Sevil Süleymani: İranda qızını qətlə yetirən ata çox yüngül cəzayla qarşılaşa bilir
İranın Talış bölgəsində 14 yaşındakı Romina Əşrəfinin atası tərəfindən vəhşicəsinə qətlə yetirilməsi toplumda qəzəbli reaksiyalara yol açıb. Qadın və gender üzrə araşdırmaçı Sevil Süleymani Amerikanın Səsi ilə söhbətdə bu olayı və ümumiyyətlə namus cinayətlərini dəyərləndirib.
İran mətbuatında yazılanlara görə, Romina Əşrəfi ailəsinin evlənməsinə icazə vermədiyi üçün sevgilisi ilə qaçdıqdan bir neçə gün sonra polis qüvvələri tərəfindən saxlanılıb və ailəsinə təhvil verilib. Yeniyetmə qızın atası isə onu yuxuda oraqla qətlə yetirib.
Sevil Süleymani deyir ki, “qız ailəsinə təhvil verilmədən məhkəmədə deyib ki, məni öldürərlər və canım təhlükədədir. Amma görünür ki, kimsə onu dinləmir və nəhayətdə atasına təhvil verilir.”
O, həyatının təlükədə olduğunu bildirməsinə baxmayaraq, Romina Əşrəfini atasına təhvil verən hakim və polis qüvvələrinin də suçlu olduğunu vurğulayır.
Mədəni fəalın dediklərinə görə, “ilk dəfə deyil ki, belə bir cinayət baş verir. Amma təəssüflə bunlara illərdir səssiz qalınıb. Yəni qadın məsələləri, qadınlara qarşı cinayətlər o qədər mediada yer almayıb. İndi sosial media vasitəsilə bu xəbərlər daha artıq ortaya çıxır. Bir az da bu korona vaxtında insanlar evdə oturub xəbərlər ilə daha çox maraqlandıqları üçün bu xəbər belə yayıldı.”
Süleymani kişini qadının sahibi kimi təqdim edən zehniyyətin bu növ namus cinayətlərin əsas motivasiyası olduğunu ifadə edir:
“Atanın nə üçün bu cinayəyi etdiyi önəmlidir. O, buna namus adı verir. Bunu qeyrət və namus əsasında etdiyini deyir. Bu qeyrət və namus konsepti yəni nə? Bu oradan gəlir ki, o ata özünü qızının sahibi görür. Qızına öz mülkiyyətində olan əşya kimi baxır.”
Süleymani həmçinin İranda erkən yaşda evliliyin normal hala gəlməsinə diqqət çəkərək deyir ki, “bu olaya baxanda, uşaq evliliyinin bu qədər normallaşdığını görürük. Yəni bu oğlanla müsahibə edirlər, deyir ki, ‘qızı sevirdim. Aşıq idim. İki il idi bizim əlaqəmiz davam edirdi. Qız istədi ki, onunla evlənəm və atası vermədiyi üçün biz qaçmağa qərar verdik.’ Yəni, sanki burada bir uşaqdan söhbət getmir. Sanki yetkin bir insandan söhbət olunur ki, evliliyə hazırdır və heç bir basqı altında olmadan belə bir evliliyə can atırmış.
Mətbuatda yazılanlara görə, qatil daha əvvəl bir vəkillə danışaraq, İran qanunlarında öz övladını qətlə yetirən ataya verilən cəzanın ağır olmadığını öyrənib.
Sevil Süleymaninin dediklərinə görə, “İran qanunları belə cinayətlərə zəmin yaradır. İran qanunlarında, uşaq, qız atası və ya böyük dədəsi tərəfindən öldürülsə, ona qisas hökmü yoxdur və ‘diyə’ (şəriət qanunlarına görə hesablanan bir təzminat növü) ilə məsələ həll olunur. Bunun həbs cəzası da 3 illə 10 il arasındadır ki, hakim qərar verir nə qədər olsun. Çox güman ki, çox az cəza veriləcək. Çünki, çox vax, hakimlər özləri kişi olduğundan və atanın qeyrətinə dəyib, namusunu qoruyub deyərək çox az cəza çıxarırlar. Ona maksimum cəzanı vermirlər. Yəni qanun tamamilə atanın belə bir cinayət etməyə əlini açıq qoyur.”