Diktatorun sevgilisi olmaq
SSRİ Berlini darmadağın edib, atəşin gurultusundan qulaq tutulduğu məqamda iki sevgili piano və kamanın bomba səslərinə qarışan sədaları altında rəqs edirdilər. Çünki hücuma keçən Sovet ordusundan cəmi bir kilometr uzaqlıqda, yerin səkkiz metr dərinliyində yerləşən sığınacaqda toyları idi.
Gəlin həmişəki kimi ən bahalı libasını geyinib, əlinə keçən qızılları qoluna, boynuna taxıb, saçlarına gül düzüb, az qala sevincdən qanadlanaraq, dodağına yapışan təbəssümlə, ürəyi qulağında döyünürmüş kimi həyəcanla imza atacağı anı gözləyirdi. Bu an 11 illik narahatlıq, gərginlik, gözyaşı, yuxusuz gecələr və dərin kədərdən sonra gəlib çatmışdı. Gəlinin nişanlısı isə qapqara bulud kimi dolu və tutqun, son dərəcə fikirli görünən – neçə ildən bəri dünyanı lərzəyə gətirən, adını tarixə mürəkkəblə deyil, qanla heç vaxt silinməyəcək formada dərin yazdıran Hitler idi. Bir dönəm dünyanın kabusuna çevrilən, “Mən Almaniya ilə nigahlıyam, həyatımı onunla birləşdirmişəm, evlənə bilmərəm” deyib, ömrünün sonuna bir neçə saat qalmış Yeva Brauna ilə ailə quran və cəmi 40 saat evli qalan Adolf Hitler.
Yeritdiyi siyasət kimi eşq həyatı da öldürücü idi. Təkcə Hitlerin deyil, digər siyasi liderlərin də şəxsi həyatlarında qarmaqarışıqlıqdan ibarət maraqlı psixoloji portretləri vardı. Əslində, bəzi fərqlərə baxmayaraq, diktatorların qadınlara münasibətində ümumi oxşarlıqlar olub. Məsələn, onlar qadınlarıyla da eynilə xalqla davrandıqları kimi rəhmsiz davranırdılar. Təsadüfi deyil ki, onların qadınları tez-tez depressiyaya düşür, ciddi psixoloji gərginlik keçirir, hətta intihara əl atırdılar. Məsələn, Hitlerlə birlikdə onun Münxendəki evində yaşayan qohumu və eyni zamanda, sevgilisi Anjelika Raubal özünü güllələyir, Stalinin arvadı Nadejda Alliluyeva Kremldə özünü vurur. Hitlerin sevgilisi Yeva bir dəfə həblərlə, ikinci dəfə atasının silahı ilə intihara cəhd edir, hər ikisində də həyatda qalmağı bacarır. Əslində, Yevanın ilk intiharda məqsədi ölərək çəkdiyi eşq əzabını sonlandırmaq idi. Amma bu hadisədən sonra Hitlerin ona olan diqqəti və qayğısı ilə qarşılaşır. Aradan bir müddət keçir, fürerin başı yenə dünyaya və digər qadınlara qarışır. Öncəkindən fərqli olaraq bu dəfə Yeva onun diqqətini çəkmək üçün intihara əl atır və yenə bacarır. Əslində, bu, Hitlerin onu dəli kimi sevmək və ya itirmək qorxusundan qaynaqlanmırdı. Bu məsələdə də öz çıxarlarını hesablayırdı. Katibi siyasətin qaynar dönəmində və savaşın astanasındaykən belə bir intiharın baş verməsinin onun karyerasına ciddi zərbə vuracağını bildirmişdi. Çünki daha əvvəl onun üçün özünü öldürən Raubalı xalq unutmamışdı.
Gələk Yeva Brauna. Üçüncü Reyxin süqutuna qədər onun kimliyi heç kimə məlum deyildi. Hitler onu ağır cinayətin yeganə dəlili olan silah kimi gizli saxlayırdı. Çünki həyatını alman xalqına qurban verdiyini düşünən, özünü xalqın atası sayan bu diktator imicinin zədələnməsindən ehtiyatlanırdı.
Yeva Braun onun Oberzalsberq dağlarındakı iqamətgahında yaşayırdı. O, burada tək qaldığı günlərdə gözünün yaşını tökür, Hitler gələndən-gələnə sevincindən yerə-göyə sığmırdı. Gətirdiyi hədiyyələrlə ağrılarını, əzablarını unudurdu. Gündüzləri birlikdə keçirirdilər, amma gecələr heç vaxt eyni otaqda yatmırdılar, hər birinin ayrıca otağı vardı.
Yeva Braun nasist təbliğatından doğan qadın obrazına oxşamırdı. Sarışın, göy gözlü, gözəl bədən quruluşuna sahib bir qadın idi, bəzək-düzək, bahalı ətirlər, brend məhsullar üçün əldən-ayaqdan gedirdi, bunlarla hər kəsin dilinə düşmək, hər kəsin gündəmində olmaqdan ləzzət alırdı.
Fransadan və İtaliyadan bahalı paltarlar, ayaqqabılar sifariş edirdi, arada gizlin siqaret də çəkirdi. Çünki Hitlerin tütün qoxusuna dözümü yox idi və bunu ona qadağan etmişdi. Yevanın siyasətdən xoşu gəlmirdi, Hitlerin vəhşiliklərindən danışanları boşboğaz kimi qəbul edirdi. Qulağına çatan dəhşətli hadisələrin əsası olmadığını düşünürdü. Təbii ki, bütün bu çiy yanaşmanın səbəbi onun dərin qadın olmamağından qaynaqlanırdı. Üstəlik, bu dayazlıqla bərabər, ağlını, fikrini eşq məsələləri zəbt etdiyinə görə gözü öz dünyasından başqa heç nəyi görmürdü. Ən böyük arzusu Xanım Hitler olmaq idi. Bunu özü üçün bir amala, məqsədə çevirmişdi. Ona görə də, qanın su yerinə axması zərrə qədər də marağında deyildi. Hətta öz qanını belə axıtmaqdan çəkinməmişdi. Axşamlar fürerin yaxın ətrafı ilə oturub söhbətləşəndə, bəzən hərbi əməliyyatlar, tank birləşmələri, rezervlər və s. haqda söhbət edərkən, o, şıltaqlıqla müdaxilə edərdi: “Müharibə haqqında bu günlük kifayətdir!” və əgər Hitler yaxşı əhvalda olsaydı, hər kəsi film izləməyə dəvət edərdi.
Buna baxmayaraq, Yeva Braun həmişə sevgilisindən çəkinirdi. Çox yaxşı bilirdi ki, Hitler onu hər kəsin qarşısında amansızcasına ələ sala, incidə, hətta aşağılaya bilərdi.
Adətən Hitlerin iqamətgahında, prezidentlərin, nazirlərin, xarici diplomatların, generalların iştirakı ilə keçirilən ziyafətlərdə Yeva Brauna otağından çıxmaq qadağan edilirdi. O, bu şəkildə illərlə qana susamış diktatorun kölgəsində qalmışdı və evlənməyi ən çox buna görə istəyirdi. İşə bax ki, onun bu istəyi Hitlerin və min illik tarixi olan Üçüncü Reyxin sonu yaxınlaşanda gerçəkləşir. Yeva Braunla Hitler evliliklərindən qırx saat sonra birlikdə intihar edirlər.
Türkan Turan
qadinkimi