Aysel Əlizadənin “Qadın peyğəmbər” romanının mütaliəsindən sonra
“- Sən nə istəyirsən?
– İstəyirəm adamlar xoşbəxt olsunlar.”
“Gecə güzgünün qabağına çiçəklər düzün. Qoy səhər güzgü o çiçəkləri ikiyə vursun.”
Bir-birinizi sevin. Sevin ki, “Günəş də özünə ən yaxın planeti qucaqlaya bilsın”.
Bütöv Azərbaycana ithaf olunmuş pozitiv basmalı bir kitab oxudum. İlk səhifədən belə qarşılanma (hər birimizə ithaf) mənim fərziyyəmdə heç bir ayrı-seçkiliyin, gender bölünməsinin, tərəf tutmanın, siyasi baxış, təriqət bölgüsünün və digər parçalanmaların olmayacağından xəbər verib, səpələnmələrdən mərkəzləşməyə keçid mövqeyinə yaxşı göndərmə idi. Mənim üçün, ən birinci pilləyə Azərbaycan insanını qoyan biri üçün bu, müəllifin daxili dünyasına rədd edilməyəcək dəvət və maraqlı mütaliə vədi demək idi. Bu hava ilə də yola çıxdım və zənnimdə yanılmadığımı anladım.
Söykənə, ya itələnə biləcəyiniz (kimə necə rahatdırsa) yüzpudluq paradiqmalar, minillik həqiqətlər, bəşəri rüknlər, yenilməz dayaq və qadağalar üzərindən əsir romanın ideyası və bu məlum doğruları yerə enmələrlə, epizodik gündəlikdə, məişət səpgili xırdalıqlarda oxucuya sezdirir. Yəni böyük kitablar da hərf-hərf oxunur.
Roman induksiya qövsü cızaraq fərdidən bəşəriyə, lokaldan qlobala, şəxsi problemlərdən, xırda məişət qayğılarından ümumiyə, universal tezislərə yol aparır. Bir sözlə adilikdə yüksəlmənin formulunu verir.
Ən birinci onu qeyd edim ki, müəllif romanın içində idi, əlçatan yerdə. Ya qəhrəmanı ilə dialoqda, ya yanında susqun halda, amma nəfəsi duyulurdu… bəzən də onu itələyib, yerində durmuş kimi, hətta o qədər ki, kitab oxuduğumu unudub sanki müəlliflə söhbətləşirəm sanırdım. Bilmirəm, bəlkə kimsə müəllifin süjetə qarışmasından ürpənə bilər, mən şəxsən qısaqapanmaların lehinəyəm.
Əsərin qəhrəmanları ümumiləşmiş obrazlardır. “Arxaikləşmiş dürüstlüyün” mücəssəməsi Maqbet bəy; əsl təhsil işçisi, əsl tərbiyəçi belə olar deyə biəcəyimiz və həmçinin də vəfalı, ailəsinə sadiq qadın, fədakar ana obrazlarını ümumiləşdirmiş həlim təbiətli Gülümsər xanım; insanların hətta nəfəs aldıqlarına görə minnətdar olduqları Korruptio müəllim; qar kimi ağ təmizi Qar; işıqlı Nur və digərləri.
Obrazların adları da uğurlu və fərqli seçilib. Qar – Ər, Nur – Nər, Korruptio müəllim. Nadir hallarda kitab qəhrəmanlarının adı yadımda qalır. Öz yazılarımın bir çoxunda personajlar adsızdır.
“Qadına yaraşmayacaq qədər ağıllı gözlərin” sahibi baş qəhrəmanda müəllifin cizgilərini gördüm. Dünyanı xilas ideyası, ədalətsizliklərə barışmazlıq, ümumbəşər sevgi və digər detallar sezdirir bu əlaqəni.
Qarın üstü ilə addımlayan Qar. Müəllif bu cazibəsiz adiliyi bu cür təqdim edir: “Hamar bəyazlığa ayaqqabı şəkli çəkir, cığır açırdı. Arxasınca öz ayaq izləri gəlirdi. Bu izlərdən başqa heç nəyi, heç kimi yox idi”.
Burada ümumiyyətlə insan həyatının qısa xülasəsi, aydın bir özəti verilib. O, ömür ləpirlərindi hamar bəyazlıqda. Cığır səni hayana aparacaq, öz işindi. Və həqiqətən də böyük mənada arxanca uzanan izlərdən, əməllərindən başqa bir şeyin yox ki…
Dostluq tərənnüm olunur romanda. Ələm geyib dərd çıxaran iki yaxın rəfiqə. Bəlkə elə ağrılar, acılar yaxınlaşdırdı onları? Bəlkə tənhalıq, bəlkə çoxluğa qarışmaq istəməmək arzusu? Qəm-kədərin üstündən nə qədər istəsən təbəssüm geyin, sevinc boyası çək, püskürüb çıxır üzə. Çoxluqla bölüşmək istəmirsən, çünki lazım bilmirsən, susmağı üstün tutursan, dilin yalnız o alovlarda yanmış birini görəndə açılır. Nur Qara danışır həyat hekayətini, Qar – kağıza ya da müəllifə. Əslində kağız yoxdur, kağız elə Qarın özüdür. Müəllif də yoxdur, müəllif də Qarın özüdür. Ara-sıra müşahidəçi kürsüsünü tərk edib süjetə müdaxilə edir, sonra yenə qayıdıb öz yerinə çəkilir. Yuxarıda qeyd etdiyim məqamı bir daha vurğulayıram. Bu məqam diqqət çəkməyə bilmir. Müəllifin süjetdə əriməsi, vərəqləri adlayıb təhkiyəçidən obraza çevrilməsi, sərhədlərin silinməsi (ki, məhrəm aura yaradırdı), qəhrəmanla ünsiyyət – bütün bunlar səbəbindən oxucu yox, müəllifin özü ilə söhbətinin dinləyicisinə çevrilirsiniz. Bu, yazı praktikasında birinci, sonuncu gediş olmasa da, uduşludur.
Romanda gözəl bir ideya var – levitasiya. Zaman-zaman qəhrəman uçurdu. Uçub paralel reallıqları seyr edir, oradakı düzənli həyata sevinirdi. “Əsrlərdən bəri yalnız anlayış kimi var olan, insandan gen düşən sevinc, xoşbəxtlik, sevgi duyğusu yavaş-yavaş öz vətəninə, insan ürəyinə qayıdırdı. Qarın arzusu gerçəkləşirdi. İnsanlar xoşbəxt olurdular”. Cəmi bəşərin xoşbəxtliyi! Utopiyadırmı? Nağıl, röyadırmı? Hər nədirsə gözəldir və romanın rəngarəng xalısında daha bir ilmədir. Bu çox gözəl bir duyğudur, gözəl və dünyanı xilas etmək gücündə ola biləcək duyğu – hamıya xoşbəxtlik arzulamaq, hamını və hər şeyi sevmək. (zatən bunu bacarsaq, daha bu lil lehmədə nə işimiz?…) “Tək bircə özünü sevərsənsə – heç kəsi sevməzsən, heç özünü də. Hamını sevərsənsə – özünü də sevərsən”. Xatırlamıram, nə vaxtsa haradasa oxumuşdum.
“Hamını hər şeyə görə bağışlamaq mümkündür. Adam ölənə yaxın kinli olmur. İnsanları təmənnasız sevməklə özünü xoşbəxt edə bilərsən.”
Bağışlamaq… bacarırıqmı? Hamınımı? Hər şeyə görəmi?… İnsanları təmənnasız sevməklə özünə xoşbəxtlik qazanma ilk baxışdan növbəti merkantil addım, mövqeyə xidmət kimi görünə bilər. Amma məhz ilk baxışda elədir. Başlanğıcda bəlkə də içinin rahatlığı üçün edəcəksən bunu. Zaman keçdikcə sənin davranış normana çevriləcək, başqa cür bacarmayacaqsan və düşünəcəksən ki, əvvəllər niyə sevmirdim?..
Sevgisizlik. Cəmiyyətimiz sevgisiz cəmiyyətdir. Ona görə neqativə bulaşmışıq. Sevgi ailədən, ikilikdən cücərir və ətrafa sirayət edir. Bu cücərti yoxsa, zaman-zaman donduracaq insan ətrafını, yeriyən robota çevriləcək, öz birbaşa təyinatından gen düşəcək. “İnsanları yalan-doğru bir ailə qurmağa zorladıq. Ailəni bu qədər öymək bizə nə qazandırdı? Saysız formal ailə, özgəliklə dolu birgəlik.” Sosial institutun, cəmiyyətin ilkin özəyinin, müqəddəs modelinin təməlini çökdürmək cəhdidirmi?! Deyil, xeyr! Bu modeli “hamı necə, mən də elə!” şüarı ilə qurulan xəstə ailələr çökdürür. Belə ailələrin cəmiyyətə və ölkəyə faydalı, yararlı vətəndaşlar yetişdirə bilməsi ehtimalı yüksək deyil. Onlar cəmiyyətin yeniləyici, bərpa edici qüvvəsi yox, “dağıdıcı mexanizmi” olmaq riski daşıyır. Bəli, “bəzən dünyaya gətirməmək gərəkdir. Elə adam var, o doğmalı, törəməli deyil heç”. Və bu ifadə heç də qüsurlu insanlar üçün deyilmir burada, axınla bir axmaq hər yerdə və hər zaman keçərli deyil mənasında, yəni. Hamıya qoşulub maneələrlə qaçış, yarış gicəllənməsindən bəzən əl çəkib durduğun yerdə durmaq, “nə edir”sualını vermək lazım özünə. Ailə sememasının o qədər mükəmməl tərkib hissələri var ki, onu “mən hamı kimi ” diskursuna endirmək cahillikdir.
“Ürək bir şey istəyir, ağıl başqa. Ürək istəyəni ağıl ona görə istəmir ki, ağıl istəyə bilmir, onun belə funksiyası yoxdur. Ağıl qərar verir. Bu qərarlar isə istəyə deyil, formal qaydalara uyğun olur”. Əfsus, ağlın uca səslə qışqırdığı qərarlar ürəyin pıçıltısını eşidilməz edir əksərən.
“İnsan həyatı sərgiyə çevrilib. Hər kəs göstəri üçün yaşayır. Hamı bir-birinə bənzəyir. Dünya bir ucdan bilimli axmaq istehsal edir.” Məhz ağıl və praqmatik düşüncə göstərini həyat idealı saya bilər, ürək belə bir yanlışlığa yol verməz heç zaman. Huzura ürəyi dinləyib diktəsinə əməl edən zaman yetmək olar. Beyin yüksək beta dalğaları ilə huzur ürətməz. Onun hasilatı yalnız gərginlik və özündən narazılıq olacaq. O səbəbdən nevroz və neyrodegenerativ pozuntular günü-gündən artmaqdadı.
Kitabda nevroz, havasızlıq, boğulma belə təsvir olunur: “Çıxılmaz durumlarda küləyin ağacları necə tərpətdiyinə, havanın görünməzliyinə baxmaqdan başqa əlindən heç nə gəlməz. Döngəsizliyin apardığı yerə getmək zorundasan. Təhlükəyə təslim olursan, çünki təslim üçün başqa heç nə yoxdur.”
Yalqızlıq mövzusu gözəl işlənib. Tənhalıq müasir dünyanın atribut xüsusiyyətlərindən biri, bəlkə də birincisi. Qələbəlikdə yalqız, tənha. Ətrafın nə qədər doludursa, bir o qədər tənhasan. Müəllif adi yox, bir başqa yalqızlıqdan yazır, Günəş yalqızlığından, nəyə ki, isinmək olar. İsti, bütöv, çoxçalarlı, içindəçox, cilalı təklikdən. Bütün sualların cavabını təbiətdə axtar deyir. Sualların cavabı insanın özündədir, öz içində. Təbiətdə axtar – özündə axtar deməkdir. O cavabları tapmaq üçün düşünməkdən öncə təklənmək gərəkdir. Çünki “hamıyla birgə düşünmək hamı kimi düşünməkdi”.
Qəhrəmanın (Qarın) artıq həyatda olmayan atasına məktubundan:”İnsan bir gün belə şirin, məsum, balaca varlıq olur. Sonra tamam dəyişir. Böyüyür, kobudlaşır, hətta vəhşiləşir. Bütün qaniçənlər bir vaxt məsum körpə olublar, adamın inanmağı gəlmir”.
A.Tarkovskinin “Stalker”ində baş qəhrəmanın belə bir monoloqu var:
Ruhla ətraf mühit arasındakı sürtülmə. Gücsüzlük – hər şey, potensial; güc – heç nədir, son. İnsan doğularkən zəif və elastik olur, ölərkən sərt, tünd, bayat. Güc ölümün yol yoldaşıdır. Zərif kövrəklik – olumun rüşeymi. Sərtləşib elastikliyini itirən qalib ola bilməz. (orijinal mənbə Lao-Tzı)
Burada yaşama qeyri-adi təyinat verilib – sürtülmə. Hisslər bu sürtülmənin ilkin təmas nöqtələridir. (təəssüf hissi, həzz, təminlik. Qorxu, ehtiras bir az daha dərin, biokimyaya təsiri daha güclüdür). Ətrafı özününküləşdirməkdir yaşam. İlk tanıma məhz belə yüngül “gəzişmələrdə” özünü göstərir – hiss, emosiya deyirik. Dərinləşdikcə – görürük, eşidirik, dadırıq… təmas artdıqca əzilirik, ağrı duyuruq. Ağrını azaltmaq üçün qucaqladığın faneronu (sən və mühit vahidi) buraxmalısan. (“fikir vermə, boş burax” ovundurması).
Yaşam – davranış modelləridir, klişe strukturları. Bizi o klişeyə yoluxdururlar, yaşamağın qaydasını və yollarını öyrədirlər, cığırları göstərirlər, kürəyimizə yol çantasını şələləyib deyirlər, “gedin”.
Hiss və emosiyalar ilkin təmasdır, yuxarıda qeyd edildiyi kimi. Dərinləşdikcə fiziksəlliyə daha da yaxınlaşırsan. Dünya ilə (fon ilə) tanışlıq da elə bir şeydir. Zəifdən, səthidən dərinə qədər. Həm sahəsi böyüyər təmasın, həm daha alt qatlara sirayət edər. Sahəsi o qədər böyüyər ki, insan dünyadan köçəndə bütün bədən səthi ilə gedər – uzanıqlı. Ayaq üstə gedəni heç görmədim. Təmas dərinləşdıkcə yandırar insanı və nəticə – xəstəliklər, qocalıq olar.
İnsan əgər mükəmməllik mücəssəməsi olsaydı, onu əks cinslərə bölməzdilər. O, hər şeyi yalnız müqayisədə öyrənəcək qədər cılız. Ona görə gecə-gündüzü var. Ona görə həm ağlamalı, həm gülməlidir. İstənilən qütbilik, diaqonal uzaqlaşması primitivlik nişanəsidir. Özündə yeknəsəkliyi və stabilliyi saxlayacaq qədər böyümədi insan. Bizə maraq, düşünmək hissi təlqin olunur. Biz o meylin gücü ilə hər şeyi yalnız əkslik və ziddiyyətlərdə öyrənirik, ətrafla kopulyasiyada.
“Yox – varoluşdur”.
Sonsuz yoxluq deyilən bir şey qəbuledilməzdir. Əgər o yox olanın nə olduğunu biliriksə deməli yoxluq sözü işlədilməz artıq.
Sonsuz varlıq. İnsan düşüncəsinin fövqündə duran bir şey. Məhz bunu düşünərkən hər cür təhqiq cəhdinin dalana dirəndiyini, idrakın hüdudlarını hiss edirsən. Bizim üçün hər şey A nöqtəsindən B nöqtəsinə kimidir. “Nə başlanğıc, nə son var”. Bunu necə anlayasan? Platona görə (“Fedon”, birinci arqument) əksliklərin biri olmazsa, digərinin mövcudluğu şübhə altındadır. “Var” varsa “yox” da olmalıdır. O “yox”u özümüz yaratdıq. Nəhəngi kiçildib daraldıb özümüzə uyğunlaşdırdıq, Başlanğıc və Son qoşduq, transendentallığı bir ağuşluq, quca bildiyimiz sərhədlərə sığışdırdıq, mental funksiyamıza tabe etdik (Prokrust yatağına salıb, artığını doğradıq), çəkə bildiyimiz yükə çevirdik, özəlləşdirdik (istismar üçün tələb olunan ilkin şərt). … ki, ona baxanda başımızı qaldırıb baxmayaq, qənşərdə, iki addımlığımızda olsun. O mənada artıq hər şeyin əvvəli və axırı var bizim üçün. Bizə belə rahatdır.
Əsərdə bir çox məqamlara toxunulub.
İnduist dünyagörüşündən yazır müəllif. Psixoloq A.Sviyaşa karma nəzəriyyəsinə, affirmasiyalar konsepsiyasına istinadlar edir. Karma – hər həyata gəlişində demək deyil ki, “hə, əzizim, sonuncu dəfə harda qalmışdıq səninlə?! Məni öldürdüyün yerdə… Gəl indi o yerdən davam edək”. Yox, xeyr. Hər dəfə sıfırdan başlayırsan. Təzə vərəqdən. Böyük ya kiçik hərflərlə (bu artıq bir çox amillərdən asılıdır).
Daha bir mövzu – Dipsomaniya. Nəyin ki, üzərində uzun-uzadı deyişmələr aparıla bilər. Uzun-uzadı… o səbəbdən toxunmuram.
Öz fikirlərimin təsdiqini tapdım kitabın vərəqlərində, prinsiplərimlə səsləşən mülahizələr gördüm.
“Gerçəklikdə heç nə olduğu kimi deyil. Hər şey başdan-ayağa quramadır. Hətta ağaclar da biz gördüyümüz rəngdə deyil.”
M.Laytmanın təbirincə: Həyat – sənin onu güman etdiyin kimi deyil.
Gördüklərinin hamısı sənin qafanda baş verir, ora dünyanın fokuslandığı yer. Hər şeyin səndən kənar, ətraf mühitdə baş verdiyini sanarsan, o isə sənin mirajın. Zahirdə olan, sənin iştirakın olmadan olan – sənin başında olanlar deyil. Onda sən istisnasız HƏR ŞEYİ görməli və eşitməliydin.
Eynşteyn, Kastaneda, Heyzenberq, Oruell və indi xatırlaya bilmədiyim bir çox başqa fərqli zəka sahibləri buna oxşar fikirlər səsləndirmişlər. Dünya – müşahidəçinin onu necə görməsindən asılıdır. Həyat sənin onu güman etdiyin kimi deyil. O sənin onun haqda təsəvvürlərindən çox-çox uzaqdır. Müşahidə etdiklərimiz təbiətin özü yox, onu dərk etmə metodumuza müvafiq olaraq bizə göstərilən halıdır. Gerçəklik sizin beyninizdən başqa heç yerdə deyil.
“Kainatda hər şey enerji daşıyıcısıdır”.
Əlavə edərdim: həm də informasiya. Enerji özlüyündə heç nə ifadə etmir, neytraldır. Məhz informasiya enerjinin müsbət, ya mənfi olacağını müəyyənləşdirir.
“Ölüm son deyil”.
Son deyil, ölüm pillə və keçiddir, bir enerji vahidi kimi biz itə bilmərik.
“İnsan özünə acı çəkməyə icazə verməsin gərək. Bədbəxtlik köləlikdir. İnsan özünə dərd etdiyi nəsnənin quludur”.
Fikrin çəki əldə edib (belə ifadə olunur) materiallaşa bildiyi, fikir-emosiya cütlüyünün elektromaqnit dalğası olduğu və reallığı dəyişdirmə imkanında bulunduğu haqda, düzgün istiqamətləndirilmiş fikirlərin hətta genom səviyyəsində təsiri ilə bağlı kvant fizikası ilə məşğul olan alimlər çoxsaylı mülahizələr irəli sürürlər. Yenə də affirmasiyalar və afformasiyalar yada düşür. Çalışıb güclü olmaq gərəkdir. Depressiyada bulunan kəs güclü ola bilərmi? Depressiya enerji vampiridir, sovuracaq həyat eşqinizi.
“Tanrı həyatın özüdür. Bütün baş verənlər bütünlükdə Tanrıdı. Hər insan bu halqanın içində öz həyatını qurur. İnsan yaşamının özü Tanrının içində bir detaldır. Bütün kainat sistem olaraq Tanrıdı. Yaradan yox, yaradılışın özüdür Tanrı. Dünya yaranmayıb. Dünya var.”
Spinoza panteizmini xatırlatmırmı? Müasir qavram konsepsiyalarında da aydınlar Tanrını məhz belə adlandırırlar: Kainat. Yeri-yurdu, ibtida-intihası olmayan, yaradılmadan var olan heçnə-hərşey kimi.
“Bütün cavablar doğadadır. Siz təbiətə suallar ünvanlasaz, cavabı eşidəcəksiz”
Bəli, bütün problemlər öz həllini tərkində gizlədir. Problemlə mübarizə aparmaq yox, onun nə üçün, sənə nələri aşkarlatma üçün verildiyini anlamaq gərək. Bunu bacararıqsa, problem çözülər. Hər bir sualın cavabı özündədir. Suallar düzgün qoyulmadıqda, cavablar da görünməz olur.
“Bütün maddi nəsnələr mənəvi doyumluluq üçündür. Tanrı ona görə dəyişmir ki, insan həyatla bağlı heç nəyi dəyişmək istəmir.”
Bu da yuxarıda qeyd olunanların davamıdır. Həyatını dəyişmək üçün fikirlərin dəyişməlidir. Fikrin dəyişilməsi mental özgələşmə, kainata başqa frekanslı dalğaların ötürülməsi deməkdir və belə olan təqdirdə insan taleyində dəyişiklik gözləmək mümkündür. Əfsus, yalnız deyilişi rahatdır bu praktikanın…
“Xəyallar aləmi uydurma deyil. Orda bizim xəyallarımız yaşayır. Təkcə maddi dünya yox, mənəvi dünya da var. Arzuların, xəyalların, uydurmaların, duyğuların yaşadığı fəza.”
Var, əbəttə. Bizim dünyamız qədər real, hələ bəlkə ondan daha real. Var və biz (müəlliflə mən) o dünyanın qonaqları olduq mütaliə boyunca.
Kitabın son akkordlarından:
“Özünü hamıdan daha yaxşı tanıyırdı. Dizini yerə basıb çalışdı, həyatını heç kimə satmadı. İndi elə başıdik gedirdi, elə bil, tən ortadan iplə göyə bağlanmışdı. Üzünü geri çevirib bütün yaşamına baxdı. Nə vardı orda? Nə olacaqdı? Onu vəhşi kimi güclü edən, başını göyə bağlayan həyat. Gülümsədi. Həyata gülümsədi, onun təpkisinə, çabasına, hikkəsinə bravo dedi”.
Özünü hamıdan yaxşı tanırsan, ürək bulantısına qədər. O səbəbdən həyatın səni güclü edəcək məqamlarına bədbəxtlik, talesizlik, uğursuzluq kimi yox, şans kimi baxmalısan, onlardan istifadə etmək, nəticələr çıxarmaq, bunlara çalışmalısan, əlin kəndirə uzanmamış…
Romanın əsas qəhrəmanı insanlıqdan böyümüş Qarla öz “Tamlıq” adlı hekayəmin baş qəhrəmanı arasında böyük oxşarlıqlar gördüm. Hər ikisi insanlığın fövqündə…
Əsərin ana qayəsi anladığım qədər belədir: Hamı yüksəlişə can atmalıdır. Əslində hamı peyğəmbəliyə çatmaq üçün gəlir həyata. Mübarizə edib qazanmalısan. Özünü qazanmalısan!
Başlanğıcda qeyd etdiyim kimi, gender problemləri al qırmızı önə çəkilməsə də, roman Rabia mesajı daşıyır, hər cür ədalətsizliyə, bərabərsizliyə, hər cür mütiliyə, köləliyə, palaza bürünüb sürünməyə etiraz, üsyan, qiyam deyir! Zatən sürünməklə heç bir yüksəliş əldə etmək olmaz ki..
Əsərin optimizmə köklənməsi, yəni hər şeyə rəğmən həyata, günəşə, insanlara, yerə, göyə sevgi sərgiləməsi təqdirəlayiqdir.
“Sabahın əlindən ümidi almayın. Həyatı o qədər sevin ki, ayrılıqların ağrısı onu ötməsin.”
“Siz yenə də həyatı ölümdən uca tutun!”
Bu yazı rəy deyil, Aysel xanımla söhbət idi, onun öz qəhrəmanı ilə söhbəti kimi.
Müəllifə uğurlar diləyi ilə,
Şəhla Nihan