Günel Məmmədli ; Agalar Qutun “Hə ilə yox arasında sevgi rəqsi” yazısı üzərinə bir dəyərləndirmə
Agalar Qutun “Hə ilə yox arasında sevgi rəqsi” yazısı üzərinə bir dəyərləndirmə
Ağalar Qut məni fəlsəfəyə ilhamlandıran insanlardan biri olmuşdur. Yaradıcılığına hörmət etdiyim, istedadına inandığım Ağalar bəyin əfsuslar olsun ki, son dövrlərdə qələmə aldığı bəzi məqalələrinin nə fəlsəfi nə də sosioloji mahiyyətinin olmadığını düşünürəm. Əsasən də “Hə ilə yox arasında sevgi rəqsi” məqaləsindəki şərq mədəniyyəti qadın, din, eşq əhatəsində heç bir fəlsəfi tutarlılığı olmayan yazısı mənim bir oxucu kimi etirazıma səbəb olmuşdur.
Əvvala Ağalar bəy kontrolunda olmayan bilgi ilə yazısına başlamışdır. Nizaminin bir şeirindən yola çıxaraq “naz” sözü haqqında fikrlərini bəyan etmişdir. Halbuki, bildiyim qədəriylə Ağalar bəy fars və başqa şərq dillərini bilmir. Sadəcə olaraq tərcüməyə dayanaraq fikr bildirmişdir. Orjinal mətndə “naz” sözünün keçib keçmədiyindən əmin ola bilməz. Orijinalda “naz” sözü yoxdursa, bu sözə yaxın məna daşıyan bir sözü şeirin ölçüsünə görə tərcümədə naz kimi tərcümə edə bilərlər. Bu haqda Ağalar bəy məlumat verməmişdir. Bunun üçün orjinal mətni diqqətlə oxumaq və sonra da “naz” sözü orada keçmişsə, hansı mənada keçdiyini incələmək lazımdır daha tərcüməçinin verdiyi sözü deyil. Zənnimcə belə ciddi mövzularda tərcüməyə güvənmək olmaz. Çünkü “naz” sözü Nəsiminin, Füzulinin və digər şairlərin yaradıclıqlarında da çox istifadə edilən sözlərdən biridir. Həm də naz sözünün məzmunu da bu şeirlərdə açıqlanıbdır və yenidən bu sözə fərqli bir anlam yükləməyə gərək yoxdur. Çünkü əsrlərdir ədəbiyyatda istifadə edilən və məzmunu açıqlanan bir sözə yeni məna yükləndikdə Ağalar bəyin etdiyi kimi həqiqi tutarlılığı olmayan fikrlərə meyllik yaranır. Məsələn Ağalar bəy deyir ki, “naz” sözü türk dilində olan “Qıncanmaq” sözündən əmələ gəlmiş ola bilər. Belə bir iddiaya milliyyətçilik təmayüllərini qatdığından ciddiyyət əvvəldən yox olur. Çünkü ensklopediyalar yazılan vaxtlardan və sözlərin etimologiyası haqqında tədqiqatın aparıldığı dövrlərdən az zaman keçməyibdir. Naz sözü türkcə ola bilməz. “Naz” şəhər həyatına adət etmiş cəmiyyətə xasdır. Dillərin formalaşdığı dövrlərdə türklərdə şəhər həyatı olmayıb axı. Buna görə də mədəniyyətin sturukturunu təşkil edən “divar, pəncərə, küçə,dəhliz, mətbəx, təndir, kümə, masa, çıraq, novruz, həftə, şalvar, tuman, corab, kənd, şəhər, taxça, dirək, naz, nemət, …” kimi sözlər qeyri-türk dillərindən alınma sözlərdir. “Naz” kimi hər kəsin dilində əzbər bilinən bir söz haqqında fərqli fikr açıqlamaq məsuliyyət tələb edir. Bunun üçün Füzuli və Nəsimi şeirlərini oxumaqla yanaşı, izahlı lüğətlərə baxmaq da lazımdır əlbəttə. Bəli, “naz” sözü təmiz fars sözüdür və türk dili ilə bir əlaqəsi yoxdur. Çünkü bədii ədəbiyyatın gündəmində olan və müxtəlif şairlərin yazılarında, mahnı sözlərində təkrarlanan bu sözün kökünü türk dilinə bağlamaq mümkün deyil. Naz sözü Qıncanmaq sözünün deforma edilmiş şəkli ola bilməz. Bəzi çoxhecalı sözlər deforma edilmiş söz ola bilər ancaq təkhecalı sözlərin deforma edilməsi də asan deyil. Bir söz deforma olaraq heca sayısını azaltmaz. Qıncanmaq feilinin heca itirərək tək hecalı “naz” sözünə dönüşməsi mümkünsüzdür. Gündəlik tələffüzdə və bədii ədəbiyyatda çox işlənən sözlər belə təhriflərə məruz qala bilməz. Naz sözündən törəyən nazik, nazənin kimi sözlər də var. Kökləri naz sözüdür. Məsələn Füzuli Leyli və Məcnun əsərində yazır:
“Nazik bədəninlə bərgi-gülsən,
Əmma nə deyim ki, çox yünülsən”
Göründüyü kimi burada naz sözündən törəyən nazik sözü nazın ən dərin və abırlı-həyalı qatını ifadə etmişdir.
Naz sözünün erotik qatlarını açıqlamağa gəlincə yenə də etibarlı olmayan tərcümə mətnlərinə baş vurmağa gərək yoxdur. Tərcümə qaynaqları bizi yanlışlığa sürükləyə bilər. Öz dilimizdə olan mətnlərdən yardım almalıyıq. Çünkü Füzuli və Nəsimi kimi şairlər Nizaminin mənsub olduğu eyni ədəbi məktəbin davamçılarıdır. Füzuli naz sözünün Nizami, Mövlanə, Xaqani, … kimi şairlərin istifadə etdiyi anlamda istifadə etməsəydi, onun yazdıqları qədimdən var olan idrak ənənələrinə tabe olmazdı. Bu da mətnin anlaşılmasında problem yaradardı. Ona görə də tərcümə qaynaqlarını buraxıb orijinal qaynaqlara müraciət etmək daha doğru metod ola bilər. Füzulinin naz sözünü necə açıqladığına dair nümunələr verək:
“Qız, nərgisi məst edib füsun saz,
Oğlana satanda işvə vü naz.
Oğlan necə səbər pişə qılsın?
Vər səbri həm olsa, nişə qlsın?”
Bu misralardan da anlaşıldığı kimi “naz” fitri bir davranışdır. Bu fitri qadınsılıq bəzi qızlarda aşırı, bəzilərində normal, bəzilərində də olmaya bilər. Necə ki, Məcnun məktəbdə ancaq Leylidə belə bir nazın olduğunu görür. Demək ki, Naz qadın əfsunkarlığıdır. Erotizmlə gözəlliyin vəhdətindən meydana gələn bir fenomendir. Erotizm Şərq ölkələrinin sosial həyat tərzində yasaqlandığı üçün gizlin ədəbiyyata yüklənmişdir. Əslində Şərq şeirində erotizmin bu qədər güclü olması qadağaların, yasaqların nəticəsi olmuşdur. Daxili sirli həyat dəngəsi və qaynağı olan erotizm sadəcə şeirdə olmamalıdır. Həyatın başqa qatlarında da şeirdə olduğu qədər olmalıdır. Çünkü erotik şüur depresiyaya, ruh düşkünlüyünə uğramanın önündə əngəl ola bilər. Və Füzuli naz sözünü belə açıqlayır:
“Sən ziynəti-hər gili-zəminsən,
Gül kimi lətif və nazəninsən.”
Deyir ki, sən yer üzündəki palçığın(gilin) üzərindəki bəzəksən və gül kimi incə və nazlısan. Yəni naz və gül kimi zərafətlik arasında sıx bir əlaqə vardır. Düşünürəm ki Naz sözü üzərinə bu qədər açıqlama kifayətdir. Ancaq bədənlərinin estetik quruluşu yerində olan gözəl qızları sərv ağacına bənzətməkdən daha adekvat və onları salxım söyüdə bənzətməkdən daha qeyriadekvat başqa bir şey ola bilməz. Bu, sadəcə Şərq ədəbiyyatında belə deyildir. Qərb və Hind ədəbiyyatında da belədir. Yüzillər boyunca bəşəriyyətin təbiətlə irtibatı nəticəsində ortaya çıxan estetik bir müşahidədir. Sərv ağacı həyat duyğusuyla doludur. Salxım söyüd sərv kimi dümdüz deyildir. Əyri-üyrü, köntöy, gövdəsi üzərinə səliqəsizcə dağılmış şaxələri və budaqlarıyla tam bir yaşlanmış və həyat duyğusunu itirmiş qoca arvada bənzəyir. Hələ bir də salxım söyüdü payızda gördüyümüzdə artıq sərv ağacında olduğu kimi onda həyat duyğusundan əsər də qalmaz. Simmetrik və tarazlı olmayan bütün gözəllikləri də yox olub gedər.
Şərqdə Ağalar bəy kimi qadın şəxsiyyəti və təbiəti üzərinə düşünmək dərin bir ənənə olmuşdur və hələ də kişilər bu köhnəlmiş xasiyyətlərindən vaz keçmirlər. Halbuki, qadın kişilərin anlatdığı kimi deyildir, kişilərin anlatdıqları qadın üzərinə onların duyğu və düşüncələridir. Hərşeydən əvvəl qadın müstəqil zövq və həyat duyğusuna sahib olan insandır ki, bunu da kişilərin tarix boyu qaba tətbiqatları imkan versə qadınlar özləri sərgiləyib isbatlamalıdırlar. Mövlanənin, Füzulinin qadınları necə anladıqları onların şəxsi kişi problemləridir. Ən doğrusu onlar qadınların özlərini anlatmalarına imkan yaratmalıydılar. Kişinin necə olmasına dair tarixdə heç bir qadının yazdığı ədəbi qaynaq olmadığı halda hələ də kişilər qadın şəxsiyyətini anlatmaqda bir missiyalarının olduğunu zənn edirlər? Niyə görəsən? Ancaq onu deyim ki qadın gözəlliyi və nazlı duruşu, nazlı yerişi və bütün nazlı davranışları sadəcə kişilər tərəfindən görünən bir şey deyildir. Mülayim bir yel əsir və sərv ağacı bu yelin qarşısında zərif bir hərəkət edir. Bir başqa şeirində Füzuli sərv kimi nazlı gözəlin onda oyatdığı ruh hallarının bəyan edilə bilməyəcəyini dilə gətirir və bu sirrin açıqlanmasının mümkün olmayacağını söyləyir. Çünkü Füzuliyə görə bir kişinin sevdiyi zaman gördüyü naz və bu nazın onun iç dünyasında oyatdığı aydınlıq açıq şəkildə bəyan edilə bilməz:
“Razi eşqin saxlaram eldən nəhan ey sərvi-naz,
Getsə başım şəmi-tək mümkün deyil ifşayi-raz.”
Naz əməlinin şüurlu bir aksion, ya da şüurrsuz bir hərəkət olduğu da əhəmiyyətli bir mövzudur. Ancaq hər halda naz bir əməldir. Bir “etmək”dir. Bunu anlaya bilməmiz üçün Şəhriyarın şeirləri də bizə kömək edə bilər. Çünkü O, fars dilinin və türk dilinin böyük şairidir. Şəhriyar yaradıcılığındakı “naz” sözünün mahiyyəti 1000 illik bir məna ənənəsini bəyan edir. Eyni zamanda Şəhriyar yaradıcılığı pozitiv və təbii bir xəttədir. Şəhriyar belə demişdir:
“Çoxlar incikdi ki, sən onlara naz eyləmisən,
Mən də incik ki, mənim nazımı az eyləmisən.”
Deməli “naz” bir hərəkət bir faktdır. Gözəlliyin rəmzi olan qadın adlı varlığın səliqəsindən, duruşundan, davranışından, gülüşündən, görünüşündən ifraz edən cazibəli və təsirli bir enerjidir. Belə bir nazın zirvəsinə “şahnaz” da deyilmişdir. Şah naz, yəni naz etməkdə səviyyəni aşaraq şahlıq taxtına oturan gözəl və gözəllik deməkdir. “Şahnaz” muğamını da xatırlayaq. Ona görə də şahnaz muğamını hər kəs oxuya bilməz. Səsin o əlçatmaz gözəllik zirvəsinə çatması lazımdır. “Naz”ın gözəllik tərəfindən pozitiv və yaradıcı əməl olduğunu Nəsimi də bu şəkildə açıqlamışdır:
“Könlümüz bir yar əlindən xəstədir,
Gözü qara, qaşları peyvəstədir.
Naz edərsə nazını çəkmək gərək,
Can fəda qılmaq gərək, növrəstədir.”
Göründüyü kimi dilimizdə naz sözünün mahiyyətini açıqlayan möhkəm bilgilər varkən tərcümə qaynaqlarına dayanıb tutarsız izahlarda bulunmanın bir mənası yoxdur. Bu nümunələri davam etmək olar.
Ağalar bəyin “Naz kahinlərin üslubudur” ifadəsinin heç bir tutarlılığının olmadığını da söyləməliyəm. Çünkü kahinliklə naz tamamilə fərqli, hətta ziddiyyətli mövzulardır. Naz bəzi qadınların təbiətində var olan bir qüvvədir. Kahinliklə bunun nə əlaqəsi? Üstdə işarə etdiyim Füzuli və Nəsimi şeirlərini oxusaydılar belə yanlışllığa yol verməzdilər. Tərcüməyə əsaslanmaq adamı belə xətalara sürükləyə bilər. Naz erotik duyğu istehsal edən təbii davranışdır və hər qadında da olmaz. İnsanlar təbiətləri etibarı ilə dörd qismə ayrılırlar: 1- Cazibəsi az, dafiəsi (uzaqlaşdırıcılığı) çox olan, 2- Cazibəsi və dafiəsi arasında tarazlıq olan, yəni ikisi də bərabər olan. 3- Nə cazibəsi, nə də dafiəsi olan. 4- Cazibəsi dafiəsindən güclü olan. Bax bu dördüncü xarakter bir qadında olduğunda və onun zahiri gözəlliyi ilə bütövləşdiyində naz ortaya çıxar. Çünkü naz qadın gözəlliyində mərkəzləşmiş cazibənin, hətta yıxıcı gücün adıdır. Burada Ağalar bəyin soruşduğu sual da cavablanır ki, bəli, kifirin nazının cazibəsi olmaz. Bədii ədəbiyyata, minyatura mövzu olmasının da səbəbi budur. Bəzən fəlakətlər törətsə də həyatın və bəşəriyyətin bu cazibə enerjisinə ehtiyacı vardır. Buradan da yola çıxaraq Ağalar bəyin Vahidlə bağlı söylədiklərinin də tutarsızlığı ortaya çıxır. Çünkü Vahid şair olaraq məsələn Şəhriyar və Füzuli səviyyəsində olmasa da, qəzəl janrı etibarıyla o məktəbə mənsubdur və şeirlərində qadın nazına dair bəyan etdikləri klasik ədəbiyyatın ənənəsindədir:
“Yansın dilim ağzımda desəm nazını az et!
Naz et mənə ey sevgili canan mənə naz et!”
Bu ifadələr Şəhriyarın, Füzulinin və Nəsiminin görüşlərinə bənzəyir. Ancaq Vahid sadə dildə yazmışdır. Naz sözü üzərinə bu qədəriylə kifayətlənərək Ağalar bəyin yazısındakı başqa mövzunu təhlil edək.
Ağalar bəy istər bu yazısında istər digərlərində olsun Şərqi öyərək Qərbdən daha üstün görməyi bəyan etməyə çalışır. Əvvəla bir sual soruşmaq istərdim ki, Şərq haradır? Ərəbistanın quraq və qumlu çölləri? İranın, Əfqanistanın yağışsız ucsuz-bucaqsız bölgələri? Mərkəzi Asiyanın faydasız və istidən qovrulan torpaqları? Bu Şərq haradır? Diclə və Firat çayları bir-birlərinə yaxınlaşıb dənizə qovuşduqları yerdə qismən məhsuldar kiçik bir bölgə təşkil edir. Buraya Mesopotamiya demişlər. Haradasa təxminə Naxçıvan böyüklüyündə bir regiyondur. Şərq buradırmı? Bu Şərq deyilən mədəniyyətin beşiyi haradır və o mədəniyyətin konkret elementleri nələrdir? Məsələn Renesasdan başlayaraq modern Qərb mədəniyyəti qədim yunan mədəniyyətinin möhtəşəm kitablarını özünə örnək və tarixi dayaq nöqtəsi olaraq seçib yüksəlmişdir. Soruşmaq istəyirəm ki, bu öyülən Şərqdə də bir renesans gerçəkləşsə, hansı tarixi dövrü örnək alıb yüksələ bilər? Platonun, Aristotelin və digərlərinin əsərləri kimi sistemli bir düşüncə mirası varmı? Yoxsa məsələn Mövlanənin bir şeirində öyüb digər şeirində qəbul etmədiyi sistemsiz şeirləri mi nümunə alaq? Mövlanəni hansı yunan mütəfəkkiri ilə müqayisə etmək olar? Heç birisiylə. Çünkü Mövlanə sadəcə olaraq şairdir. Şərqçilər mədəniyyətin nümunəsi olaraq tarixdə sistemli bir nümunə tapa bilmədikləri üçün eşq haqqında danışırlar. Eşq nədir? Məsələn halhazırdakı pandemiya dünyanı təhdid edərkən eşq bəşər üçün nə yardımı edə bilər? Bəşər yenə də ağla ehtiyac duymaqdadır. Çünkü eşq əməklə əldə edilməz. Bəşərin doğasında eşq və tutqu vardır ki, çox vaxtda zərərli olar. Mövlanədədə ağıllı bəzi sözlər var. Elə Mövlanənin dediyi kimi eşq öyrənilməz, əməklə əldə edilməz, özü gələr və gəldiyində də qabağı alına bilməz. Yəni eşq əmək gərəkdirməyən bir tutqudur. Lakin ağlın aydınlanması əmək və durmadan bilgi birikdirmə və tədqiqat gərəkdirir. Məsələn qərbdə Eqzistensial fəlsəfənin banisi sayılan Danimarkalı filosof Kierkegaard insan fərdini və onun inkişaf mərhələlərini eşq, iman əhatəsində qələmə almışdır. Ama onun bu fəlsəfəsində eşq də, din də insanın həqiqi azad varlığa yönəlməsinin pillələrində yer alır. Kierkegaarda görə insan varlığının həqiqi mahiyyəti əvvəlcə hissi təbiətindən, sonra ümumbəşəri səbəbdən üstün olmalıdır. Kierkegaard mövzusu bu mövzuyla hardasa əlaqəlidir, ama çox da dərin fəlsəfi mövzudur. (bu mövzunu dərinləşdirmək olar)Keçək Ağalar müəllimin şərq-qərb qarşılaşdırmasına .
Ən önəmlisi Şərq-Qərb qarşılaşdırması fəlsəfənin mövzusu deyildir. Çünkü burada Ağalar bəyi filosof olaraq təqdim ediblər. Şərq-Qərb qarşılaşdırılması fəlsəfənin mövzusu deyil, sosiologiyanın mövzusudur. Sosiologiya bir fenomeni məkanda, tarix isə zamanda araşdırır. Şərq və Qərb məkandır. Hər məkanın bəzi imkanları və imkansızlıqları vardır. Bu imkanlar müəyyən dinlərin, inanc və törələrin ortaya çıxmasına səbəb olur ki, kültür də belə bir mühitdə doğulur. Heç bir mədəniyyət inancmehvərli ola bilmədiyi kimi, bütün kültürlər inancmərkəzlidir. Çünkü kültürün həyat ölçüsü bütün bəşəriyyət üçün keçərli değildir, sadəcə o dinə, inanc və törəyə inananlar üçün keçərlidir. Mədəniyyət isə bütün bəşərə xitab edir. Ona görə də tarixdə mədəniyyətlərin kökü çox da dərində deyil. Dərində olan kültürlərdir. Qədim Yunan istisna olmaqla yerdə qalanlarda heç kainat haqqında düşüncə də yoxdur. Yəni hamısı kültürdür. Yunanınkı isə mədəniyyətdir, çünkü şəhərdə doğulmuşdur. Bəli, Şərq-Qərb qarşılaşdırılması fəlsəfənin mövzusu deyildir. Fəlsəfə dil-düşüncə-varlıq (kainat) üçbucağında sorub soruşduraraq bilik yaradır. Bu səbəbdən fəlsəfə regiyonal işlərlə məşğul olmaz, insanı və onun ehtiyaclarını bir bütün olaraq incələyir. Şərq-Qərb qarşılaşdırılması kültür fərqliliklərini incələyən sosiologiyanın mövzusudur. Şərq mövzusuna gəlincə Şərq heç vaxt öz varlığının bilincində olmamışdır. Şərqin öz varlığının bilincində olmasını bərqərar edən də Qərb olmuşdur. Qərbdəki kəşflər, gəlişmələr, metodoloji yanaşmalar şərqşünaslıq deyə bir elm sahəsi yaratmışdır. Bizim Dədə Qorqud kimi kitablarımız belə Qərbin arxivlərində qalmasaydı, itib batacaqdı və onun varlığından xəbər tutmayacaqdıq. Öz varlığının idrakında olmayan varlıq var deyildir, yoxdur. Şərqin öz varlığının idarkında olmasına dair hansı məlumat qaynağı və kitablar vardır? Şumerləri kim kəşf etdi? Şərqlilərmi? Qərbin mütəxəssisləri iynə ilə onillər boyu qazıntı apararaq Şumerləri kəşf etmədilərmi? Ən önəmlisi axı bu Şumerlərdə nə var? Hansı mədəniyyət izi var? Bir Qılqamış mifi ilə mədəniyyət olar? Miflər gerçək tarix deyildir. Gerçək tarixin paralelində təxəyyülün məhsuludur. Yəni Qılqamış dastanı deyə Şumerlər zamanında bir hadisə olmamışdır. Bizə uşaqlıqda danışılan nağıl kimi bir macəradır qılqamış. Gerçək tarix Şumerlərlə bağlı belədir ki, Şumer kralları öldüklərində minlərcə kölə və kənizlərini o dünyada da kralın xidmətçiləri olsunlar deyə diri-diri onun yanında gömürdülər. Budur mu Ağalar bəyin öydüyü unudulmuş möhtəşəm Şərq mədəniyyəti?
Hindistan və Çin başqa iqlimdilər. Şərqin o bölgəsini tanımaq ayrıca metod tələb edir. Çünkü orada yağış çox yağır. Torpaq olduqca məhsuldardır. Oralarda belə, yunan mədəniyyəti kimi sorğulayıcı mədəniyyət doğulmamışdır. Sadəcə olaraq praktik ağıl inkişaf etmişdir və nəzəri ağıl inkişaf etməmişdir. Kantın “Praktik ağlın tənqidi” kitabı da nəzəri dərinlikdən məhrum olan Çin ağlı kimi ağıl növlərinə yönələn tənqidi yanaşmadır. Necə ki, Bertrant Russell kimi modern dövrünün filosofları da deyirlər ki, renesansdan sonra Qərbin kəşf etdiyi rasionalizm 2500 il öncədən Çində var idi. Rasionalizm teknik bilgidir. Əşyanı maddi rifah üçün istifadə etmə bilgisidir. Çində olan da bu idi və indi də budur. Lakin qədim Çində var olmayan 18-ci əsrdə Avropada baş qaldıran intellektualizm ağlı idi. Yəni nəzəri və sorğulayıcı bilginin olmamasıydı. İntellektual çalışmalar ağlın ışıqlanmasına, aydınlanmasına şərait yaratmışdır. Maddəni maddəyə qatıb texnologiya düzəltmə əməlində aydınlanma yoxdur, olmasına da gərək yoxdur. Bunlar da Çində olmuşdur. Ağalar bəyin təriflədiyi Orta Şərqdə bunların heç biri olmamış, yoxdur ola bilməzdi. Niyə? Çünkü su yoxdur. Su olmayan yerdə mədəniyyət olmaz, savaş və xaos olar. Ona görə də Orta Şərq xaos və savaş iqlimidir. Yoxsulluq iqlimidir. Elit təbəqə və aristokratiya bu iqlimdə doğa bilməzdi. Bir az iqlimşünaslıq bilgiləri məsələni anlaya bilməmizə kömək edə bilər. Orta Şərqdə yağışın illik miqdarı ortalama 15-35 sm arasındadır. Bu miqdar Avropada 150-200 sm arasındadır. Bax Şərqin fəlakəti budur. Bəzi çayların ətrafında əkinçilik inkişaf etmiş, ancaq yağış başqa məsələdir. Çayların sularını düz yerlərə çəkmək olar. Təpələrə, yüksəkliklərə çəkmək olmaz ki. Hər xalqın xarakteri onun iqliminə bənzəyir. Orta Şərq iqlimi köçəri həyat məkanıdır. Dumanın arxasınca sürünmək. Burada da köklü və soylu mədəniyyət doğa bilməz, doğa bilmədi. Doğması da ehtimal edilmir. Ona görə də şəqlilər hər zaman Qərbə doğru mühacirət edən xalqlar olmuşlar. İmkan olduğunda Əhəmənilər, Hunlar, Səlcuqlular və Osmanlılar və s nəticədə qərbə yürüş etmişlər. İmkanları olmadığında da günümüzdə olduğu kimi mühacirlər olaraq Qərbə tərəf axın etmişlər. Bax mədəniyyət də budur. Mədəniyyət Ağalar bəy kimi yaşamağa məkan axtarana həyat haqqı tanıyan Qərb humanist mədəniyyətidir. Həyat imkanlarını söndürən Şərq qabalığı deyildir. Qədim yunan filosofları nədən şərqliləri bərbər adlandırırdılar? Çünkü onlara görə şərqlilər o zaman da savaşamağı bacarmadılar. Savaşdıqlarında qarşı tərəfin həyat qaynaqlarını yox edirdilər. Yunanistan meşələrin əhatəsində oub həmişə. Əhəməni casusları savaşmadan öncə meşələri yandırırdılar. Çünkü meşədə atlar qaça bilməzdilər. Yunanların şərqlilərə bərbər demələrinin haqlı səbəblərindən biri bu idi. Aclığın, yoxsulluğun qovurduğu yağışsız quraq Şərq iqlimində humanist mədəniyyət doğmadı, doğa bilmədi. Oradan-buradan 2-3 şeir parçası tapıb onu mədəniyyət nümunəsi olaraq təqdim etmək yanlış yöntəmdir. Mədəniyyət sadəcə cəmiyyətin həyatında təsiri olmayan 2-3 şeir parçası deyil. Mədəniyyət bütün elementleri öz yerində olan mürəkkəb bir sistemdir. İş bölümü, əxlaq ölçüsü, din anlayışı, sənət olqusu, şəhər həyatı, kanalizasiyası, məhəlli kültür varlığıyla bir yerdə bir bütündür. Bu sistemdə hər kəsin Mövlanə, Füzuli kimi olmasına gərək yoxdur. Bu sistemdə hər kəsin insanca yaşama haqqına sahib olması gərəkir. Hələ Mövlanə və Füzuli yazılarındakı xürafatı və mədəniyyət düşmənliyini incələmək başqa mövzudur və bu dialoq davam edərsə, bunları da bir-bir açıqlamağa çalışarıq. Anadoluda, orada-burada bir saxsı qırığı tapmaqla minillər öncə mədəniyyət olmuş tezisini savunmanın təməli yoxdur. Bu an mədəniyyət hardadırsa, elə əvvəldən də o iqlim mədəniyyətə uyğun olmuşdur.
“Qadın mövzusu Şərqin ən ilk sirlərindən biri, bəlkə də birincisidir. Şərqin ilk məbudu, bütü qadındır, dişilikdir, tarladır…” bu iddiaların heç bir tutarlılığı yoxdur və şərqçi milliyyətçiliyin təməlsiz iddialarından başqa bir şey deyildir. İnsanın instinkləri, fitrəti hər yerdə eynidir. Şərqdə qadın heç bir zaman mədəniyyətin mövzusu olmamışdır və deyildir. Mifləri bir yana buraxmaq lazımdır. Füzuli kimi bir fanatın hansısa şeirində qadın kimliyini aramaq tutarlı axtarış deyil. Sosial həyatda qadın harada olmuşdur? Niyə böyük islam filosofu İbni-Rüşd “Şərqin ilk problemi qadına haq tanımaması, onu sosial həyatdan uzaq tutmasıdır və bu problem həll olunmadıqca da Şərqin qurtuluşu yoxdur” deyə yazmışdır? Niyə görəsən? İndi gerçək sosial tarixi buraxıb və bir şairin xülyalarındakı düzməcələrinimi tarix yerinə qoyaraq qadın kimliyini aaraştaracağıq? Modern Qərb mədəniyyəti qadına şərəf, haq və azadlıq tanımışdır. Bu azadlığı əldə etmək üçün Qərbin ziyalı cəsur və qorxmaz qadınlarının necə mübarizə etdikləri başqa mövzudur. Çünkü iqtisadi haqqı olmayan, maddi baxımdan öz ayaqları üstündə dura bilməyən qadın kişinin köləsindən başqa bir şey ola bilməz. Bu hüququ da qadına müasir qərb mədəniyyəti tanımışdır. Orta Şərqin şairlərinin bütün əsərləri irdələnsə də, orada qadınları sosial həyatda tanımlayacaq bir tək cümlə tapa bilmərik. Ən əsası da odur ki , niyə bu kişilər qadının necə olmasına dair bu qədər düşünüb durmaqdadırlar? Qadın özü bu haqda düşünsə yaxşı olmazmı? Məsələn qadının tarla olma məsələsinin haradan gəldiyi bəllidir. Qadın özünü tarla olaraq görmək istəyirmi? Nədir tarla? Tarla bir mülkdür. Bir kişinin mülküdür və kişi istiyərsə, o mülkü sata da bilər. Tarla bu deyilmi? Tarla mülk deyilmi? Düşüncə tarixini buraxıb qədim Şumer mifindən örnəklərlə qadın problemi çözülə bilməz. Necə ki, zatən bu miflər çözə bilməmişdir. Çünkü bütün bu miflər də kişilər tərəfindən və kişimərkəzli olaraq uydurulmuşdur. Qadınların Şərqdə öz haqları yolunda xəyal qurma və bu yolda bilgilərini paylaşma azadlıqları olub mu? Füzuli, Mövlanə, … bunlar kişi deyillərmi? Niyə aralarında qadın yox? Axı bu kişilər nədən qadın üçün hərhansı bir ölçü bəlli etməlidirlər? Bir Məhsəti Gəncəvi olub ki onun da əsərlərinin tarixdə qalmasının səbəbi monqollar olmuşdur. Monqollar gəldikdən və qeyri-dini dövlət qurduqdan sonra Məhsətinin feminist məzmunlu rübailəri işıqüzü gördü. Şərqdə qadına belə haq tanınmışsa, niyə bütün tarixdə qızların elm öyrəndikləri bir məktəbə şahid olmuruq? Şumer, Əhəməni, Abbasi, Osmanlı, Səfəvi, … və başqa dövrlərdə qadın təhsilinə dair konkret bir məlumat varmı? Qadın hər tür elm öyrənməkdən, fəlsəfə oxumaqdan, siyasətdən və sosial həyatdan kənar tutulacaq, sonra hansısa şairin xəstə xəyalından yoğrulan bir beyt şeir qadın tərifi üçün örnək göstəriləcək. Qəribə deyilmi?
“Qərbdə allah dövlət kimi yerə endisə (Hobbes, Hegel), Şərqdə allah qadın kimi yerə endi.” Dövlətin mənasını da Ağalar bəy burada doğru göstərməmişdir. Əvvala Hobbes–Hegeldən əvvəl Roma mədəniyyəti olmuşdur. Hüquq olmuşdur. Qanun və məclis olmuşdur. Dövlət bəşərin ən böyük kəşfidir və ondan daha böyük kəşf yoxdur. Çünkü güvənlik olmayan yerdə nə eşq olar, nə də həyatın başqa gözəllikləri. Yağma və soyqun, güclünün gücsüzün namusuna təcavüzü olar. Şərqdə Allahın qadın kimi göydən yerə enməsi də bir yalandır. Məncə belə qeyri-elmi və düşüncənin qarşısında olan ifadələri artıq dialoqlardan və yazılardan çıxartmaq lazımdır. Göy nədir? Göy haradır? Göydən yerə necə enmək olar? Artıq elm isbatlayır ki, sadəcə bir tek kosmos var və yer özü də onun boşluğunda hərəkət edir. Göydən heç bir şey enə bilməz. Yağış belə göydən yağmır. Yağışın göydən yağması ibtidai inancların nəticəsidir. Çünkü yağışın yağdığı o yüksəklik hələ də yerdir. Yerdəki sular buxar olub oradan yenidən geri dönür. Yəni yer kürəsi atmosferiylə bir yerdə bir bütündür. Atmosferdən o tərəfə havasızlığın başladığı hüduddan sonra göy və ya bir tək uzay başlayır. Bir fikri daha cazibəli göstərmək üçün xürafata baş vurmağa gərək yoxdur. “Şərqdə qadın Allah kimi yerə enmişdir” nə deməkdir? Qadın niyə Allah kimi olmalıdır? Qadın sadəcə olaraq insan olmalıdır. Sanki Allah kimi olmaqla onun məqamı yüksəlir? Yox, yüksəlmir. Tam tərsinə bu kimi şablon ifadələrlə guya qadın yüksəldirlir, əslində isə Şərqin qədim və çürük ideyalarının tutarsızlığı içində qadının sosial və yüksəlmə, azad və hətta istərsə tək yaşama haqqı əlindən alınır. Bu tutarsız, ancaq təmtəraqlı cümlənin arasında qadına hörmət yoxdur, hörmətsizlik var. Çünkü qadının nə olacağına dair qərar vermək onun öz işidir. O, insan olmaq istəyir və yerə enmiş Allah filan olmaq kimi gərəksiz sözlərin içində özünü həbs etmək istəmir. Humanist qanunların hakim olduğu azadlıq mühitində yaşamaq istəyir.
Ağalar bəyin bu iddiaları renesansdan sonra başlayan dövrdə Avropanın böyük filosofları, aydınları və alimləri tərəfindən nöqtəsinə qədər cavablanmışdır. Xüsusən 18-ci əsr maarifçi ziyalıları cavablayıblar. Onlar da belə şablon sözlərlə qarşılaşırdılar. Sonra dedilər ki, gözə görünməyən bu kilsənin allahı hər işə qarışır, ancaq heç bir işi də düzəldib qaydasına qoya bilmir. Onda gəlin bunu ağlımızdan çıxararaq. İnsanmərkəzli düşününərək ağlımızdan yararlanaq. Belə də etdilər. Egzistensializm kimi insanın bədənini və şüurunu mərkəzə alan fəlsəfi cərayanlar baş qaldırdı. Bax humanism və modern qadın haqları, uşaq, yaşlı və bir sözlə insan haqları bu prosesin içində doğdu. İnsanmərkəzli düçüncə Şərqin Füzulisisindən, Mövlanəsindən, Nəsimisindən heç bir şey almadı, çünkü alınacaq bir şey yox idi. Sadəcə olaraq köklü paradiqma və vizion dəyişiminə getdilər.
Çox uzun olmasın deyə bir cümlənin də antitezisini müdafiə edərək bitirmək istəyirəm. “Qərbdə dövlət din kimidirsə, Şərqdə eşq din kimidir.” Bu cümlə heç bir tarixi gerçəkliyə dayanmır. Bunun üçün həm şərqşünas, həm də qərbşünas olmaq lazımdır. Heç bir məzmunu yoxdur. Səslənişi də xoş deyildir. Çünkü sosioloji tutarlıılığı yoxdur. Nə Qərbdə dövlət dindir, nə də Şərqdə din eşq olmuşdur. Bunlar subyektiv bir görüşdür və heç bir obyektiv tərəfi yoxdur. Qaynaqlara görə Qərbdə dövlət vətəndaşın güvənliyini sağlayan ən möhtəşəm mürəkkəb alətdir. Elə möhtəşəm alət ki, Şərqin də miskin aydınları can güvənıliklərini qoruya bilmək üçün Qərbin bu vasitəsinə sığınırlar. Şərqdə isə, eşq din deyildir və heç bir zaman olmamışdır. Şərqin hansı qaynağında eşqin din olduğu yazılmış? Heç bir qaynağında. Eşqin din olması gözəl bir şey deyil ki. Hər birinin öz yeri var. Din kollektiv həyatı, sosial münasibətləri, ibadət şəklini, halalı-haramı, cənnət-cəhənnəmi müəyyən edər, ancaq eşq fərdidir. Fərd öz davranışlarını göstərər. Kollektivləşən eşq qədər mənasız bir şey ola bilməz. Eşq fərdin daxili sirri və tutqusudur. Din isə kollektivin həyat və ibadət litraturunu ehtiva edər. Ağalar bəy bu yazıda qadın-din-eşq mövzusu üzərinə çox tutarsız söhbətlər etmişdir, onları bir-bir burada incələsək, çox uzun olar. Sadəcə bir cümlə ilə bitirim ki, Ağalar bəyin bu tutarsız iddiaları Şərqin quraq çöllərinin bərəkətsiz torpaqları kimidir. Deyəsən Ağlar bəy, hələ yaxşı tanımadığı Qərbdə azad qadınların öz əməkləri hesabına kişimərkəzli tarix basqısından azad edildikləri üçün bir az narahat olub. Bu narahatlıq yazdığı yazının qatmanlarında açıq şəkildə hiss edilir.