Hüquq müdafiə qurumlarının yaydığı məlumatlara görə, İran İslam Respublikası avqust ayında təxminən 100 məhkumun ölüm cəzasını tətbiq edib. Avqustda yalnız Təbrizdə ən az 13 məhkum asılaraq edam edilib.
Siyasi fəal və psixiatr Simin Səbri Amerikanın Səsi ilə söhbətində edamların İran toplumunda dağıdıcı təsirlərini dəyərləndirib. Səbri, o cümlədən cəmiyyətdə zorakılığı normallaşdırmasında edamların rolunu vurğulayıb.
“Edamlar niyə zaman zaman artır, zaman zaman azalır və hətta bəzən çox qısa müddət olsa da dayanır? Məncə, bu rejimin içəridə və eşikdə böhranları ilə əlaqədardır. Ona görə ki, xüsusilə İsmail Həniyə olayından sonra, iqtidarını itirmiş və zəif düşmüş, hətta belə heysiyyəti sual altında olan bir rejimlə qarşı-qarşıyayıq… düşünürəm ki, rejim göz dağını millətə verir ki, millət heç bir şəkildə belə düşünməsin ki, xaricdə biabır olmuş bir rejim güya qüdrəqtini və hegemonluğunu hətta basqısı altında olduğu millətin gözündə də itirib. Rejim edamlarla bunu xatırlatmaq istəyir ki, o qüdrət hələ yerindədir,” Simin Səbri söyləyib.
İranda siyasi müxaliflərin qətl və qaçaqmalçılıq kimi cinayətlərdən təqsirli bilinən şəxslərlə birlikdə edam edildiyinə diqqət çəkən Simin Səbri, edam cəzasının toplumlarda qətl və qaçaqmalçlılıq kimi cinayətlərin azalması ilə nəticələnmədiyini ifadə edib:
“Dünyanın hər yerində müxtəlif formalarda tətbiq edilən ölüm hökmləri hər zaman güya bundan ötrü olub ki, cəmiyyətə ibrət olsun və belə işləri görənlər azalsın. Yəni, qatillər, oğrular və bu kimi ümumi cinayətlər. Əlbəttə, zaman zaman müxaliflər də bu cərgəyə daxil olunur. Amma, baxaq görək, bu həqiqətən də işə yaramışsa, əsrlər boyudur bu edamlar insan cəmiyyətində cinayəti azaldıbmı? Elə biz İranı götürək. Bu edamlar bəzən də ibrət olsun deyə meydanlarda ictimaiyyət qarşısında həyata keçirilir. Bunlar ibrət olubsa və başqa insanlar dərs alıbsa, niyə bu cinayətlərin sayı azalmayıb ki heç artıb da. Bir tərəfdən də bu edam olunanlardan daha çox onların arxalarında buraxdıqları ailə və xüsusən uşaqları var.”
Psixiatr hesab edir ki, edamların çoxalması toplumda zorakılıq və başqasının canına qəsd etməyi normallaşdıra bilir.
“Məncə insan ləyaqətinin və insan varlığının bu formada aşınması ümumiyyətlə şiddəti və başqasının canına qıymağı normallaşdırır… İndi bir əsrə yaxındır ki, bu ölkədə Pəhləvilərdən tutub bu rejimə qədər şiddət tətbiq olunmaqdadır və etiraf etməliyik ki, millətin böyük bir çoxluğunun insan haqları və insan ləyaqətinin qorunması kimi mövzuslarda dərin bilgiyə sahib deyil,” Simin Səbri əlavə edib.
https://www.amerikaninsesi.org/a/7761935.html