Günel Məmmədli ;İnsan varlığının həqiqiliyi, Autentlik (2)
Autentik insan azadlığı probleminə dair bu fəlsəfi elmi məqalələrimdə ilk öncə Kierkegaard, Nietzscshe, Heidegger, Sartre kimi ekzistensialist fikirləri inkişaf etdirən filosofların yaratdığı fəlsəfədən istifadə etməklə autentik mövcudluq imkanları araşdırılacaqdır. Sonra özünəməxsus bir həyat tərzi seçən insanın seçimlərində məntiqi bir zərurətin olub olmaması müzakirə ediləcəkdir. Beləliklə, bu fəlsəfi məqalələrimdə ictimai şüurun öz düşüncə tərzi ilə bağlı fərqli bir görüşə sahib olması hədəflənir.
Kierkegaardın İroniya Konsepsiyası
Kierkegaardın fəlsəfəsində istehza orijinal bir həyatın imkanlarından biri kimi qəbul edilir. İroniya anlayışı qədim yunan fəlsəfəsindən müasir fəlsəfəyə qədər fərqli mənalarda müzakirə olunmuşdur. Fəlsəfənin ilk mərhələlərində istehza ritorik sənətin bir parçası olaraq görülürdü. Sokratın istehzalı yanaşması fəlsəfədə ilk olaraq qəbul edilir. Sokrat istehzasını dialektik üsullarla gizli şəkildə həyata keçirmişdir. Onun istehza üsulu ciddi problemləri zarafatla müzakirə etməyi də əhatə edir. Platon Sokratın istehzasını özünün “Dövlət” əsərində danışıq hiyləsi olaraq xarakterizə edir. Aristotel, “Poetika” əsərində istehzanı söylənilməsi istənilən sözün əksinə söylənilməsi olaraq göstərilmişdir. Fransa İnqilabından sonrakı romantik dövrdə istehza sənətkarın sənət anlayışına əsaslanan bir yaradıcılıq kimi qiymətləndirildi. Kierkegaarda görə isə, şübhə olmadan əsl fəlsəfə mümkün olmadığı kimi ironiyasız orijinal bir həyat mümkün deyildir. İroniya Kierkegaardın oxucularını autentliyin izaholunmaz nümunələrini tətbiq etməyə həvəsləndirmək üçün istifadə etdiyi əsas vasitədir. . Bu səbəbdən “İroniya anlayışı” adlı tezisində ironik davranışın vacibliyini göstərərək ekzistensial potensialını izah etmişdir. Əsərin əsas hissəsində Sokratı yaşadığı dövrün üstünlük təşkil etdiyi əxlaqa zidd olan istehzalı bir insan kimi təsvir edir. Kierkegaard həmçinin bu əsərində özünü Sokratda canlandırdı. Özünü xristianlaşmış bir analoq kimi göstərən Kierkegaard insanlarda xristianlığın həqiqi olmadığını ironiya ilə göstərmək istədi. Kierkegaardın nəzərində, Sokrat tarixdə bir dönüş nöqtəsidir, çünki o, obyektivlik üzərində subyektivlik hüquqlarını ilk dəfə bəyan etmişdi. Sokrat fəlsəfəni ənənəvi obyektiv mənəviyyatdan fərdi sərbəst vicdana əsaslanan subyektiv əxlaqa keçirməyə çalışırdı: Sokratın dünyagörüşü özünü əhatə etməklə və mövcudluğu özünə münasibətdə həll edib məhv etməklə subyektivliyi əks etdirir. Beləliklə, Sokratın azadlığı ‘mənfi azadlıq’ (başqalarının səlahiyyətinə tabe olmayan azadlıq) adını qazanmışdır. Sokrat əvvəlcə istehzadan istifadə edərək dürüstlük və səmimiyyət etikasıyla qarşı qarşıya qalmışdır. Kierkegaarda görə Sokrat obyektivliyə qarşı üsyanın ilk qəhrəmanı idi. Sokrat ictimai və siyasi qurumlardan asılı olmayan autentik orjinal subyektiv mənliyin yolunu açmışdır. Sokratik model Kierkegaard-a göstərdi ki, istehzalı danışmaq orijinallığın əsas dayağı ola bilər. Kierkegaard ironiyanı “sonsuz mütləq mənfilik” kimi təsvir edir. İroniya məqsədi aşan ünsiyət şəklidir. İroniyanın mahiyəti mənfi və ya dağıdıcıdır. İstehzalı şəxsin gələcəkdə tətbiq ediləcəyi barədə dəqiq bir təsəvvürü yoxdur, lakin gələcəyi qurmaq və ya formalaşdırmaq məqsədi daşımır: İstehzalı şəxsin gələcəkdə nəyin keçərli olacağı barədə dəqiq bir təsəvvürü yoxdur, lakin gələcəyi qurmaq və ya formalaşdırmaq da məqsədi daşımır:
“İroniya heç nə etmir, qurmur; çünki qurulacaq şeyləri aşmışdır.. Teymurləng kimi hücum edən və keçdiyi yerlərdə daşı daş üstündə qoymayan ilahi bir dəlilikdir. Bu istehzadır. Hər tarixi mərhələ müəyyən dərəcədə belə bir formalaşma təmin etməlidir. ”
Beləcə Kierkegaardın İronisti zamanın fövqünə keçmiş və ona qarşı bir cəbhə açmışdır. İroni ilə yeni bir əxlaqa yönəlsək də biz hələ də dövrümüzün tənəzzülə uğramış əxlaqının dilində danışırıq. Bu, özümüzdən imtina etməyə imkan verir və həqiqiliyin yollarına işarə edir. İroniya özlüyündə yeni bir əxlaq qura bilməz ancaq etibarsız əxlaqı rədd etməklə yeni əxlaqın ortaya çıxmasına səbəb ola bilər. İroniya negativdir ancaq özlüyündə bir yoldur.
ardı var…