Xoy zəlzələ bölgəsində ana və oğul çadırda qazdan zəhərlənərək ölüb
Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 29-dan bəri zəlzələdə zərər çəkənlərin çadırlarında təqribən 140 nəfər qazdan zəhərlənib. Agentliklər zəhərlənmə nəticəsində ən az iki nəfərin öldüyünü bildirib.
Yarı rəsmi Mehr agentliyinin xəbərinə görə, fevralın 4-də Xoyun qərbində yerləşən Perə (Firurəq) qəsəbəsində ana və oğlu dəm qazından zəhərlənmə əticəsində həyatlarını itirib.
“Şənəbə günü Perə sakini olan 80 yaşlı bir ana 55 yaşındakı oğlu ilə birlikdə çadırı isitmək üçün yandırılan kömürdən çıxan dəm qazı ilə nəfəs almaları nəticəsində həyatlarını itiriblər,“ fövqəladə hallar idarəsinin rəisi Fərzin Rzazadə açıqlayıb.
Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də gecə saatlarında baş verən 5.9 bal gücündə zəlzələ, İran agentliklərinə istinadən, ən azı 3 nəfərin ölümü, mindən artıq insanın yaralanması ilə nəticələnib. Zəlzələ bölgəsində 10 minlərlə insanın evsiz qaldığı bildirilir. Rəsmi xəbər agentlikləri təqribən 10 min evin xəsarət aldığını yazıblar.
Sosial şəbəkələr və xəbər agentliklərində yayımlanan görüntülər və rəsmilərin də təsdiq etdiyi məlumata görə, zəlzələ nəticəsində evsiz qalan çox sayda ailə soyuq qış mövsümündə müvəqqəti məskən və istilik cihazları ilə təmin olunmayıb. Evsiz qalanların bir çoxunun gecəni soyuq hava üçün uyğun olmayan çadırlarda keçirdiyi bildirilir.