Aysel Əlizadə; Çərçivə
Mən səni bir rəsm çərçivəni sevən kimi sevirəm,
olarsa nə gözəl, olmazsa eybi yox…
Gözəlliyimdən heç nə almaz olmayışın,
heç nə aparmaz məndən gedişin,
çünki mən səni
yorğun bir axşam
bir badə şərab kimi sevirəm:
olarsa nə gözəl, olmazsa eybi yox.
Ölümə hələ var,
yaşanmalı an hələ çox.
Mən səni yaşanmalı anlardan
biri kimi sevirəm:
olarsa nə gözəl, olmazsa eybi yox.
Yalqızlığa çarə çoxdu,
gəlmişkən bir şeir oxu,
ya da
gəlmişkən şeir oxuma.
Mən səni
şeirsiz görüşlərdən biri kimi sevirəm.
Hər gələn özüylə şeir gətirməz,
hərənin öz gəlişi var.
Mən səni
özüylə özünü gətirən biri kimi sevirəm.
Gətir mənə hər yanını,
mənə yalqızlığını gətir.
Məni yalqızlıq qorxutmaz,
səni yalqızlıq kimi sevirəm…
Nə çərçivəsiz,
nə şərabsız,
nə də şeirsiz yaşaya bilirəm.
Mən səni…
Bu da mən
Ağlaya bilməyəcəm,
bağışla, su dövrü deyil.
Quru bir səhracayam, alqışla!
Sən güclü nəsnələri sevirdin,
istər adamlar,
istər anlamlar olsun.
susuzluğa dözən torpağı,
öləninə ağı
deməyən qadınları sevirdin…
Alqışla, dözürəm!
Fateh
Məni fəth etdin
İstanbul oldum…
gecəyə yaxın
gecəmə yaxın gəldin…
Sevdiyim hər şeyə toxundun:
şam işığına,
gün işığına,
sevdiyim hər şeyə yaxın oldun…
kitaba, mahnıya…
Səni düşünəndə
yığışıram özümə,
sən ayrısan…
Səni düşünəndə
sığışıram özümə,
arzularım kimi həzinsən…
Adama döndərdin
bu vəhşi qadını
özün də bilmədin.
Mən sənin hər şeyin olmağa hazıram:
sevgilin, dostun, tanışın
Mən sənin heç nəyin olmağa da hazıram.
Səssizliyinə bayılıram,
bəbəyinin dərinliyindən,
sənin o bəyliyindən
ayılmıram…
Sənə dalıram,
yox oluram,
sevdiyim hər şeyə toxunuram…