Karantin gündəliyi: “Evdəqal”maq üçün ev axtarmaq
(Daim özündən yazmaq qədər üzücü mövzu yoxdu, başqa yol da…)
“Facebook” səhifəmdə bu günlər bir şəkil yerləşdirdim. Heç bir qadının bəlkə özünə rəva görməyəcəyi düzəlişsiz görkəmdə. Mətn də eləcə çılpaq. Görən-eşidən nə deyər söhbəti yoxdu yəni.
Çoxillik rəfiqəm ağrılarımı gizlətmək çabalarıma “inandığını” göstərmək üçün karantin yollarında zədələnmiş ayağımı sarıyandan sonra guya zarafatyana şəklimi çəkdi. Mən də əhvalatı yumorla yola vermək istəyəndə şüşənin arxasındakı əzabın rəsminə donub qaldım…
Sövq-təbii görüntünü silmək istəyəndə sarğının altından elə dəhşətli ağrı qopdu ki, əllərim tərlədi. Və mən o şəkli ağrının diktəsilə səhifəmə qoydum. Məqsədim uzun illər ən adi haqlarımı tapdayaraq sağlamlığımı, əsəblərimi yaralayıb ümidlərimi param-parça edən və bunlardan həzz alan rəsmiləri “rəhmə gətirmək” deyildi. Mərhəmət və ədalət yüksək alicənablıqdır, ibtidai cənablar bu hisslərdən anlamazlar. Üstəlik vəziyyətin rəhmlə bir əlaqəsi yoxdu. Sadəcə o şəkil mənə görə yorulub əldən düşmüş azadlığın zəif olsa da vəhşi gücə müqavimətini göstərirdi. Çox lovğalıq olar deyə “Şahin nəğməsi” kimi bir şey idi deyə bilmirəm.
Gecənin bir aləmi qoyduğum şəkilli status bir neçə saatın içində çox həyəcana səbəb oldu. Hər zaman sevgi-sayğı gördüyüm “virtual” dostlar bu dəfə əməli fəaliyyətə keçib səhifənin “çatında” tıxac yaratmışdılar. Hər kəs özünəməxsus dillə, intəhası eyni səmimiyyətlə nəsə təklif edirdi. Amma mənim problemim pul-para, çörək-su, dava-dərman dərdi deyildi. Dövlət-vətəndaş münasibətlərində yaranmış uçurum, o uçurumun ucuna tərk edilmiş çarəsiz Azərbaycan vətəndaşının ümumiləşmiş obrazıdır. Əlçatmaz, ünyetməz birinci şəxslərin ətrafında sıx birləşmiş yarıtmaz məmur səddini aşa bilməyənlərin dilsiz harayıdır. Bizi idarə edənlərin onlara çatmaq bizə qoyduqları sonsuz məsafənin reallığıdır.
Bunları uyğun dillə izah edərək yardımlardan imtina etməyə nail oldum. Əvəzində qazandıqlarımın dəyərini sözlə ifadə edə bilmərəm. Sadə bir fotoya o qədər içdən qayğılanan yüzlərlə adam sənin, mənim, onun tanıdıqlarımız və hətta tanımadıqlarımızdır. Həyatımın bitməz kabusunu bir neçə saatın içində yox edən xoşbəxt anların möhtəşəm müəllifləridir. O əzabkeş xoşbəxtliyin nə demək olduğunu kol dalında sürünən koramallar anlamazlar. Ki, bütöv bir ömrü hansı yolla olur-olsun kürsüyə çatıb sərvət toplamağa, “şöhrət” yiyəsi olmağa və sairələrə sərf edən cılızlar Azadlığın nə olduğunu bilməzlər. Yeri gəlmişkən, yaxın aylarda tamını təqdim edəcəyim bir yazıdan burda qısa bir haşiyə çıxıram.
“Allah qonağı” missiyası ilə neytrallaşdırma “elçiliyinə” gəlmiş önəmli rəsmilərdən biri bəlkə də evin ağır ibtidai yaşam şərtlərini və mənim sınıqlardan yığılmış canımı təsəvvüründə birləşdirərək bizə qibtə etdiyini bildirdi. Arada özüm də öz “maymaqlığıma” hayıl-mayıl olduğumdan niyəsini soruşmasam da, adam açıqlamasına davam etdi:
– Sizin daxili özgürlüyünüzə qibtə edirəm.
Türk seriallarının təsiri ilə işlədilən “özgür” sözünü sevsəm də, həyat tərzimə çevrilmiş Azadlığa alışıqlıyam. Məmur sinfinin daim qorxduğu, gizlində arzuladığı Azadlığa. İnanırsızmı, hətta o adam belə birbaşa dilinə gətirə bilmədiyi o fikri ifadə edərkən səmimiyyətini gizlədə bilmədi. O ani səmimiyyətə görə o anlarda bir az kövrələn kimi oldum. İçində çürüdüyüm bütün tikili minib gəldikləri avtomobil edərdi-etməzdi bilmirəm. Bildiyim varlığımı bürüyən güclü bir hiss idi ki, şərtlər nə olur-olsun, ondan imtina etməyə gücüm çatmazdı. Hətta ömrümün son yarısında xəyalını qurduğum mülkiyyət sənədi qapıya qədər gəlmiş olsa belə. Burda “hətta” niyə dedim? Həqiqəti etiraf etmək üçün adamın səmimiyyət limiti bitmiş olar deyəmi? Amma istər etsin, istər etməsin, mən peşman deyiləm. Həm də məhz o Azadlıq üzündən yalnız son bir ayda çəkdiyim fiziki işgəncələrə rəğmən çox rahatam. Haşiyəmi “hər məmur həyatında görəsən neçə dəfə səmimi ola bilər?” testi ilə bitirirəm. Sınayın cənablar, həyat yalnız süni məruzatlardan, dövlətə və xalqa saxta sədaqətdən ibarət deyil.
Gender bərabərliyi pozulmasın deyə…
Evdə qalmaq üçün ev axtardığım günlərdə yumşaq imarətlərin vay-fayına qonub fəlsəfə çırtlayan seçilmiş xanımlar, “ağlı olsaydı, özünə gün ağlayardı”dan başlayaqmı? Doğru buyurmusuz, amma o ağıl problemi indinin işi deyil ki. Səksənlərin axırı Azadlıq meydanından başlayıb Qarabağ döyüşlərindən keçərək, məsələn, Qazaxıstanın həşəratlı, qızmar çöllərinə qədər gedib çıxan maddi, fiziki itkilərlə dolu əbədi prosesdir. Açıqlayım ki, xəbərdar olasınız…
Meydanda Azadlıq eşqi vardı. Qarabağda torpaq, şəhid ağrısı. Məsələn, Qazaxıstanın “N” saylı sovet hərbi hissəsindən gülü burnunda gənclərin tabutları gəlirdi. O hərbi hissədəki azərbaycanlıların, o cümlədən qəbələlilərin dilindən vəziyyəti az-çox öyrənmək üçün yaradılan komissiyaya yerli qəzetin məvacibli əməkdaşlarından kimsəni sala bilmədilər. Ezamiyyət vərəqəsinə “şöbə müdüri” yazıb “sürgünə” redaksiyada xadimə-ocaqçı ştatı ilə işləyən qeyri-rəsmi müxbiri göndərdilər. O səfərə anamı qonşulara əmanət verib yaradıcı mühitə bağlandığım yeganə rəsmi “işimi” itirməmək üçün getdim. Ayaqlarımdan o məşəqqətli günlərin qabarı getməmiş “ehtiyaca görə redaksiyada xadimə ştatına bərpa olunmağım” yaddaşımda o səfərdən yeganə xoş xatirə kimi qalıb…
Ağlım olsaydı, mən də təxminən o zamanlar hansısa “şefin” qılığına girərək mövcud hakimiyyətin çətiri altında mənzil, vəzifə problemimi yoluna qoyardım. Tədbirlərdə, qonaqlıqlarda hətta özəl məclislərdə iqtidara qondarma “sağlıqlar” söyləyərdim. Zövqünə, səhhətinə uyğun “menyularla” filankəs müəllimin diqqətini qazanıb, gələcəyimi təmin edərdim. “Oralardan” başlayıb həndəsi silsilə ilə artan bu günkü “vip” rahatlığa start verərdim.
Bəli, ağlım olsaydı, sizinkilərdən fərqli olaraq qapıma öz ayağı ilə gələn fürsətləri dəyərləndirib yaxın-uzaq çevrəmin “bərkgedən liderinə” çevrilərdim.
Təskinlik kimi çıxmasın, yaxşı ki, ağlım olmayıb və bu gün öz cığırımda, öz sürətimlə öz ayaqlarımla gəzirəm. Biri sınıq olmaqla həm də…
Nazlı Ağayeva