Sevda Ocaqverdi; Bu məktubu yazmaq üçün illərin keçməsi lazımmış….
Məni hər yerdə, hər zaman təqib edən keçmişim, mənə doğma olan, acısıyla tatlısıyla, məni var edən, mənə yol göstərən, bəzən güldürən, çox zaman da ağladan…keçmişim…
Bir gün mənə dedilər ki, gözünü yum, gözəl anlarını xatırla, ağladım, xatırlayamadım.
Geriyə baxdığımda ancaq göz yaşları ilə dolu həyatımı görürəm…
Əslində uşaqlığım pis keçməyib.
Tələbə olanda sevərək evləndim, anamın narazılığına rəğmən. Atam etiraz etmədi, dedi: qızım ağıllıdır, düzgün insan seçər ömür yoldaşını. Seçmişdim sandım. Əslində yaxşı insandır, övladlarımıza yaxşı ata oldu. Amma həyatının yoldaşı-kişisi, dostu, sirdaşı olmaq bir başqadı…
Yadımdadı, anam həyat yoldaşımla tanış olandan sonra bir gün mənə dedi ki, qızım sən çox həssassan, bu adam səni çürüdər. Anama sonralar haqq verdim, sonralar anladım nə demək istədiyini…
Evliliyimizin ilk günlərindən çilələrim başladı. Mən öhdəmə düşən bütün sorumluqları yerinə yetirirdim, o isə yox. Erkən yaşlarda evlənmişdik, ona da haqq verməyə çalışırdım; Ailənin nə olduğunu dərk eləmirdi, özgür həyatından vaz keçə bilmirdi. Çox gənc ikən iki övladımız oldu. Tələbə idik. Oxuyur, həm də ailə yükünü tək başıma daşıyırdım… Sevirdim həyat yoldaşımı, onun üçün hər şey eləməyə hazır idim, tələbləri vardı, mən hər zaman xidmətindəydim…Evdən xəbəri olmazdı, gec gələrdi, mənimlə çox söhbət etməzdi, film izlərdi gecələr, ya da həmən yataq… Bütün günün yorğunluğundan taqətim qalmazdı. Amma ona etiraz etməzdim.
Heç vaxt günümün necə keçdiyi ilə maraqlanmazdı. Həkimə belə tək gedirdim. Birlikdə vaxt keçirmirdik heç. Hər yerə dostlarıyla gedərdi, “hara gedirsən” sualıma, “sənə nə” deyib, qapını üzümə çırpardı.
Bir gün sordum: həyatında başqa qadın varmı? Boynuna almadı, amma həyatım kabusa döndü. Çox olaylar oldu, bağışlaya bilmirdim. Aramızda elə bir divar hörmüşdü ki, o divarı aşa bilmirdim. Qürurum əzilmişdi, qəlbim qırılmışdı… özümlə mübarizə aparırdım. Gücümün yetmədiyi bir yükün altında dağılır, çökürdüm…
Hələ sevirdim, daha çox sevirdım, qısqanırdım dəli kimi…
Yadımdadır, bir dəfə uşaqları məktəbə apararkən çox yaşlı ər-arvad gördüm, önümdə. Bir-birilərinə söykənərək yavaş addımlarla gedirdilər, birdən onlara elə həsəd apardım ki… İçimdən “kaş biz də yoldaşımla bu yaşlara gəlsəydik, bütün zorluqları aşmış olsaydıq, çox şeyləri geridə buraxsaydıq – deyə bir duyğu keçirtdim. Gənc idim, bu yaşımda mənəvi yükü qaldıra bilmədiyimdən bir göz qırpımında yaşlanmaq istədim. Mən gənc yaşlarımda yaşlanmaq, qocalmaq istədim…
Niyə ayrılmadım?..Ayrılmaq istədim, qisas almaq istədim, ancaq intiqam hissi məni ayağa qaldırardı, qisas alma planlarım yavaş – yavaş işə yarayırdı. Ayrılmadıq, uşaqlarımız vardı axı… Bəlkə bir bəhanə idi, çünki hələ də dəli kimi sevirdim onu, səbəbini bilmirdim, amma sevirdim. Onu dəyişə bilmirdim, o zaman özüm dəyişməli idim, qəlbimə daş basıb, rol oynamağa başladım. İçim qan ağlarkən üzüm güldü, evdə huzur yaratmağa çalışdım, ona soyuq davranmağa başladım, gec gələndə sormadım “hardan gəlirsən?” – deyə. Onun kimi laqeyd davranmağa başladım, sonunda bacardım…
Ailəm üçün çox fədakarlıqlar etdim, kimsənin eləmədiyi qədər çox…
Mən verici oldum, o alıcı…
Sayğısızlıq etmədim, o, evimizin hər zaman rəisi oldu, çünki mən onu elə görmək istəyirdim, onu gözümdə o qədər böyütmüşdüm ki, hardasa ilahiləşdirmişdim.
Yanlışlarını hər zaman səbrlə düzəltməyə çalışdım, “sənə bu hərəkət yaraşmaz” – dedim, irad tutduğumda belə adamı ucaldırdım…
Və bir gün yoruldum. Onu düşünməkdən yoruldum. Özümü düşündüm. Yaş üstünə yaş gəlincə anladım öz dəyərimi. İllərlə məndən yararlandı hər anlamda, anası, bacısı oldum, xidmətçisi oldum, sevgilisi oldum. Dəyərdimi? Dəyməzdi.
İşsiz qaldı, çökdü, amma mən ona çox dəstək oldum, münasibətim heç bir zaman dəyişmədi, daha çox qayğı göstərdim…
Sonra…
Bir gün başqa qadına yazdığı məktubu gördüm, yanlışlıqla ona yazdığı məktubu mənə göndərmişdi.. Həyat məni yenə daha bir sınaqdan keçirdirdi.. çox zor günlər yaşadım, amma artıq daha güclü bir qadın idim. “Yaşlandıq artıq, hər şey geridə qaldı deyərkən” yenə silkələndim, ən çox toxunansa, işsiz qaldığı bir zamanda, ona bu qədər fədakarlıq edən, onu günahı və savabı ilə sevən qadına bunları yaşatması idi…
Bu dəfə qəti qərar aldım, ona cəzam ayrılığım oldu…
İndi yalnızam, amma huzurluyam, sadəcə özümü qadın kimi bağışlaya bilmirəm.
Özümü bağışlaya bilməmək də mənim cəzam…