Günel Məmmədli ;İnsan varlığının həqiqiliyi, Autentlik (1)
Müasir dövrdə dünyanın ən böyük problemlərindən biri texnoloji inkişafın gətirəcəyi problemlərdir. Texnoloji məhsulların müxtəlifliyi, silah istehsalı, müharibələr vəs problemlərlə yanaşı media imformasiya istehsalının bolluğu nəticəsində dərin düşüncənin çərçivələnməsi insanın həqiqi mahiyyətindən uzaqlaşmasına səbəb olur. Bu nöqtədə ən uğurlu alternativ egzistensial düşüncə kontekstində görüşlər irəli sürərək ikinci dünya müharibəsindən sonrakı kimi insan azadlığı və onun əsl mahiyyəti məsələsinin yenidən gözdən keçirilməsidir. İnsanın əsl mahiyyətini, insan varlığının orjinallığını, həqiqiliyini göstərən anlayış fəlsəfədə autentlik adlanır.
Autentlik sözü yunan dilində “özü” və “eynisi” mənalarını daşıyan “autos” sözündən götürülmüşdür. Özü olmaq yəni, orijinal, əslinin eynisi olmaq deməkdir. Buna görə də, autentlik insanın özünə aid olan mənlik anlayışını əks etdirir. İnsanın əsl orijinal varlığını müzakirə etmək üçün ilk növbədə fəlsəfə tarixindəki insanın mövcudluğu və onun təbiəti haqqında fikirləri nəzərdən keçirmək lazımdır. Fəlsəfə tarixində insan varlığı ilə bağlı fəlsəfi görüşlər Şərq və Qərb modellərinə əsaslanır. Qərb fəlsəfəsində dini prinsip yaradıcı Tanrı ilə insan arasındakı müəyyən bir dualizmə dayanır. Şərq fəlsəfəsində insanda ölməz, bədənsiz başlanğıclara sahib olmaq fikri qəbul edilir yəni insandakı ilahi başlanğıc Tanrının özüdür. Şərqdə, insanın özünü ruhani bir şəkildə idarə etməsinə və ifadə etməsinə diqqət yetirilirdisə, Qərbdə isə daha çox insanın rasional parktiki fəaliyyəti ön planda idi. Məsələn, Vedalarda insan mənəviyyatının cisim və ehtiraslardan azad etməyin yolları təsvir olunurdu. Burada əsas məqsəd şəxsi ruhun ümümbəşəri prinsip olan Brahmana qovuşmağıdır. Qədim yunan fəlsəfəsində insanın cismi ruhun tabutu və həbsxanasındadır, yaşamaq niyyəti isə ruhun cismdən qurtulmasıdır.
İnsan həqiqi mahiyyətini həm Platonun həm də Aristotelin fəlsəfəsində rast gəlinsə də qədim yunan fəlsəfəsindəki metafizik ontologiyada varlığı idea, cövhər, tanrı kimi mənəvi varlıqlara istinadla açıqlayaraq insan varlığının rasional, ideal, metafizik sahədə qavranılmasına səbəb olmuşdur. Yunan fəlsəfəsində insana əsl qayıdış Sofistlərin və Sokratın fəlsəfəsində rast gəlinir. Sofistlərin məşhur nümayəndəsi Protagoras yazırdı: “İnsan bütün varolan şeylərin ölçüsüdür ki, onlar mövcuddur və varolmayan şeylərin ölçüsüdür ki, onlar mövcud deyil “. Sokratın “Sorgulanmamış həyatı yaşamağa dəyməz” və ya “Özünüzü tanıyın” ifadələri insanları autentik mənliyin və həyat tərzinin kəşvinə yönəldən anlayış kimi qiymətləndirilə bilər.
Qərb fəlsəfəsində insan mövzusu ilk dəfə geniş şəkildə klassik Alman fəlsəfəsində müzakirə olunmuşdur. Bu fəlsəfənin yaradıcısı İ. Kanta görə “İnsan nədir” sualı fəlsəfənin əsas problemidir. İnsanın özü isə dünyanın ən üstün varlığıdır. Kant insanı şəxsi fəaliyyətində azad görmək istəyirdi. Bu fəaliyyət mütləq zərurətə yəni insanın içindən gələn onun şəxsiyyət olaraq mükəmməliliyini ifadə edən şərtə istinad etməlidir. Kanta görə insan heçbir zaman hərhansı bir məqsədi həyata keçirmə yolunda vasitə olmamalıdır.
Hegelin insan təlimi tam rasionalizmə dayanırdı. O Dekart tərəfindən təməli qoyulmuş rasionalizmi daha da inkişaf etdirdi. Hegel insanın heyvandan əsas fərqini düşüncəyə sahib olmasında görürdü. Məhz bu xüsusiyyət insanın əsas mahiyyətini izah edir. Hegelə görə insan mənəvi fəaliyyətdə olan bir subyektdir. O ümumi xarakterə sahib ruhun və zəkanın daşıyıcısıdır. Hegelə görə insan yalnız özünün ümumiyə məxsus azad olduğunu anladığı zaman azad bir varlığa çevrilir. Onun fikrincə cəmiyyət içində üstünlük fərdə deyil, ictimai birliyə və kollektivə məxsusdur. Hegel insanın mahiyyəti haqqında ” Hüquq Fəlsəfəsi ” adlı əsərində belə yazırdı: ” İnsan təbiətin bir prosessidir. İnsan yalnız cismini və ruhunu inkişaf etdirərək öz həqiqi varlığına sahib ola bilər. ”
Müasir fəlsəfə isə insan varlığının mahiyyətini bilikdə və elmdə gördü. Birinci Və İkinci Dünya müharibəsinin dağıdıcı təsirini görən mütəfəkkirlər insan övladının necə bir varlıq olduğunu yeniden sorğulamaya başladılar. Bu səbəblə 20-ci əsrin ən böyük fəlsəfi cərayanlarından olana autentlik anlayışını rəsmi olaraq təmsil edən Ekzistensialist fəlsəfə dövrünün insan problemlərini müzakirə edərək ideal bir insanı deyil, böhrana düşən, dağıdıcı, qarşı çıxan öz azadlığını axtaran, öz prinsiplərini yaratmağa çalışan, ölümlü olduğunu anlayan həqiqi, konkret bir insanı müzakirə etməyə başladı. Ekzistensialistlərin fikrincə, varlığın mahiyyətini konkret bilikdə axtarmaq da düzgün deyil. Biliyin mütləqliyi ilə izah olunan varlıq biliyin obyekti kimi başa düşülür. Ekzistensialistlər insan varlığını qeyri-müəyyənlik, narahatlıq, darıxma, qorxu, qayğı, absurt kimi real həyat anları ilə izah etməyə çalışdılar. Bu zaman İnsan varlığını müxtəlif varlıq tərzləri ilə təhlil etməyə başladılar. Ekzistensialist mütəfəkkirlər fikrlərini yalnız klassik sistematik yöntəmlərlə deyil, həm də şeir, roman və pyes kimi sənət əsərləri ilə ifadə etmişdilər.
İnsanı diyər canlılardan fərqləndirən əsas əlaməti insanın fəailiyyətidir. O yaradıcı varlıqdır və müəyyən sosyal əlaqələr sistemində gerçəkləşir. Buna görədə ictimai sosyal əlaqələr inkişaf etdikcə insanın fəaliyyəti də inkişaf edir. Hər bir insanın inkişafında onun mövcud ictimai münasibətləri anlamaq dərəcəsi vacibdir. Ancaq insan sadəcə cəmiyyətin və ictimai əlaqələrin predmeti olaraq qalmır. O eyni zamanda özü özünün yaradıcısıdır. Buna görədə insan ictimai münasibətlərin həm subyekti həm də obyektidir.Ekzistensialistlərə görə ictimai münasibətlər və normalar saxta bir mənlik meydana gətirir və həqiqi mənliyin ortaya çıxması üçün mədəni kontekstlərin, ənənəvi həyat tərzlərinin və düşüncə tərzlərinin radikal bir şəkildə yenidən araşdırılması gərəkir.
Ekzistensialistlər insanın dogmatik inanclarrını parçalayacağına, kor-koranə qəbul etdiyi etik norma və ideologiyalardan imtina edəcəyinə ümid edirdilər. Ancaq ailələrimiz, məktəblərimiz və universitetlərimiz kimi müxtəlif qurumlar tərəfindən təmin edilməyə şərtləndilirmiş olan bu dəyərləri başqa müstəviyə daşısaq onların fövqünə keçərək özümüzün həqiqi mənliyinə yetişə bilərik. Həyatımız boyunca topladığımız gərəksiz biliklər və müxtəlif qurumlar tərəfindən təşviq edilən obyektiv faktorların ayrılmaz bir hissəsi olaraq görülən “normativlər” özü üçün mübarizə aparan insan varlığı sahəsinə tətbiq edilə bilməz. Bucür problemlər zəminində autentlik problemi ortaya çıxdı. Ekzistensialist filosoflar autentlikliyi öz fəlsəfi düşüncələrinə uyğun inşa edib və əsərlərinin əsas mövzusuna bağlı qururlar. Buna görə, hər bir filosofun autentliyi şərh etmə tərzi fərqlidir. Məsələn Danimarkalı filosof Kierkegaard əsərlərində əsasən kütlə və cəmiyyət arasında həqiqi mənini itirmiş fərdi araşdıraraq həqiqi autent mənliyi ilahi bir konteksdə müzakirə etmişdir. Kierkegaard fəlsəfəsinin əsas mövzularından biri subyektivliyin vacibliyidir. “Fəlsəfi Hissələr”və “Bilinməyən Qeydlər” əsərində bu ifadəni işlətmişdir: “Həqiqət subyektivlikdədir.” Kierkegaarda görə obyektiv həqiqətlər önəmlidir.Ancaq gerçəkliyin ikinci və daha önəmli ünsürü insan fərdinin bu gerçəkliklərlə əlaqlənməsidir. Bir fərdin davranışı əxlaqi etik baxımdan nə qədər vacib olsa da həqiqət obyektivlikdən çox subyektivlikdədir.
Ekzistensializmin dünyəvi qolunun filosoflarına görə, autent varlığa giriş öz özünü dərk edib realizə etməklə əlaqəlidir. İnsanın realizə edilməsi insan mövcudluğunun təsadüflüyü və dünyaya “atılması”ilə müəyyən edilir. Heideggerə görə insanın bu dünyaya atılmışlığı insanın hərhansı bir yaradıcı qüvvə tərəfindən yaradılmaması deməkdir. İnsan dünyayaya təsadüf nəticəsində gəlir . Sekulyar ekzistensializm nümayəndələri iddia edir ki, Tanrı yoxdur. Nə xristian əxlaqı, nə də hərhansı bir dünyəvi bir əxlaq insana necə davranacağını göstərə bilməz. Dünyada simvollar yoxdur. Nitsşeyə qədər filosofların bir çoxu dünyanı və tarixi olanı rasional və ədalət qaydası prinsipindən şərh edirdilər. Nitsşeyə görə isə mövcud olmağın müəyyən bir məqsədi yoxdur. Dünya tərtib olunmuş bir yer deyil, o xaoutikdir. Dünyanı xaos olaraq anlamaq Nitsşe fəlsəfəsinin ən vacib xüsusiyyətidir.
İnsan fəaliyyətdə başqalarıyla təmas halında olarkən özünü də formalaşdırır. O hər hansı bir ideal və dəyər seçərkən özünü şəxsiyyət kimi yaradır. Sartrın dediyi kimi: “İnsan özünü seçir”. Ancaq özünü seçməklə insan bütün insanları da seçir. Hər bir hərəkətimiz insanın əsl kimliyini təşkil edir. Özünü seçmək həm də seçdiyi dəyərləri yaratmaq deməkdir. Hər bir insan öz seçimini edir və onun üçün məqsəd və ya simvol əlaməti olmadığından, insan üçün hər şey elə qurulmuşdur ki, sanki bütün bəşəriyyətin gözləri ona yönəlir və hər kəs hərəkətlərinə uyğunlaşır. Ekzistensializm baxımından insanın özünü və digər insanların dünyasını və gələcək həyatını yaratmaq qabiliyyəti insan azadlığının nəticəsidir. İnsan azadlıq deməkdir. Azadlıq məsələsi ekzistensial fəlsəfənin əsas mövzusu olduğu halda, autentlik bu azadlığın ən prinsipial fəzilətidir. İnsan yalnız auetntik həqiqəti ilə öz azadlığını mənalandıra bilər… ardı var..