Qadın zorakılığı
Ailədə şiddət görən qadınlar üçün sığınacaqların yaradılması vacibdirmi?
Qadınlara qarşı zorakılıq tarix boyu kişilərlə zəif cinslər arasında aparılan bərabər bölgülərin ədalətsizliyi nəticəsində yaranır. Müasir dövr də daxil olmaqla, bütün dövrlərdə kişilər əksər hallarda öz mövqelərindən, eləcə də, onlara verilən güc və səlahiyyətlərdən qadınlara qarşı sui-istifadə ediblər. Zəif məxluqlara qarşı yönəldilən ədalətsizliyin isə əsasən, ailədaxilində baş verməsi faktı bu gün artıq dünya ictimaiyyətinin gündəmində duran əsas aktual məsələlərdəndir.
Dünyada 60 faiz qadın ərləri tərəfindən döyülür
Bir sıra mütəxəssislərin gəldikləri qənaətə görə, dünyada qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır. Məsələn, ABŞ-da hər il 1900-ə yaxın qadın zorlanmaya məruz qalır, hər 15 saniyədən bir isə bir zərif məxluq ərləri tərəfindən döyülür. Avstraliyada qətl hadisələrinin 54 faizi ailə daxilində baş verir və bu cinayətlərin 90 faizinin qurbanı qadınlar və uşaqlar olur.
Böyük Britaniyada da hər dörd qadından biri fiziki zorakılığa məruz qalır. Doğrudur, göstərilən statistika əsasən, 4 il bundan əvvəlki mənzərəni əks etdirsə də, həmin ölkələrdə məsələ bu gün də aktuallığını itirməyib.
Bütün hallarda qadınlara qarşı zorakılıq insan hüquqlarının və qadınların əsas azadlıqlarının pozulmasıdır.
Qadınlara qarşı zorakılıq problemi müxtəlif vəziyyətlərdə dünyanın bütün ölkələrində mövcuddur. Bütün dövrlərdə qadınlar fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılığa məruz qalır. Hətta yaxın dövrlərədək demək olar ki, qadınlar üçün heç bir hüquqi və tibbi müdafiə xidmətləri fəaliyyət göstərmirdi. Heç bir profilaktik proqramlar yox idi. Problemin daha yaxşı dərk edilməsi üçün çox az tədqiqat aparılmışdı. Yəqin ki, qadınlara qarşı zorakılığın belə inkişaf etməsinə əsas səbəblərdən biri də problemə belə laqeyid münasibət və qanunlardakı boşluqların olmasıdır.
Qadınlar nədən qorxurlar?
Qurbanların əksəriyyəti belə şəraitdə əsasən, susurlar. Yardıma ehtiyacları olduqları halda onu qəbul etməkdən qaçırlar. çox az hallarda qurbanlar bu barədə polisə müraciət edir, məhkəmələrdə cinayət işləri açılır. çünki onları bu yoldan çəkindirən bir sıra səbəblər var.
Birincisi, yaxınlarından, qohumlarından, iş yoldaşların utanırlar. Bundan başqa, ya bir sıra hallarda ailədə aldıqları tərbiyə, adət-ənənə onlara şikayətçi kimi çıxış etməyə imkan vermir, ya heç kəsin ona inanmayacağını, ya boşandıqdan sonra küçələrdə səfalət içində qala biləcəyini və sair bu kimi məsələlər qadınların qarşısında duran əsas mneaələrdir. Bəllidir ki, bir çox qadınlar ailələrini “dağıtdıqlarına” görə ata evi tərəfindən qəbul edilmir.
Regionlarda isə qadınlar ümumiyyətlə, məhkəməyə müraciət etməkdən çəkinir. Onlar düşünür ki, bu milli adət-ənənəyə uyğun deyildir.
Sadalananlarla mübarizə aparmaq üçün BMT tərəfindən bir sıra beynəlxalq sənədlər qəbul edilib. Və Azərbaycan dövləti də bu sənədlərə qoşulub.
Təəssüf ki, Azərbaycan da deyilən problemdən kənarda deyil.
Belə ki, hər yerdə olduğu kimi Azərbaycanda da istər milli, istər də dini qaydalara əsasən, qadınlar onlara inanmayacaqlarından və ya təkrarən zorakılığa məruz qalacaqlarından qorxaraq müxtəlif instansiyalara o cümlədən, polisə müraciət etməkdən çəkinir, başlarına gələn problemləri ətrafdakılara danışmaqdan utanırlar. Bu, xüsusilə də regionlarda aktual problem olaraq qalır. Məhz bu səbəbdən də ölkədə bu sahənin dəqiq statistikasını vermək mümkün olmur. Tədqiqatlar göstərir ki, qadınlar əsasən öz evlərində, ərləri və ya ən yaxın adamları tərəfindən öldürülür, zorlanır, şantaj və hədə-qorxulara və digər fiziki, psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır. Ailədaxili zorakılıq hallarında daha qorxulu və həyacanlı məqam budur ki, ailədə məişət və digər zəminlərdə baş verən münaqişələrin, cinayətlərin 60-70 faizi azyaşlı və ya yeniyetmə uşaqların gözləri qarşısında baş verir. Bu isə təbii ki, onların gələcək həyatlarında istər cəmiyyət, istərsə də onların yaxınları üçün izsiz ötüşmür.
Dünya parktikasında qadın sığınacağı var. Bəs, ondan bizdə niyə yoxdur?
Ailədə şiddət görən qadınların və uşaqların müdafiəsi üçün dünyada bir sıra təcrübələr mövcuddur. Onların arasında ən effektlisi qadın sığınacaqlarının yaradılmasıdır. Qeyd edək ki, həmin sığınacaqlar şəhər bələdiyyəsi və QHT-lərin iri layihələri hesabına maliyyələşir. Orada psixoloq, hüquqşünas və sosioloqlar həmin qadın və uşaqlarla işləyir. Ailədə zorakılıq görən qadınların həmin sığınacaqlara müraciəti isə tam məxfi saxlanılır.
Azərbaycanda da sığınacaq mövcudur. Lakin bu məkanlar insan alverinin qurbanı olanlara xidmət edir. Beynəlxalq təcrübədən fərqli olaraq, Dİ-nin nəzarətində olan bu məkanlara yerləşdirilən qadınlar istintaq başa çatandan sonra sərbəst buraxılırlar. Onların sonrakı taleyi, həyatlarına dair təhlükəsizlik təəssüf ki, təmin edilmir. Qərb ölkələrində isə sözügedən insanların reabilitasiyası aparılır, psixoloqla və hüquqşünasla təmin edilir.
Azərbaycan cəmiyyətinin fərqli mövqeyi
Azərbaycanda ailədə şiddət görən qadınların və uşaqların sayı digər ölkələrdən az deyil, bəlkə də əksinə, bəzi ölkələri üstələyir. Ona görə də, ailədaxili zoraklıqla üzləşənlər üçün də sığınacaqların yaradılmasına böyük ehtiyac var. Lakin bəzi mütəxəssislər hesab edir ki, cəmiyyətimiz buna hazır deyil. Fikirlərini də onunla əsaslandırırlar ki, Azərbaycan qadınlarında komplekslər çox olur, ətrafın onun haqqında nə düşünəcəyinə böyük diqqət yetirir. Belə ki, təzyiq görmüş qadın özünü müdafiə etmək üçün sığınacağı seçərək bir neçə gün və ya bir neçə ay evindən uzaqlaşarsa, sonradan cəmiyyətin, ata-anasının onu qəbul etməyəcəyini düşünür. Bir sözlə, milli xüsusiyyətlərdən gələn bəzi məsələlər sığınacağın yaradılmasının reallaşması üçün maneədir.
Lakin digər cəbhədə duranlar bunun əksini düşünür. Onlar sovet dövründən misal gətirərək, belə sığınacaqların mövcudluğuna toxunurlar. Qeyd edək ki, ikinci tərəfin önə çəkdiyinə də nisbətən sığınacaq demək olar. Belə ki, sovet dövründə bu məkanlara əsasən, yetim uşaqlar yerləşdirilirdi. Tənha qadınlar isə onlara bir növ dayəlik etmək üçün oraya sığınırdı. Lakin müstəqillikdən sonra sözügedən məkanlar ləğv edildi.
Digər mövqedə duranlar isə, belə fikir söyləyirlər ki, şiddətə qarşı qanunvericilikdə cinayət işi nəzərdə tutulduğundan sığınacağa ehtiyac yoxdur. Sadəcə olaraq, qadınlar arasında maarifləndirmə iişin gücləndirmək yetərlidir. Onlar fikirləşir ki, əgər qadın hüququnu bilərsə, özünü müdafiə etmək üçün polis bölməsinə müraciət edəcək.
Lakin zaman göstərir ki, maarifləndirmə işi nə qədər gücülü aparılsa da, bununla bağlı nə qədər qanunlar çıxsa da ailədaxili zorakılıqların qarşısı alınmır. Əksinə, ildən-ilə daha da artır. Ona görə də, dünyada ən çox qəbul edilən təcrübə sığınacaqların təşkilidir.
Vəfa Saleh: “Azərbaycanda mini sığınacaqlara ehtiyac var”
“Təmiz Dünya” İctimai Birliyinin eksperti Vəfa Saleh təşkilatlarının bir neçə dəfə Dİ-ə mini sığınacaqların yaradılması ilə üçün müraciət etdiklərini bildirdi. Onun sözlərinə görə, “Təmiz Dünya” İB-nin nəzdində həm insan alverinin qurbanları, həm də ailədə zorakılıq görmüş qadınlar üçün sığınacaq mövcuddur: “ABŞ-da hüquq-mühafizə orqanlarının nəzdində bu cür sığınaqların olduğunun şahidi olmuşam. Qadınlar bir müddət orada saxlanılır. Onlara psixoloji yardımlar göstərilir. Həyat yoldaşını çağırıb, danışıqlar aparılır. Əgər hər iki tərəfi yola gətirə bilirlərsə, barışdırırlar. Mümkün olmadıqda hüquqi müstəvidə həll edirlər. Azərbaycanda da belə mini sığınacaqların yaradılması üçün bizim təşkitlat bir neçə dəfə Dİ-ə müraciət edib. Bizim təklifimizdə o da bildirilirdi ki, burada tək qadınlar deyil, uşaqlar da sığınsınlar. Hazırda bizim təşkilat bu vəzifəni müəyyən qədər öhdəsindən gəlməyə çalışır. Artıq üç ildir ki, ailədaxili zoraklıqla üzləşmiş qadınlara yardım edib, sığınacaq veririk. 50-ə yaxın bu tipli insana yardım göstərmişik. İndi də onları nəzarətdə saxlayırıq ki, ətrafda problemlərlə üzləşməsinlər. Bayramlarda isti geyimlərlə, ərzaqla təmin edirik”.
V.Saleh onu da bildirdi ki, bu cür sığınacaqların saxlanması üçün böyük vəsaitlər də lazım gəlmir: “Bir otağın ayrılıb, müəyyən şəraitin yaradalıması böyük vəsait aparmır. Əsas olan odur ki, bununla bağlı ilkin addım atılsın. İlkin addımlardan sonra hər şey öz qaydasına düşəcək. Əgər müraciət edənlərin sayı artarsa, o zaman maliyyə problemləri çıxa bilər. Onda bələdiyyələrin, sahibkarların yardımından istifadə etmək olar”.
V.Saleh müəyyən təşkilatların bu vəzifənin öz üzərinə götürdüyünü desə də, ümumilikdə istər dövlət, istərsə də ictimaiyyət səviyyəsində sistemli qurulmadığından şikayət etdi.
Mətanət Müslümqızı: “Bununla ailələrin dağılmasının qarşısı alına bilinər”
Qadın Krizis Mərkəzinin sədri Mətanət Müslümqızı ailədaxili zorakılığın Azərbaycanda aktual olduğunu dilə gətirdi: “Sosial durumun aşağı düşməsi ailələrdə problemləri artırıb. Bir çox ailələrdə əsas ağırlıq qadınların üzərinə düşüb. Bütün bunlar isə ərlə-arvad arasındakı münasibətlərdə gərginlik yaradır. Ona görə də, ailə daxilində baş verən zoraklıqların həlli yollarının tapılması üçün problemi ictimailəşdirmək lazımdır. Bu yöndə, əri tərəfindən şiddətə məruz qalan qadınlar üçün sığınacaqların açılması ilk addımlardan biri olar”.
Onun sözlərinə görə, cəmiyyət və ictimaiyyət arasında insan alverinin qurbanlarının sığınacığı ilə ailədə zorakılıq görən qadınların sığındığı məkanı qarışıq salırlar: “Ailədə şiddət görənlər üçün yaradılan sığınacaqların digər sığınacaqlara qətiyyət dəxli yoxdur. Əgər belə məkanlar yaradılarsa, ailələrin dağılmasının qarşısını xeyli dərəcədə ala bilər. Bundan başqa, qadınların çox ciddi ehtiyacı olduğu həssas məsələlərlə bağlı psixoloqlar yardım edər. Məsələn, biz bu yaxınlarda Estoniyanın Tartu şəhərində olanda artıq 5 ildir ki, fəaliyyət göstərən bu tipli sığınacağın şahidi olduq. Ora beynəlxalq təşkilatların təşəbbüsülə yaradılsa da, hazırda bələdiyyələrin büdcəsilə maliyyələşir. Həmin qadınlara psixoloji, hüquqi, maddi yardım göstərilir. ünvanları isə gizlin saxlanılır. Burada polisin də böyük rolu var. Hüquq-mühafizə orqanlarında qaynar-xətt fəaliyyət göstərir. Əgər şiddət görmüş qadın istərsə polis vasitəsilə həmin sığınacağa yerləşdirilir. iyə Azərbaycanda bunu tətbiq etməyək? ölkədə yetim qalan uşaqların, dağılan ailələrin sayı ildən-ilə artır. Bunun qarşısını almaqda hər birimiz maraqlı olmalıyıq. Təəssüf ki, bəzi QHT-ləri çıxmaq şərtilə, böyük əksəriyyəti laqeyd yanaşırlar. Əgər cəmiyyətdə hər hansı problem mövcuddursa hökumət də, cəmiyyətdə, ictimaiyyətdə buna böyük diqqət ayırmalıdır. Məsələn, Estoniyada bu işi görmək üçün tanınmış QHT-lər bir araya gəldilər, beynəlxalq təşkilatlardan böyük miqdarda qrantlar aldılar. Amma gəlin görək, bizdə genderlə bağlı QHT-lər bir araya gələ bilələrmi ki, böyük donorlar da ala bilsinlər? İkincisi, həmin ölkədə hökumətin problemə yanaşı tərzi başqadır. Vətəndaş cəmiyyətinə yardım edir, birgə iş qururlar. Bəs bizdə, dövlət qurumları QHT-lərə qapılarını açırlar? Hər şeyə ikili yanaşılır. Hökumət, müstəqil və müxalifət deyən münasibət bəsləyirlər. Ona görə də, bizdə sistemlilik pozulur, pərakəndəlik yaranır. Uzun illər bu sahədə təcrübəsi olan QHT-lər bir araya gəlib konsepsiya hazırlamalıdırlar. Bu konsepsiyanı hökumətə və beynəlxalq qurumlara təqdim etməlidirlər”.
Elmidar
Təzadlar.- 2010.- 9 yanvar.- S.11.