Günel Məmmədli ;İnsan varlığının həqiqiliyi, Autentlik (5)
…Estetik mərhələdə özünü yaratma ünsürü yoxdur. İbtidaidən bir insana verilən hiss və meyl maddəsi ancaq ancaq bir rol oynayır. Kierkegaard ‘’Ya Ya da’’ əsərinin ikinci cildində təqdim etdiyi “hakim” obrazı, etik mərhələni ortaya ataraq estetik mərhələni mənfi həyat tərzi keçirtməkdə günahkar görür. Estetik mərhələ qətiyyətli seçim olmaması ilə xarakterizə olunduğu üçün azadlıq heç bir şəkildə həyata keçirilmir və burda həqiqiliyə yer yoxdur.
İnsan seçimlərinə uyğun olaraq keçmiş və gələcəklə əlaqə quraraq zamanın hüdudlarından kənara çıxan bilən varlıqdır. Bu imkanları dərk etmədən yaşamaq, insanı ən qorxulu xəstəlik olan ümidsizlik xəstəliyinə düçar edir. Varlığın estetik mərhələsini yaşayan insanın daxili aləmində həyatdan doyma və məmnunluq yoxdur. Təbii mühitdə davamlı təkrarlanma estetik bir həyat yaşayan insanın bədən mərkəzli həyatında da özünü göstərir. İnsan aclıq və doyma arasında gedib gəlir. Zövq və ləzzət anları ardından doyumsuzluq, kədər və boşluq hissi gətitirir. Bu dövr onda pessimizmə və mənəvi cəhətdən çökməyə səbəb olur.
Ümidsizlik, pessimizm fərd üçün ağrılı, lakin varlığın yüksək səviyyəsinə çatmaq üçün vacib olan bir ekzistensial bir prosesdir. Ümidsizlik, insanın öz həqiqətinə baxdığı və bundan yaxa qurtarmaq istədiyi bir ekzistensial təcrübədir. Ağrının artması və ümidsizlik hissi estetikçinin başqa bir varlıq aləminə keçməsini asanlaşdırır.
Kierkegaard yaşadığı dövr ehtirasdan məhrum idi, ehtirasın heç bir dəyəri yox idi və o, fərdi özünü tamamilə itirmək ərəfəsindəydi. Buna görə Kierkegaard hissiyyatsız sistemə qarşı estetik romantik kateqoriyalardan istifadə etmişdir. Bu zaman insan yalnız estetik yaşam tərzinin və yaxud öz dövrünün həyat tərzinin deyil özü də öz məninin öhdəsindən gəlməli idi. Həqiqi xristianların olmadığı xristian dini dövründə əsl sadiq insanlardan daha çox “dürüst insanlar” var idi. Bu tarixi, taktiki və ekzistensial faktlara görə Kierkegaard estetik sahədən başladı və sonra etik sahəyə keçdi.
Kierkegaard, estetik mərhələni bir fürsət, etikanı isə təsir sahəsi kimi görür. Estetik sahə bir zövqdür, etik varlıq sahəsi isə səy və qələbə sahəsidir. Etik həyat gizli depressiya, qarışıqlıq və aldadıcı ehtiras və ümidsizlik qarşısında bir qələbədir. Estetik sahədə olduğu kimi, insan artıq passiv deyil, öz qərarlarını özü verən effektiv bir varlıq kimi mövcuddur. Etik davranmaq effektivlikdir. Əxlaqi baxımdan effektivlik ehtimaldan üstündür. Estetik mövqe Kierkegaardın “Ya ya da” əsərində varlıq imkanıdır. Etik mərhələnin insanı mövqeyi bir varlıqdır. Estetik mərhələnin insanı sadəcə var, etikçi isə estetikin cazibədar gücləri ilə mübarizə aparır. Etik mərhələnin ən ali vəzifəsi xarici dünyanın etik və ümumbəşəri qanunlarına riayət etmək və bu şəkildə Mütləq Ruhun dövlət vasitəsi ilə özünü dərk etməsi üçün bir vasitə olmaqdır. Etika burada sosial motiv kimi görünür.
Etik sahənin insanı ictimailiyi, ümumbəşəri və abstraktlığı səbəbindən öz kortəbii və ehtiraslı ifadəsini boğur. Bu zaman mənliyini təşkil edən elementlər arasındakı tarazlıq və ya bütövlük sarsılır. Bundan əlavə, ümumbəşəri etika qanunlarına mütləq uyğunluq tələbi həqiqi autentik fərdin meydana çıxmasına mane olur. Kimsə yüksək etik standartları və etik ideallarını yerinə yetirmək üçün ehtiraslı bir öhdəlikdən kömək ala bilmədiyi üçün, etik olaraq məqsəd qoyan insan əvvəlcə bu məqsədə çatmaq uğursuzluğunu qəbul edir, sonra “iflasa uğrayır” və nəhayət özünü günahkar hiss edir. Özünü günahlandırmağa başlayır, çıxılmaz vəziyyətə düşür. Ümidsizlik onu günahkar hiss etdirir və beləliklə o varlığın həqiqətinə, auetnt varlığa yönəlir. Fərd indi dini yolu qəbul etməyə hazırdır , nə olması və necə olacağı arasında tarazlıq yaratmağa çalışır. Nəhayət o ziddiyyətli istəkləri arasında daxili bir harmoniya yaratmağa çalışır. Bu onu Autentlik axtarışında olmağa sövq edir. Əxlaq autentliyin müvəqqəti sahəsidir və din “yerinə yetirmə” dir. Kierkegaardın əxlaqa olan bu münasibəti əxlaqi muxtariyyəti müdafiə edən Kantın tənqididir.