Bakıda 8 mart yürüşünün təşkilatçısı: “Polisin şiddətinə məruz qalmışıq”
Mart 8-də Feminist Hərəkatı Bakının Fəvvarələr Mərkəzindən başlayaraq “8 MARŞ – Bizimdir Hürr Küçələr” yürüşünü keçirir. Aksiyanın əsas şüarı “Şiddətə susma!” olub. Nizami küçəsində polislər aksiyaya müdaxilə edib, onların irəliməsinin qarşısı alınıb.
Uzun illərdir belə zövqlü sloqan eşitməmişdim. Ürək coşduran şüardır! Adama küçə hürriyyətinə hakimlik duyğusu yaşadır.
1988-ci ilin 17 noyabrında universitetimizin həyətindən başlayıb şəhərin küçələrini bir-bir fəth edərək Lenin meydanına yetişən yürüşümüz vaxtı yaşamışdım bunu. Bu duyğunun gücüylə Azadlıq səhnəsinə çevirmişdik şəhərin baş meydanını. Dünənki videoları izlədikcə xatırladım.
Bir yandan mübariz gəncliyimizlə fəxr edirsən. Bir yandan da bu gəncliyə Qarabağsız ölkə, azadlıqların boğulduğu bir məmləkət qoyduğumuzun utancını yaşayırsan. Öz yükünü balaların çiyninə ötürən ata kimi…
Dünənki yürüş həm də təfəkkürlərarası mübarizəyə səhnə oldu.
“Avropa dəyərlərini bəyənmirsən, özün də Avropa stilində geyinirsən. Onda, Avropasayaq geyinmə də, get çadraya bürün!”
Bu sözləri yürüş iştirakçılarına etiraz edən bir qadının atmacasına cavab olaraq yazıçı Zümrüd Yağmur dedi. BBC-nin yayımladığı süjetdə eşitdim.
Bu sözlər tək günümüzün yox, zəmanəmizin sloqanıdır. Avropa dəyərlərinə ən yüksək səviyyədə tənələr edilir. Sən demə bütün bəlalarımızın səbəbi Avropa dəyərləriymiş. Sanki şahsevənlik də, korrupsiya da, çapolçuluq da, yaltaqlıq da, torpağı düşmənə verib arsız-arsız yaşamaq da, haqsızlıq da, ədalətsizlik də, bərabərsizlik də Avropa dəyərləriymiş.
Özülü Avropa dəyərləriylə qoyulmuş bir dövlətdə bu dəyərlərə ağız büzülməsinin siyasi təbliğata çevrilməsi prosesi gedir. Görünən budur!
Görünən həm də odur ki, çoxumuz 8 Martın əsl mahiyyətini bilmirik. Sovetdənqalma şüurumuzla elə bilirik ki, o, yalnız qadınların bayramıdır. Onu SSRİ-də kommunistlər bayrama çevirdilər. Biz sovet adamları da gözümüzü açandan qadınlar günü kimi qeyd edir, sevimli xanımlarımızı güllə, hədiyyələrlə təbrik edirik.
Əslindəsə “8 Mart” solçu ideologiyaya bağlı siyasi aksiyadır – sosialist qadınların bərabər hüquqlar uğrunda mübarizə tarixidir. Yarandığı ABŞ-da, Qərbi Avropada bayram edilmir. Dünyaya sosial-demokratiyanın ən parlaq modelini bəxş etmiş İsveçdə belə adi iş günüdür, xəbərlərdə BMT-nin Beynəlxalq Qadınlar Günü kimi adı çəkilər, vəssəlam.
Hər ilin 8 mart günü feministlər dünyanın müxtəlif yerlərində bərabər hüquqlar uğrunda etiraz yürüşləri keçirirlər. Bəzən diqqət cəlb etmək üçün tələblərini daha açıq şəkildə sərgiləyirlər. Bakıda keçirilən son aksiyaya da ümumfeminist hərəkatının tərkib hissəsi kimi baxılmalıdır.
Polis zorakılığından çəkinməyib küçələrə çıxan qadınların aşağılanması, xüsusilə kişilərin diliylə təhqir edilməsi yolverilməzdir.
Qayıdıb adama deyərlər, sən də ordu günündən özünə “kişilər bayramı” düzəlt, o qadınlar kimi “yarağını” əlinə al, çıx küçələrə, “Qarabağ” deyib işğal olunmuş torpaqları tələb elə, yürü sənə dəyənək endirən polisin üstünə. Cəsarətin çatmırsa, sus.
Sağ olsun qadınlar, bizə bunu demirlər!
***
Bir görünən də odur ki, işimiz ağırdır, hələ gediləsi yolumuz uzundur.
***
“Bizimdir hürr küçələr!” Gəncliyin olan hər yer hürrdür. Bu vətən də onların sayəsində hürr olacaq!
Bizi bağışlasınlar!
Vahid Qazi
9 mart 2020
Helsinqborq, İsveç