Sığınacaqda həyati təhlükəsi olan qadınlara xüsusi diqqət göstərilir.
“Elə hallar olub ki, bizim özümüz bura pənah gətirən qadınların ərləri tərəfindən fiziki və psixoloji şiddətə məruz qalmışıq. Qızımı bir dəfə sığınacağın həyətində döyüblər”.
Sığınacaqda gizlilik ən əhəmiyyətli şərtlərdəndir.
ura gələn qadınların əksəriyyəti gördükləri şiddət və pis davranışın təsiri nəticəsində aqressiv və asosial olurlar. Bəzən qadınlar bir-birinə verdikləri sirrə sadiq qalmaya və bunu bir-birinə qarşı şantaj vasitəsi olaraq istifadə edə bilərlər. Bir dəfə belə bir hadisə baş vermişdi və xoşagəlməz situasiya yaranmışdı”.
Atasının yumruğu ilə anasının qarnında tanış olan qızcığaz
Yeməkxanaya düşürəm. İki gənc və gözəl xanım yeməkxanada təmizlik işləri ilə məşğul olur. Yad adamın içəri girdiyini görər-görməz tədirginliklərini gizlədə bilmirlər. Gözlərindəki qorxu məni narahat etsə də, onlarla danışmaq istəyimə mane ola bilmirəm. Hekayələrini öyrənməyə can atıram. Qadınlardan biri yeməkxananı sürətlə tərk edir. Digəri isə getməyə tələsmir. Onunla danışmaq istəyimi söyləyirəm. Nə “hə” deyir, nə “yox” – dinmir. Şəkil çəkməyəcəyimi, adını yazmayacağımı deyirəm. Yola gətirmək uzun çəkmir. Əllərini silib reabilitasiya otağına qalxırıq. Üzündə, gözlərində yüz ilin yorğunluğu var. Qollarındakı yara, çapıq izləri özündən əvvəl sözə başlamışdı. Adını soruşmadım. Taleyinə çökən kor qaranlığını aydınladan bir cüt gözünə baxanda ona Qəmər deyə müraciət etmək keçdi içimdən. Bir aydır sığınacağa pənah gətirən 23 yaşlı Qəmər hekayəsinə belə başlayır:
– Atamla anam 1996-cı ildə ailə qurublar. Bir il sonra mən dünyaya gəlmişəm. Xoşbəxt bir ailədə doğulmadım mən. Anam məni atamın yumruqları altında dünyaya gətirib. Babam anamın döyülüb, söyülməyinə göz yuma bilməyib. Bir yaşım olanda atamla anamı ayırıb. Atam, da anam da ikinci dəfə ailə həyatı qurublar. Məni isə babam böyüdüb.
Həyat ona elə başlanğıcdan adil davranmayıb. Şiddətlə hələ anasının qarnında tanış olan Qəmər ömrünün ən xoşbəxt çağlarının babasının yanında keçirtdiyi zaman kəsimi olduğunu deyir.
Babasının göz bəbəyi kimi saxlayıb, qoruduğu Qəmər orta məktəbi əla qiymətlərlə bitirib ali məktəbə daxil olur. Həyat dolu, gözəl gələcək planları qurarkən, 6 il əvvəl həyatına plansız şəkildə girən həyat yoldaşı ilə tanış olur. Rəfiqəsinin toy məclisində təsadüfən tanış olduğu oğlan onun həyatını tamamilə dəyişir. Eşq bütün arzu və xəyallarının önünə keçir və 18 yaşında qoşulub qaçır. Rəsmi nikahsız ailə quran Qəmər özü ilə bacara bilmədiyini deyir:
– Bütün arzularımın, xəyallarımın üstündən xətt çəkdim. Ona qoşulub qaçdım. İlk vaxtlar münasibətlərimiz yaxşı idi. Bir müddət sonra onun dəyişdiyini hiss etdim. Xəyanətlər başladı. Amma onu tərk etmək fikrində deyildim. İçimdə bizə dair ümid hələ ölməmişdi. 4 ay sonra hamilə qaldım.”
Bətnindəki körpənin qız olması səbəbilə də xeyli fiziki və mənəvi şiddət görməyə başlayır. Həyat yoldaşı da, onun ailəsi də uşağın dünyaya gəlməsini istəmir. Ailənin oğlan uşaq sevdası Qəmərin ilk hamiləlik dövrünü sözün əsl mənasında cəhənnəmə çevirir. Hamiləliyinin 8-ci ayında Qəmər bir yolunu tapıb evdən qaçır və sığınacağa müraciət edir. Övladını sığınacaqda dünyaya gətirir. Uşağın atası qızına soyadını vermək istəmir. Bir neçə ay ana-bala sığınacaqda qalan Qəmər aylar sonra həyat yoldaşına ikinci şans verərək cəhənnəminə geri qayıdır:
– Onu sevirdim. Ailəmin dağılmasını istəmirdim. Mən atasız, anasız böyümüşdüm. Qızımın ata-anasının yanında böyüməsini istəyirdim. Bunun üçün öz həyatımı gözdən çıxartmışdım.
İndi onu daha yaxşı anlayıram. Qəmərin gözünü kor edən hiss eşq deyildi. Uşaqlıq travması idi. Həyatını zəbt edən ata boşluğunu öz bildiyi yollardan doldurmaq cəhdi idi. Ona görə də bütün varlığı ilə bu ailəni qorumağa çalışıb. İkinci dəfə hamilə qalan Qəmər bu dəfə uşağın oğlan olması üçün Allaha dualar edir. USM də uşağın göbək ciyəsi həkimi çaşdırır və uşağın oğlan olduğu deyilir:
-7 aylıq dopler müayinəsi zamanı uşağın cinsiyyətinin qız olduğu bilinəndə yoldaşım da, ailəsi də həkimə hücum etdilər. Onsuz da uşağın oğlan olduğu deyiləndən sonra da dəyişən bir şey yox idi. Yenə döyülür, təhqir edilirdim. Həkim uşağın başında su kütləsi olduğunu təcili müalicə olunmasını dedi. Amma heç kimin vecinə olmadı. Onlar uşağın ölməsini istəyirdilər. Allah o uşağın dünyaya gəlməsinə razı olmadı. 8 ayında aldığım zərbələrdən uşaq qarnımda tələf oldu. Xəstəxanaya məni zəhərlənmə adı ilə apardılar.
Qəmərin ata-anası övladları cəhənnəm əzabı yaşadığı günlərdə onun həyatının harasında idi bəs? Sual vermədən keçə bilmirəm.
-Mən onlara heç nə demirdim. Nə edə bilərdilər axı? Hərəsinin öz ailəsi uşaqları… Amma uşağım əlimdən alınanda atama zəng vurdum. Kömək istədim. Həyatımda ilk dəfə atamdan bir şey istəyirdim. Amma o mənə əlini uzatmadı.
Qəmərin babası ilə bağlı danışdığı hissəyə qayıdır fikrim. Onun öz qızına sahib çıxdığı kimi Qəmərin nə atası, nə anası övladlarına sahib çıxmayıb.
Qəmər aldığı ikinci böyük travmadan sonra yenidən o adamın evinə qayıtmağa məcbur olub. Hər şey daha da pisləşib. Bir müddət sonra həyat yoldaşının narkotik maddə istifadəçisi olduğunu öyrənir. Narkotikin təsirindən olmayan şeylər uydurub Qəmərə işgəncələr etməyə başlayır:
-Onun məni döymək üçün xüsusi bir səbəbə ehtiyacı yox idi. Özündən səbəblər uydurub məni kəmərlə döyür, nəfəsim kəsilənə qədər boğurdu. Məni xəyanətdə günahlandırırdı. Dostu ilə münasibətimin olduğuna inandırmışdı özünü. Məni evdə həbs edib hər gün fərqli-fərqli işgəncələrə məruz qoyurdu. Ona xəyanət etdiyimə dair heç bir sübut tapmadıqca daha da özündən çıxır məni öldürməyə belə cəhd edib.
Qollarındakı yanıq və bıçaq yarasını göstərir. Bədənində doğurdan da yara, zədə olmayan hissə yoxdu. Bir gecə isə daha da azğınlaşan ər, Qəməri qəbiristanlığa aparıb onu orda qətlə yetirməyə cəhd edib. Bu dəfə Qəməri o evdə saxlayan nə sevgi idi, nə “bəlkə”. Sadəcə qorxu idi. O, doğma balasının canı ilə təhdid olunduğu evdə, ya ölməli idi, ya da bir yol tapıb qaçmalıydı. Qəmər o yolu da, cəsarəti də özündə tapıb yenidən sığınacağa gəlib. İndi tək arzusu 4 yaşlı balasına qovuşmaqdır. Övladının o cani ruhlu atanın yanında qalmasına dözə bilmir:
-Hər gecə ağlayıram. Onun paltarından qoxusunu alıram. Mən onu heç vaxt tək qoymamışam. İndi düz bir aydır balamı qucağıma ala bilmirəm. Mənim o uşaqdan başqa heç kimim yoxdur bu həyatda. O mənim taleyimi yaşamsın. Bunun üçün əlimdən gələni edəcəm.
Qəmərin 23 illik həyatında yaşadığı həyat təcrübəsi olduqca ağırdır. Bundan sonrakı həyatında başqa bir kişiyə yer vermək istəmir, istəyəcək kimi də görünmür.
Qəmərlə eyni, hətta ondan daha dəhşətli taleyi olan yüzlərlə qadın var Azərbaycanda. Ailələri tərəfindən sahib çıxılmayan, ər evində məhvə tərk edilən, mentalitet qurbanı olan yüzlərlə gənc qadın… Onların taleyini başdan yazmaq mümkün deyil bəlkə də. Amma dəyişmək mümkündür. Mehriban Zeynalova bu sığınacağı yaradarkən məhz bu düşüncə ilə yola çıxıb. Buna inanıb və inandırıb. Bu gün sözügedən qadın sığınacağından həyata atılan, yeni səhifə açan, öz ayaqları üzərində durmağı bacaran qadınlar da var.
Mehriban xanım deyir ki, sığınacağa müraciət edən qadınların heç də hamısı səhvsiz olmur:
“Biz onlarla söhbət edərkən, sığınacaqda qaldıqları günlər ərzində bəzi qadınların qarşı tərəfi şiddətə təhrik etdiklərinin də şahidi oluruq. Təbii ki, biz burda onları səhv etməyə sövq edən zəminlərə diqqət edirik və doğru istiqamətləndirməyə çalışırıq. Çox zaman bu çabamız müsbət nəticəsini verir. Bu günə qədər 100-ə yaxın ailəni barışdırmışıq. Çünki bəzi ailələrdəki problemlər həll olunmayacaq problemlər deyil”.
Müxtəlif həyat hekayələri ilə tanış oldum. Yaşadıqları travmaların təsirindən hələ çıxa bilməyən bəzi qadınlar yaşantılarının işıqlandırılmasını istəmədilər. Şiddət gördükləri müddətdə hisslərə bağlı yollardan davam etməyi də təcrübədən keçirib bu qadınlar. Davam edən zorakılığa sinə gərmək üçün dinə sarılanlar da olub, şiddətə dözmədikləri zaman qaçmağı seçənlər, intihara cəhd edənlər, qisas almaq hissinə qapılıb xəyanət edənlər də.
Ailədaxili şiddətə susmaq, dözmək, səbr etmək bütöv bir cəmiyyəti xaosa sürükləyə bilir. Çünki şiddət görən uşaqların gələcəkdə formalaşdırdığı cəmiyyətdə sevgi toxumları cücərmir. Siz də şiddətə susmayın, səbr etməyin. Bu dörd mərtəbəli bina sizin də taleyinizi dəyişə biləcəyinizə ümid işığı yandırır. Çünki ümid bir şeyləri dəyişə bilmə ehtimalımıza olan inancımızdır.
Günel Musa