Ölkəni də, özünüzü də qurtarın,COVID-19
Azərbaycan Respublikasında,
İzləyirsən, baxırsan, məəttəl qalırsan. Fantast rus yazıçısı “virus-zad yoxdu” deyib, bizim mətbuat da bunu tirajlayır.
Almaniya kansleri vətəndaşlara tətbiq edilən sərt rejimin demokratik dəyərlərə uyğun olmadığını deyərək üzr istəyir, buna məcbur qaldıqlarını söyləyir.
Azərbaycan hökuməti insanlar panikaya düşər deyə aylarla susur, yumşaq davranır, gizlədir. Dünənəcən ölkəni qorxu ilə yönəltmirdiz? Qorxudun adamları, təcrübəniz var, yayın ölkədəki faktları, bunu etmək borcunuzdu.
İtalyanlar məsuliyyətsizliklərinin qurbanı oldular Hökumət bar-bar bağırırdı çölə çıxmayın deyə, italyanlar pik-niklərə gedirdi.
İranlılar isə hökumətin məsuliyyətsizliyinin qurbanı oldular. Rejim virusun yayıldığını bilirdi, seçki öncəsi idi deyə gizlətdi. Nəticədə minlərlə insan seçkilərdə iç-içə virusa yoluxdu. Hökumət virus var deyəndə gec idi, kimsə inanmırdı rejimə. Qarşısını ala bilmirlər hələ də.
Almanlar qayğısızlığın qurbanı oldular. Qüdrətli bir dövlətin vətəndaşı sorumluluq nə olduğunu bilmir. Onun yerinə hər işi dövlət edib həmişə. Ona “evdə qal” deyəndə gedib gəzə bilir. Çünki dövlətə “yox” demək komfortu olub həmişə. Bu dəfə keçmədi. Almaniya bütün gücünü virusla mübarizəyə verib. Dünyanın ən güclü 3 səhiyyə sistemindən biri bu ölkədədi. 2020-də büdcəsi 362 mld avro oldu. Amma bacarmırlar. Dünyanın ən ciddi alimlərini yığıblar bir laboratoriyaya. Dayanmadan çalışırlar, alınmır.
Makron bir çıxışında düz 5 dəfə “biz müharibə şəraitində yaşayırıq” dedi.
Fransada 29155 yoluxma, 1696 ölüm qeydə alınıb. Dünya üzrə COVID-19 milyona yaxın insanda, 110-dan çox ölkədə, Azərbaycan daxil aşkarlanıb.
Bizim çöldə-bacada şellənmək lüksümüz yoxdu. Bizə yaşamağı dövlət öyrətməyib. Bizim alimlərimiz acından ölür, həkimlərimiz ələ baxır. Biz bir-birimizin “hörmət” edə-edə bir-birimizi yaşatmışıq. Bizdə kütləvi yoluxma olsa, qurtula bilməyəcəyik. Bunu başa düşməliyik. Fond yaradılıb, heç kim ora yatırılan pulun virusla mübarizəyə, əhaliyə yardıma gedəcəyinə inanmır.
Mediamız Rusiyanın fantast bir yazarının “koronavirus yoxdu” cümləsini tirajladığı günün axşamı Putin yayına çıxıb xalqını ehtiyatlı olmağa, virusla mübarizəyə çağırır.
Adam mətbuatındakı prinsipsizliyin dibini görüb xəcalət çəkir.
2 ay siyasi ov haqda düşünməyin. Dövləti, ölkəni xilas edin. Özünüzü unudun. Onsuz da millət kütləvi virusa yoluxsa, xəstəxanalar dolub daşsa, işlər, bizneslər batsa, sizin də yeməyə, yönəltməyə heç nəyiniz qalmayacaq. Küsdürdüyünüz, uzaqlaşdırdığınız peşəkar iqtisadçıları, siyasətçiləri, alimləri, aydınları cəlb edin, vətən üçün birləşdirin, boş yerə, faydasız adamlara pul xərcləməyi dayandırın. İndidən var-gücünüzü, hətta var-yoxunuzu qoyun, ölkəni də, özünüzü də qurtarın.
Təcili Fövqəladə vəziyyət elan edin. İnsanlara real maddi yardım göstərin, kommunal, internet, ərzaq dəstəyindən başlayın, işdən kənarlaşdırıb vəsait, maaş, verin heç olmasa hələlik iki ay. Gerçək #evdəqal rejiminə keçin, GERÇƏK.
Real vəziyyət barədə açıq məlumat verin. Bunu indi etməsəz, sonrası böyük faciəyə gətirəcək. Yüz nəfəri xaricdən gətirib gündə 3 dəfə yemək verib karantində saxlamaq deyil bu. Keçirdiyiniz yarışlarda, tədbirlərdə yüzlərlə xaricini gətirib yedirib, içirib, cibinə pul basıb yola salmısız. Minlərlə insandan, vətəndaşdan, cavandan, ahıldan, ölkənin taleyindən söhbət gedir. Təxribat – məxribat söhbətləri ilə nə özünüzü, nə bizi oyalayın. Ən çəkindiyiniz İrandı, indi başı öz bəlasına batıb. Rusiyadı, eyni vəziyyətdədi. Ölkəmizlə məşğul olun, bu dövlətin gerçək gücünü gördük. Fond marafonu, karantində paxlava. Ok, çox gözəl. İndi peşəkarları, alternativ təşəbbüsü cəlb edin.
Oyun bitdi!
qadinkimi.com
Aysel Əlizadə