Simin Səbri: Yeni nəsil bizim nəsil kimi itaətkar deyil, İslam Cümhuriyyətinin dar çərçivəsinə sığmır
Psixiatr və siyasi fəal Simin Səbri Amerikanın Səsi ilə söhbətdə İranda yüz gündən artıqdır davam etməkdə olan ümummilli etirazlarda gənclər və xüsusilə yeniyetmə qızların rolu haqqında danışıb.
Səbri İranda yeni nəsil uşaqların keçmiş nəsil kimi itaətkar bir nəsil olmadığını və İslam Respublikasının dar, ənənəvi və mühafizəkar çərçivəsinə sığmadıqlarını vurğulayır.
“İranda 40 ildir rejim çalışıb ki, uşaqları dini və ideoloji dərslərdən keçirsin. Çalışıb ki, öz gələcəyi üçün onlardan əsgərlər hazırlasın, öz gələcəyini bu nəsildə qaranti etsin, yəni bu uşaqları hakimiyyətə vəfalı bir nəsil kimi yetişdirsin. Amma, tamamən bunun əksi olub. Yeni hakimiyyətin qarşısında görünür,” siyasi fəal söyləyir.
Onun sözlərinə görə, “uşaqlar göstərdilər ki, bu hakimiyyətin məktəblərindən, müəllimlərindən ya məscidindən təlim almırlar. Bu uşaqlar mobil telefon əllərində dünyaya gəlir, internetlə tamamən təmasda olurlar.”
Simin Səbri İranda yeni nəslin keçmiş nəsil kimi itaətkar olmadığını ifadə edir:
“Bu nəsil bizim kimi deyil. Biz çox itaətkar bir nəsil idik. Bu uşaqlar çox üsyankar, özlərinə güvənən, özünə inamları yüksək olan uşaqlardır. Bunlar bu rejimin dar, ənənəvi və mühafizəkar çərçivəsinə sığmır… O qadağalara ki, biz riayət edirdik, indi bunu bu uşaqlardan heç bir şəkildə istəmək olmaz. Bu uşaqlar bilir ki, bundan daha yaxşı bir həyat var sərhədin o tərəfində və deyir ki, mən niyə o həyatı yaşamayım. Bu uşaqlar içində qızlar, gənc qızlar daha çox öndə gedirlər. Çünki, rejimin birinci hədəf aldığı qadınlar olub. Rejim əvvəl qadınları geyindirdi ki, göstərsin mənim öz vətəndaşımın üzərində kontrolum var, bunların yarısı mənim əmrimlə oturur, durur və geyinirlər.”
Səbri etirazlarda ölənlər və tutulanlar arasında gənc qadınlar və qızların sayının yüksək olduğuna diqqət çəkərək əlavə edir ki, “aiələlər əlbəttə ki, təəssüflənirlər. Narahat olurlar. Didərgin olurlar. Bu vəziyyət xüsusən ənənəvi ailələrdə çox pərişanlıq yaradır. Amma, modern və ayılmış ailələr bilir ki, bunlar hərəkatın ayrılmaz bir parçasıdır. Ailələr uşaqları çox çətin kontrol altında tuta bilirlər. Uşaqları zorla, qapı-bacanı bağlamaqla evdə saxlaya bilməzlər. Artıq uşaqlar qışqırır ki, biz bundan daha yaxşı bir yaşama layiqiq.”