Qadınlara qarşı zorakılığa YOX deyək
BMT Baş Assambleyası 25 noyabr gününü Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü elan edib. Bu tarix təsadüfən seçilməyib. Öz hüquqları uğrunda mübarizə aparan Dominikan qadınları 1960-cı ildə diktator Rafael Truxilyonun əmriylə vəhşicəsinə qətlə yetirilib.Bu gün 1999-cu ildən etibarən qeyd edilir. BMT, dünya dövlətləri və insan hüquqları təşkilatları hər kəsi qadınlara qarşı zorakılığa mübarizə aparmağa çağırır. Qadın hüquqları fəalları dünyada qadınların təhqir olunmasından döyülməsinə kimi zorakılıqları qadağan edən qanunların qəbul edilməsini tələb edir.
Zorakılığın 3 növü var:1.Fiziki zorakılıq2.Psixoloji zorakılıq3.Sosial zorakılıq Fiziki zorakılıq deyəndə adından da bəlli olduğu kimi, insanı döymək, cinsi təzyiq və s. fiziki güc hesabına edilən davranış nəzərdə tutlur.Psixoloji və ya mənəvi zorakılığa hədələmə, verbal təhqir, gözlə və jestlə təzyiq, şantaj, cinsi zorakılıq və s. aiddir. Biz zorakılıq deyəndə təkcə fiziki mənada başa düşsək də insana ən böyük travma verən və uzunmüddətli təsir, iz qoyan məhz psixoloji zorakılıqdır. Sözlə (verbal) təzyiq – vulqar və ya şəxsiyyəti alçaldıcı sözlərlə edilən təhqirdir. Söz var ki, kəsdirər başı, söz var ki, kəsər savaşı.
Doğrudan da sözün gücü böyükdür. Verbal təhqirə əqli və fiziki inkşafı əngəlləyən bütün sözlər daxildir. Gözlə təzyiq – deyəndə insanın öz aqressiyasını gözləri ilə göstərməsi nəzərdə tutulur. Əslində bu, doğru deyil. Çünki, insan öz aqressiyasını başqasının üzərinə tökməməlidir. Belə ki, hər bir insanın daxilində sevinc, nifrət hissi ilə yanaşı aqressiya hissi də var və bu aqressiya insanın özünə xasdır. Kənar qıcıqlandırıcılar olsa da, aqressiyamızın üzə çıxmasına şərait yaransa da insan fikirlərinə hakim olduğu kimi öz hisslərinə də hakim olmağı bacarmalıdır.
Valideynin uşağa göz ağartmağını adi bir hərəkət hesab etsək də əslində, qonaqlıqda və ya ictimaiyyət arasında baş verən bu reaksiya fikrimizi azad şəkildə ifadə etməyə mane olur və belə halların təkrarlanması həm cəmiyyət içində sözümüzü ifadə edə bilməməyə, həm də özümüzə olan inamı itirməyə və həmişə kimdənsə asılı olmağa gətirir.Jestlə təzyiq – buraya əl-qol hərəkətləri ilə göstərilən davranışlar daxildir.Sosial zorakılıq – bu növ şiddət də ölkəmizdə çox yayılıb. Adından da göründüyü kimi, bir insanı cəmiyyətdən kənar edərək sosial hüquqlarından məhrum etməkdir: Kişilər qadınlarını işləməyə qoymur və ya hər hansı bir yerə getməyə icazə vermir.Aqressivlik insanlara bilərəkdən xələl yetirmək cəhdidir.
Bu gün aqressiyanın hamı tərəfindən qəbul edilən izahı yoxdur. Çünki, hamı aqressiyanı öz psixikasına, öz şəxsi həyat təcrübəsinə görə izah edir. Delqadoya görə aqressiya dedikdə ədavətlilik, hücum, dağıdıcılıq aktları, yəni, digər insanlara və obyektlərə xələl gətirən, ziyan yetirən əməllər nəzərdə tutulur. Morrison aqressiyanı hökmranlığa meyil, Xorni və From isə insanı əhatə edən ədavətli reallığa şəxsiyyətin reaksiyası kimi izah edirdi.Zorakılığın kökündə də aqressiya durur. Zorakılıq da insanın aqressiyasının müəyyən şəraitdə və ya situasiyada mənfi reaksiya olaraq biruzə verilməsidir.Dünyanın heç bir regionunda, ölkəsində, mədəniyyətində qadın zorakılıqlardan azad deyil. Fəallar bildirir ki, qadınlara qarşı zorakılıq qadınların inkişafı üçün ən böyük maneələrdən biri olaraq onların əsas insan hüququnun pozulmasıdır.
Qadın zorakılığı ilə bağlı statistik göstəricilər də ürəkaçan deyil. Yer üzündə hər üç qadından biri ən yaxşı halda fiziki zorakılığa məruz qalır. Özü də ona doğma olan insanlar tərəfindən. Cinsi zorakılığa məruz qalan qadınların əksəriyyəti isə cəmiyyətdə yeni problemlərin yaradıcısına çevrilir.Son 50 ildə dünyada qadına münasibət müəyyən qədər dəyişsə də, problem demək olar ki, tam həllini tapmayıb. Planetin ayrı-ayrı nöqtələrində baş verən hərbi münaqişələr zamanı zorakılığa məruz qalanların sırasında qadınlar daha çoxdur. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində zorakılığa məruz qalan həmvətənlərimiz arasında qadınlar kifayət qədərdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 iyun 2008-ci ilə olan məlumatına görə, əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin 262 nəfəri qadın, o cümlədən 16 nəfəri azyaşlı qız və 156-sı yaşlı qadındır.Əsir, girovluqdan 343 nəfər qadın, o cümlədən 65 nəfər azyaşlı qız, 112 nəfər yaşlı qadın azad edilib. 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfəri qadındır. Həm münaqişə, həm də gündəlik həyatımızda fəaliyyətini mövcud problemlərin həllinə kömək üzərində quran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məhz bu məqsədlə yaradılıb. Reallaşdırılan layihələrdən biri də Azərbaycanda qadınlara qarşı zorakılığın azaldılmasına yönəlib. Dünyanın həm inkişaf etmiş, həm də yoxsul ölkələrində qadınların döyülməsi, alınıb-satılması, zorlanması və öldürülməsi halları baş verir. Bu insan hüquqları pozuntuları yalnız fərdlərə ziyan vurmur, bütün cəmiyyətin inkişafını, sülhü və təhlükəsizliyi sarsıdır.Qadınlara qarşı zorakılığa YOX deyək !!!
Yazar : Qadinkimi.com
Qadinkimi.com