Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstanın Baş Naziri Viktor Orbanla birlikdə Türk Şurasının Budapeşt Ofisini ziyarət edib. Ofisdə Türk Şurasının Baş katibi Bağdad Amreyevin də iştirakı ilə üçtərəfli görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tərəflər görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparıb və münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həllinin əhəmiyyəti ilə bağlı mövqelərini bir daha təkrarlayıblar.
*****
Ermənistan-Azərbaycan münaqişəsinin daimi həlli və Ermənistan ordusu Azərbaycanın işğal altında olan ərazilərini tərk etməyənə qədər, atəşkəsin mənası yoxdur”.
APA-nın Türkiyə bürosunun “Anadolu” xəbər agentliyinə istinadla xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyinin diplomatik mənbələrindən alınan açıqlamada bildirilib ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında belə deyib.
Qeyd olunub ki, M.Çavuşoğlu, “bu gün atəşkəsə nail olunsa da, işğal olunmuş ərazilər təmizlənmədən münaqişə yenidən başlayacaq”, – deyə bildirib.
Qeyd edək ki, M.Cavuşoğu ilə S.Lavrovun Qarabağ mövzusunda telefon söhbətləri olub.
*****
1 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə həmçinin, iqtisadiyyat, humanitar, turizm, alternativ və bərpa olunan enerji kimi sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır nəticələri ilə bağlı məlumat verib və bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın davam edən işğalçılıq siyasətinin durduğunu vurğulayıb. Bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirən nazir, Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyini bildirib. Nazir bölgədə davamlı sülh və təhlükəsizliyinin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasının zəruri olduğunu bildirib və münaqişənin həllinin əsasını təşkil edən qərar və qətnamələr, o cümlədən BMT TŞ məlum qətnamələrinin tələblərini qeyd edib.
Səfir ölkələrimizin oxşar təhdidlər ilə üzləşdiyini qeyd edib və Mərakeşin Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bildirib.
Nazir Mərakeşin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Eyni zamanda, tərəflər görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
*****
Amerikada yaşayıb, fəaliyyət göstərən Nobel mükafatçısı, Karolina Universitetinin professoru, türk əsilli Aziz Sancardan Azərbaycana dəstək gəlib.
Aziz Sancar Tvitter səhifəsində haqq savaşında Azərbaycanın yanında olduğunu, sevgisini, dəstəyini ifadə edib. O, paylaşdığı videoya “Yanındayız Azerbaycan” sözlərini yazıb. Bu post 60 mindən çox bəyənmə alıb, 9 minədək izləyici tərəfindən paylaşılıb.
Qeyd edək ki, görkəmli alim 2015-ci ildə DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Ə.Sancar elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür.
“Düşmən alayının döyüş bayrağı ələ keçirilib”.
Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, döyüş bayrağını qoyub qaçan düşmənin iki yolu var: “Ya torpaqlarımızdan çıxıb getməlidir, ya da yerində məhv ediləcək. Qələbə bizimlədir!”