Jalə Təbrizli: Təbrizdə milli fəallara etirazlarda iştirak etməmələri barədə xəbərdarlıq olunur
Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsi ilə söhbətdə son vaxtlar İran Azərbaycanında təhlükəsilik qüvvələri tərəfindən təhdid və basqılara məruz qalan milli fəallar haqqında məlumat verib. Təbrizli həmçinin bir müddətdir İranın müxtəlif bölgələrində çox sayda məktəblilərin müşayiəti ilə ifa edilən “Salam Komandir” adlı dini və hərbi mahnı haqqında danışıb. O, bu mahnının ifasında uşaqlardan istifadə edilməsini uşaq istismarı kimi dəyərləndirib. Son aylarda İranın müxtəlif bölgələrində iqtisadi vəziyyətlə bağlı etiraz aksiyaları artmaqdadır. İyun ayının 6-da Təbrizdə təqaüdçülərin təşkil etdiyi böyük etiraz yürüşündə sayları minlərə çatan nümayişçilər İran dövləti və rəsmilərinə qarşı sərt şüarlar səsləndirib.
Jalə Təbrizlinin sözlərinə görə, təhlükəsizlik qurumları bu növ itisadi etirazların yayılmasını önləmək üçün milli fəallara basqı edirlər:
“Məsələn Əyyub və Davud Şiri 2019-cu ildə benzinin qiymətinin artmasına qarşı etrazlarda da tutulmuşdular. Yəni, kimin ki, iqtisadi etirazlarda iştirak edə biləcəyindən şübhələniblər, onlar təhdid ediblər, bəzilərini də tutublar. Təkcə xəbəri yayılanlar deyil. Bəziləri səssiz tutulub, səssiz də çıxıblar və ya telefonla təhdid ediliblər ki, küçəyə çıxmasınlar. Etirazlar olanda, təhlükəsizlik qurumları həmişə diqqət edirlər ki, milli fəalları səhnədən çıxarsınlar.” Hüquq müdafiəçisi əlavə olaraq Təbrizdə təqribən 10 gün nəzarətdə saxlanıldıqdan sonra mülki zəmanətlə sərbəst buraxılan milli fəal Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan haqqında məlumat verib.
“Sima Əlipur (Əkrəm Məşhədi Əlipur) və həyat yoldaşına açıq deməyiblər ki, niyə tutulublar. Bu xanım, həbsxanada aclıq aksiyası başladıb və bu səbəblə bir həftə aclıqdan sonra hər ikisini də zəmanətlə azad ediblər. Məhkəmələri sonra təşkil olunacaq. Bunlar həbsxanada çox əziyyət görüblər. Ona görə ki, onları gəlib, evlərində niyə saxladıqlarını bilməyiblər,” Jalə Təbrizli bildirib. Hüquq müdafiəçisi müsahibədə həmçinin bu günlərdə İranda populyar olan və İslam Respublikası qurumlarının təbliğ etdiyi “Salam Fərmandeh (Komadir)” mahnısı haqqında danışıb. O, bu mahnının ifasında uşaqlardan istifadə edilməsini uşaq istismarı kimi dəyərləndirib.
Bir müddətdir İranın müxtəlif şəhərlərində ifa edilən “Salam Komandir” adlı pop mahnı medianın və siyasi qrupların gündəmindədir. Dini və hərbi məzmunu olan “Salam Komandir” mahnısı adətən çox sayda məktəbli uşaqların müşayiəti ilə ifa edilir. Yarı-rəsmi İSNA agentliyinin bildirdiyinə görə, mahnının türkcə versiyası Təbriz Bələdiyyəsi və Bəsic (İslam İnqilabı Qvardiyasının (Sepah) könüllü qüvvələri) tərəfindən hazırlanıb. Mahnının bir hissəsində uşaqlar bu sözləri oxuyur: “Salam komandir, Seyyid Əli Ağamın ordusu hazırdır… Baxma kiçikdir qəddim (boyum), mən də Bakiri kimi durub cihad edərəm.”