1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunmuş Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür !
Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunmuş bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.
UNESCO-nun Beynəlxalq Rəqs Şurasının prezidenti Alkis Raftis Rəqs Günü münasibətilə ictimaiyyətə rəsmi müraciət edib. Müraciətdə rəqsdə incəsənətin müxtəlif növlərinin əks olunmasının əhəmiyyəti vurğulanır. Bildirilir ki, rəngkarlıq, heykəltəraşlıq, teatr, musiqi, poeziya, memarlıqdan tutmuş müasir fotoqrafiya, kino, multimedia, işıq və səs dizaynına qədər müxtəlif incəsənət növlərinin cəlb ediləcəyi rəqs tamaşaları geniş auditoriya tərəfindən daha çox qiymətləndirilir. Hətta daha irəli gedərək xoreoqrafiyanı humanitar fənlər, o cümlədən tarix, ədəbiyyat, fəlsəfə, linqvistika ilə də zənginləşdirmək olar.
Tərəkəmə rəqsi – İfa edir Əminə Dilbazi
Bütün bunların yeni olmadığını bildirən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının prezidenti Alkis Raftis qədim yunanların öz simpoziumlarında bu sadalananları birləşdirdiklərini diqqətə çatdırıb.
Bu il UNESCO-nun Beynəlxalq Rəqs Şurası bu əlamətdar günü Beynəlxalq İncəsənət Assosiasiyası ilə birgə qeyd edir. Beynəlxalq İncəsənət Assosiasiyası tərəfindən onlarla ölkədən rəssamlara bu günün qeyd olunması ilə bağlı müxtəlif tədbirlərdə birgə iştirak etmək təklif edilib.
Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.
Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb. Qətiyyətlə deyə bilərik ki, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycanın təhsilinə, mədəniyyətinə öz töhfələrini verəcək.