəm heç zaman bu qədər xoşbəxt olmadığını söyləyir. Podcast hazırlamaqla yanaşı, o, əksəriyyəti qadınlar olan zorakılıq qurbanları üçün də məşğələlər keçir.
Məryəm ümid edir ki, insanlara danışmaq azadlığının verilməsi sirr saxlamaq ənənəsinə son qoymağa kömək edəcək. Onun qənaətinə görə, həmin ənənə “təhqir etməyə vərdiş edənləri yalnız daha da ürəkli edir”.