İran Azərbaycanında “Sevgi”-yə şəxsiyyət vəsiqəsi verilmir
İranda Şərqi Azərbaycan vilayətinin Miyana şəhərində, Qeydiyyat İdarəsi Rəna Balar və Mehdi Qiyasinin övladı olan Sevgi adlı uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Miyana şəhərində yaşayan bir ailə uşaqlarının doğum tarixindən bir il keçməsinə baxmayaraq, ona şəxsiyyət vəsiqəsi ala bilməyib.
Sevginin anası Rəna Balar öz şəxsi İnstagram səhifəsində yazıb:
“Sevgi, övladımız üçün anadan doğulduğu zaman seçdiyimiz addır, ancaq bu ada şəxsiyyət vəsiqəsi almaq üçün 1 il səy göstərsək də, qeydiyyat idarəsi bu adın türkcə olduğu üçün qızımıza şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.”
Sevgi adlı uşağın anasının səhifəsində verdiyi məlumata görə, adın ərəb əlifbası ilə türkcə orfoqrafiyasında yazılışı və fars dilinə uyğun olmaması qeydiyyat idarəsi tərəfindən adın rəd edilmə səbəbi olaraq bildirilib.
Son illər ərzində İran Azərbaycanında valideynlərin uşaqlarına ad seçərkən türkcə adlara daha çox maraq göstərildiyi müşahidə edilir. Bununla birgə, qeydiyyat idarəsi tərəfindən bu adlarla müxalifət olunması həmin ailələri problemlərlə qarşı-qarşıya qoyur.
Bu ailələrin bir sırası bəzən illər cəhddən sonra uşaqlarına istədikləri adla şəxsiyyət vəsiqəsi ala bilsələr də, bir çoxu körpəsinə istədiyi adla şəxsiyyət vəsiqəsi ala bilmədiyi üçün tibbi sığorta bə bənzər sosial hüquqdan məhrum qalır və bundan dolayı övladlarına başqa ad seçmək məcburiyyətində qalırlar.
İranın Qeydiyyat İdarəsi tərəfindən sadəcə bu idarənin siyahısında olan adların şəxsiyyət vəsiqəsi tələblərinə vəsiqə verilir.
İnsanın doğulduğu zamandan bəri valideyni tərəfindən ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq beynəlxalq konvensiyalarda qeyd olunmuş və fundamental insan hüquqlarından biri sayılır.